Elşən Mustafayev: “Ermənistanda vəziyyət gərgin fazaya qədəm qoyacaq”
Ermənistan parlamentinin sədri Ara Babloyan baş nazir Nikol Paşinyanın avqustun 17-də keçirdiyi mitinqdəki çıxışını kəskin tənqid atəşinə tutub və bildirib ki, mövcud vəziyyətdən ciddi narahatlıq keçirir:
“İnanıram ki, xalqın səsi eşidilməlidir, lakin bununla yanaşı, biz qəti şəkildə konstitusiya və qanunlarla hərəkət etməliyik, eyni zamanda, Ermənistan Respublikası üzərində öhdəmizə götürdüklərimizə əməl etməliyik. Təəssüflə bildirirəm ki, ölkədəki vəziyyətdən ciddi narahatam. Ölkənin normal ictimai-siyasi həyatı, konstitusion hüquqlar, dövlət orqanları və vətəndaş həmrəyliyi təhlükə altındadır, cəmiyyətin inqilabçılara və əksinqilabçılara parçalanması, dözümsüzlük tendensiyası açıq-aşkar görünməkdədir. Bu narahatlıq xüsusilə baş nazir Paşinyanın çıxışından sonra daha da artıb”.
Ermənistan parlamentinin sədri qarşı tərəfin fikirlərini sitat gətirib və həmin fikirlərin doğru olmadığını deyib: “Paşinyan deyir ki, “mən hər kəsə söz deməmişdən öncə fikirləşməyi məsləhət görürəm”. Bu, azad sözə məhdudiyyət qoymaqdır. Siz, əslində, danışmamışdan öncə düşünməyi öyrənməlisiniz. Məhz bundan sonra azad ifadə etmək hüququnuz üzərində fikirləşməlisiniz. Etiraf edim ki, baş nazir Paşinyandan təhdid xarakterli bu cür ifadələri eşitmək mənim üçün gözlənilməz oldu”.
Erməni spiker Paşinyan tərəfindən “Keçici ədalət” tezisinin irəli sürülməsinə də münasibətini bildirib və qeyd edib ki, belə fikirlər hüquqi çərçivəyə sığmır və qanunlara əksdir. Belə ki, parlament vasitəsilə konstitusiyada dəyişikliklərin edilməsi məsələsi hüquqi dövlətə qarşı basqı və təhdiddir.
“Bu, mənim üçün xüsusilə aydın deyil və parlamentdə bənzər müzakirələrin aparılması, qərarların qəbul edilməsi sona çatmayıb”, - deyən Ara Babloyan bildirib ki, qeyd edilənlərlə bağlı o, Ermənistan prezidenti, baş nazirlə, hüquq müdafiəçiləri, yuxarı məhkəmə şurası və beynəlxalq diplomatik missiyalarla görüşməyi planlaşdırır.
Qeyd edək ki, Paşinyan öz postunu qorumaq üçün yeganə çıxış yolunu konstitusiyanın dəyişməsində görür. Çünki mövcud qanunvericiliyin tələbləri ilə o, oyundankənar vəziyyətdə qalmaqdan ehtiyat edir. Parlamentin sədrinin açıqlamasından isə görünür ki, onlar Paşinyanın çaldığı havanı oynamağa meylli deyillər. Belə olan təqdirdə Ermənistanı nə gözləyir?
Politoloq Elşən Mustafayev qəzetimizə bildirdi ki, artıq Ermənistanda əksinqilab küləkləri əsməyə başlayıb: “Xalqın etirazı fonunda tələm-tələsik hakimiyyəti ələ keçirən Paşinyan indi anlayıb ki, defakto mütləq hakimiyyətə malik olsa da, deyure devirdiyi klandan asılı vəziyyətdədir: “Amma devrilmiş hakimiyyət yavaş-yavaş özünə gəlməyə başlayır. Bunu biz Köçəryanın dərhal həbsdən azad olunması və həmin hadisədən sonra Paşinyana sərt meydan oxumasından da gördük. Ardınca parlament sədrinin bu sərt dirənişi Paşinyanın vəziyyətinin ağır olacağından xəbər verir. Paşinyan iqtidarda olsa da, onun hakimiyyəti hələ legitimləşməyib. Bunun üçün Ermənistanda növbədənkənar parlament seçkilərinin keçirilməsi labüddür. Ermənistan parlamentində çoxluq hələ də eks-prezident Serj Sarkisyanın partiyasına məxsusdur. Paşinyanın partiyası Ermənistan parlamentində cəmi yeddi deputatla təmsil olunur. O, parlamentdə çoxluq qazanıb yeni hökumət formalaşdırmalıdır. Ancaq Paşinyan qorxur ki, istefaya getsə, parlament yenidən özünü buraxma ilə bağlı qərar verməyə bilər. Yəni parlament çoxluğuna malik olan Sarkisyanın partiyası seçkilərə getməkdən imtina edib, yeni bir baş nazir seçməklə Paşinyanın küçədən hakimiyyətə gəlməsinin sonunu gətirə bilər. Ona görə də Paşinyan hökumətin erkən seçkinin sonuna qədər hakimiyyətdə qalmasını istəyir”.
Ekspertin sözlərinə görə, Paşinyanın yeganə çıxış yolu yenidən xalqa çağırış etmək olacaq: “Kütləvi aksiyaları bərpa etməklə o, vəziyyəti öz xeyrinə dəyişməyə çalışacaq. Devrilən hakimiyyət də buna seyrçi qalmayacaq. Bütün bunlar onu deməyə əsas verir ki, Ermənistanda vəziyyət gərgin fazaya qədəm qoyacaq”.
Əslində, vəziyyət Ermənistanda iki yox, üçhakimiyyətliliyi xatırladır. Meydanlar kütlənin (əgər buna xalq demək mümkünsə), hökumət Paşinyanın, parlament isə spiker Babloyanın əlindədir.
Məhəmmədəli QƏRİBLİ