Vüqar Qədirov: “Proseslər Ermənistanı yenidən meydanlara doğru aparır”
Ermənistanın daxili siyasəti iflic vəziyyətdədir. Baş nazir Nikol Paşinyanın 17 avqust mitinqi zamanı bəyanatlarından sonra ölkə daxilində ona qarşı siyasi qruplaşmalar yaranmağa başlayıb.
Məlum olduğu kimi, parlamentin spikeri Ara Babloyan Nikol Paşinyanın 17 avqustda mitinqdə konstitusiya dəyişiklikləri layihəsinin təqdim edilməsi və referendumla bağlı bəyanatlarının onda narahatlıq yaratdığını bildirib. Həmçinin, vəziyyəti müzakirə etmək üçün baş nazir, prezident, Ali Məhkəmə Şurasının rəhbəri, insan hüquqları müdafiəçiləri və beynəlxalq diplomatlarla bir sıra görüşlər başlatdığını ifadə edib. Qeyd edək ki, Paşinyan quldur dəstənin parlamentdən də tam uzaqlaşdırılmasından sonra ölkədə stabillik əldə oluna biləcəyini bildirib. Paşinyan quldur dəstə deyəndə Respublikaçılar Partiyasının parlamentdə təmsil olunan nümayəndələrini nəzərdə tutub. Xatırladaq ki, parlamentin sədri Paşinyanın konstitusiyanı dəyişmək kimi planlarına mane olacağını bildirib. Bu səbədən də Paşinyan parlamentin sədri ilə görüşüb məsələni müzakirə edəcəyini bildirib. Nəzərdə tutulan görüş Ermənistanı böhrandan çıxara bilərmi?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, Paşinyan bu addımı məcbur qaldıqdan sonra atır: “Təsadüf nəticəsində hakimiyyətə gələn Paşinyanın sonrakı planları alınmadı. O hələ də mütləq hakimiyyəti əlində cəmləyə bilmir. Çünki ondan əvvəl ölkənin konstitusion quruluşu dəyişib. Ölkənin taleyinin həll edildiyi yeganə yer parlamentdir. Baş naziri də onlar seçirlər, prezidenti də. İndi isə Paşinyan növbədənkənar seçkilər keçirib parlamentdə çoxluq qazanmaq istəyir. Bunun üçün isə ölkənin mövcud ana qanunu onu risq qarşısında qoyur. Çünki konstitusiyada dəyişikliklər etmək üçün o, Ermənistan Respublikaçılar Partiyasına müraciət etməyə məcburdur. Ermənistan konstitusiyasının 92-ci və 151-ci maddələrinə əsasən, müvafiq referendumun keçirilməsi ilə bağlı qərar parlament tərəfindən qəbul edilə bilər. Amma bunun üçün zəruri səsin ən azı 2/3-si, yəni 70 millət vəkilinin səsi lazımdır. Hazırda 105 deputatın 50-si hələ də Respublikaçılar Partiyasının üzvüdür, 8 millət vəkilinin isə bu partiyadan ayrılmasına baxmayaraq, onları Paşinyan komandasının üzvü kimi müəyyən etmək çətindir. O çalışır ki, indiki parlament konstitusiyada dəyişiklik etsin və mövcud parlamentin özünü buraxmaq səlahiyyətini konstitusiyaya daxil etsin. Yalnız bu halda Paşinyan həm baş nazir postunda qala, həm də eyni vaxtda növbədənkənar parlament seçkisi keçirə bilər. Buna isə parlamentdə olan çoxluğu təmsil edən spiker kəskin etirazını bildirdi. Hesab edirəm ki, baş nazirlə spikerin görüşü bu ziddiyyəti həll etmək gücündə olmayacaq. Proseslər Ermənistanı yenidən meydanlara doğru aparır”.
Məhəmmədəli QƏRİBLİ