Ermənistanda hadisələrin gedişi bu ölkədə ictimai-siyasi müstəvidə ziddiyyət və qarşıdurmaların daha da kəskinləşəcəyini göstərir. Buna əsas səbəb "Qarabağ klanı"nın "İrəvan klanı"na qarşı hərəkətə keçmək üçün səfərbər olması, sabiq prezident Robert Köçəryan ətrafında qüvvələrini cəmləşdirməsidir.
Bundan ehtiyat edən Nikol Paşinyan iqtidarı Robert Köçəryanı azadlığa buraxmaqda səhv etdiyini anlayaraq onu yenidən azadlıqdan məhrum etməyi düşünür. Elə bu səbəbdən artıq Ermənistan Baş Prokurorluğu Köçəryanın həbsdən azad olunması ilə bağlı Apelyasiya Məhkəməsinin çıxardığı qərardan Kassasiya Məhkəməsinə şikayət verib. Ermənistan baş prokurorunun məsləhətçisi Qor Abraamyanın sözlərinə görə, Baş Prokurorluğun kassasiya şikayəti təmin edilərsə, Köçəryan yenidən həbs olunacaq. Xatırladaq ki, Köçəryana qarşı 2008-ci il martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham irəli sürülüb. İttihamla əlaqədar sabiq prezident iyulun 28-də həbs edilmişdi. Lakin avqustun 13-də Apeyasiya Məhkəməsi keçmiş prezidentin toxunulmazlığını əsas tutaraq, onunla bağlı İrəvan şəhər məhkəməsinin çıxardığı 2 aylıq həbs qətimkan qərarını ləğv edib. Bu isə Paşinyan hakimiyyətini narazı salıb və Köçəryanın həbsi üçün yenidən hərəkətə keçilib. Ermənistanın "Joxovurd" qəzeti yazır ki, həbsdən qaçmaq üçün Köçəryanın ölkəni tərk etməsi mümkündür. Qəzet vurğulayır ki, bu fonda Köçəryana qarşı heç bir məhdudiyyət tədbirləri görülməyib. Bildirilir ki, sabiq prezident faktiki olaraq öz hərəkətlərində azaddır. Xüsusi İstintaq Xidmətinin rəhbəri Sasun Xaçatryan isə bununla bağlı açıqlama verərək bildirib ki, Köçəryan ölkəni tərk etməyə çalışsa, bu, istintaqın aparılmasına mane olmaq, məhkəmə iclasını aparan qurumdan gizlənmək cəhdi kimi qiymətləndiriləcək və həbs qətiimkan tədbirindən istifadə ediləcək. Qəzet eks-prezidentin ofisi ilə əlaqə saxlayaraq, onun ölkəni tərk etmək niyyətində olub-olmadığını öyrənməyə çalışıb. Keçmiş prezidentin vəkili Norayr Norikyan isə bəyan edib ki, Köçəryan öz hərəkətlərində azaddır və İrəvanı tərk edərək Xankəndinə getdiyi kimi Londona da gedə bilər. Amma görünən odur ki, hakimiyyət buna imkan verməyəcək. Artıq 2008-ci il 1 mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Köçəryanın villası və “Erebunu” mehmanxanasında yerləşən ofisində hüquq-mühafizə orqanları tərəfindən axtarış həyata keçirilib. Köçəryan isə Paşinyan iqtidarına qarşı hərəkətə keçməkdə israrlıdır və bir sıra üstünlüklərə də malikdir. Hesab edilir ki, o, Paşinyanın parlamentdəki mövqeyinin zəifliyindən istifadə etməyə çalışacaq. Bu xüsusda diqqət ona yönəldilir ki, Respublika Partiyası və "Daşnaksütyun" partiyası 105 yerlik parlamentdə 57 səsə malikdir. Bu iki partiya qeyri-rəsmi Köçəryanı dəstəkləyir. Belə vəziyyət isə Baş nazirə qarşı impiçment prosedurunu başlatmağa imkan verir. İkinci amil Paşinyana qarşı olan Köçəryanın kifayət qədər maliyyə və media resursuna malik olmasıdır. Paşinyanın hakimiyyətdə olmasına baxmayaraq, administrativ resurs hələ onun xeyrinə deyil. Köçəryan üçün üçüncü amil Rusiyadır. Köçəryan Paşinyanın Rusiya siyasətini sərt tənqid edir. Məsələn, o, Paşinyanın “Rusiya Ermənistandakı yeni şərtlərə adaptasiya olunmalıdır” sözlərini kəskin tənqid edərək, Rusiyaya xoş gəlsin deyə, belə bir ifadə işlədib: “Rusiya o ölkə deyil ki, Ermənistanın baş nazirinin istəyi ilə nəyəsə adaptasiya olunsun”. Hesab olunur ki, Köçəryan Moskvadan Paşinyana qarşı istədiyi dəstəyi alacaq və bu hal Paşinyanın problemlərini artıracaq.
Ümumiyyətlə, Rusiya amilindən, Köçəryan da daxil olmaqla, Respublika Partiyası Paşinyana qarşı daha çox istifadə etməyə cəhd göstərir. Partiyanın mətbuat katibi, parlamentin vitse-spikeri Eduard Şarmazanov bu fonda Paşinyan hökumətini “tostlar” səviyyəsində beynəlxalq əlaqələr qurmaqda, boşboğazlıqda və ölkəyə yeni təhdidlər cəlb etməkdə günahlandırır. Onun sözlərinə görə, Nikol Paşinyanın 17 avqustdakı 100 günlük hesabat mitinqində dediyi kimi, Respublika Partiyası heç də Rusiya-Ermənistan münasibətlərinin gələcəyindən yox, bu münasibətlərin pisləşməsindən narahatdır. Və İrəvanın Moskva ilə münasibətlərinin əvvəlkitək olmamasında bilavasitə Paşinyan məsuliyyət daşıyır. Çünki Şarmazanovun fikrincə, Rusiya xarici işlər naziri Sergey Lavrovun dedikləri heç də sadə çağırış yox, İrəvana xəbərdarlıqdır: “Ermənistanla Rusiyanın gələcək münasibətləri üçün narahatlığa əsas var. Fikrimcə, Paşinyan bizdən daha çox narahatdır, çünki bir səhvin ardınca digərini təkrarlayır. Yeni hökumət Rusiya ilə münasibətlərini “tostlar” səviyyəsində qurur. Lakin beynəlxalq münasibətlər tost söyləməklə qurulmur. Necə deyərlər, siyasətdə başlıca məsələ boşboğazlıq yox, effektivlikdir. O da ki, yeni hökumətdə yoxdur. Paşinyan nə istəyir bəyan edə bilər. Putinlə görüşlərdən və telefon danışığından da bəhs edə bilər, amma əsas olan bu deyil. Əsas nəticədir. Bizim üçün nəticə isə Rusiya Xarici İşlər Nazirliyi və onun rəhbəriSergey Lavrovun Ermənistanın yeni hakimiyyətinin yürütdüyü siyasəti qiymətləndirməsi və sərt tənqididir”. Parlamentin vitse-spikeri onu da bildirib ki, Paşinyan öz gələcəyindən və vəzifədən getməkdən qorxduğuna görə şantaj və populizm yeni hökumətin əsas silahına çevrilib. Şarmazanovun sözlərinə görə, baş nazirin növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı konstitusiyaya dəyişiklik etmək istəyi də bununla əlaqədardır: “Və gülməlisi odur ki, Paşinyan bunu heç gizlətmir də və mitinqdə əleyhdarlarından qorxduğunu açıq şəkildə nümayiş etdirib. Bu isə o deməkdir ki, Paşinyan üçün hazırkı mürəkkəb geosiyasi vəziyyətdə Ermənistanın gələcəyi və sabitliyi yox, baş nazir postunda möhkəmlənmək daha vacibdir”.
Nahid SALAYEV