Məhəmməd Əsədullazadə: “Bu əməkdaşlıq imkan verəcək ki, oradakı soydaşlarımız əlaqələrini daha da inkişaf etdirsinlər”
“Rusiya və Azərbaycan regionları arasında əməkdaşlığa təkan vermək məqsədilə Gəncədə regionlararası əməkdaşlıq üzrə forum keçiriləcək”. Bu fikri Rusiyanın Azərbaycandakı yeni səfiri Mixail Boçarnikov jurnalistlərlə görüşündə səsləndirib. Səfir Rusiya-Azərbaycan münasibətlərinə dair məsələlərə toxunub.
Səfir multikulturalizm və tolerantlıq kimi dəyərlərin Azərbaycanın beynəlxalq arenada qazandığı nüfuzunu və hörmətini daha da artırdığını bildirib. Media təmsilçilərinin suallarını cavablandıran diplomat Rusiya-Azərbaycan münasibətlərinin möhkəmlənməsi üçün atılacaq addımlardan danışıb. O ilk növbədə Azərbaycan və Rusiya dövlət başçılarının əlaqələri vasitəsilə 2 ölkə arasında siyasi münasibətlərin daha da möhkəmlənməsini, diqqətin iqtisadi əlaqələrin güclənməsinə yönəldilməklə, bu əlaqələrin sistemliyinin təmin edilməsini, humanitar əlaqələrin genişləndirilməsini vacib sayıb: “Əlaqələri daha da zənginləşdirmək, Rusiya və Azərbaycan regionları arasında əməkdaşlığa təkan vermək məqsədilə Gəncədə regionlararası əməkdaşlıq üzrə forum keçiriləcək. Bundan başqa, hökumətlərarası komissiyanın növbəti iclası da bu istiqamətdə atılacaq növbəti addım olacaq”.
Səfir humanitar əlaqələrin də genişləndirilməsinin vacibliyini qeyd edib. Bu istiqamətdə mövcud olan formatlardan danışıb. Diplomat, həmçinin, “yol xəritələri” arasında humanitar əməkdaşlıq üzrə “yol xəritəsi”nin mövcud olduğunu diqqətə çatdırıb.
Son illər iki ölkə arasında münasibətlər daha da inkişaf edir. Bu, müxtəlif sferalarda - siyasi, iqtisadi, mədəni, humanitar sferalarda özünü göstərir. Bu baxımdan iki ölkə arasında əməkdaşlığa təkan vermək məqsədilə Gəncədə keçiriləcək forumun əhəmiyyətini ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Rusiya ilə Azərbaycan qonşu ölkələrdir. İkitərəfli iqtisadi münasibətlər, xüsusilə regionlararası iqtisadi əlaqələr iki ölkənin maraqlarına cavab verir. Qeyd edim ki, Rusiya böyük bazardır, ölkəmiz istehsal etdiyi məhsulların bir hissəsini bu ölkyə ixrac edir. Azərbaycan Rusiya ilə daim dostluq və qarşılıqlı əməkdaşlıqda maraqlıdır. Rusiya səfirinin Gəncədə əməkdaşlıq forumunun keçirilməsi barədə qeydləri sanksiya girdabında olan bu ölkə üçün önəmlidir. Qərbin sanksiyalrına məruz qalan Rusiyanın Azərbaycanı iqtisadi tərəfdaş kimi görməsi, hesab edirəm ki, iki ölkə arasında əlaqələrə töhfə verəcək. Təəssüf ki, Rusiyada olan müəyyən qurumlar Azərbaycanla siyasi-iqtisadi əlaqələrin qurulmasına qarşı çıxır. Azərbaycanla Rusiya arasında hazırda iqtisadi, hərbi, texniki əməkdaşlıqla bağlı problem yoxdur və hər il artan templə davam edir. Bu gün Rusiyanın regionlarında azərbaycanlılar çalışır. Birgə əməkdaşlıq imkan verəcək ki, oradakı soydaşlarımız əlaqələrini daha da inkişaf etdirsinlər. Göründüyü kimi, Rusiyanın ölkəmizdə səfiri çalışır ki, ölkəsi ilə Azərbaycan arasında bütün spektrlərdə əlaqələri inkişaf etdirsin. Azərbaycanla Rusiyanın regionlarının iqtisadi əməkdaşlığı ilk növbədə Gəncə regionu üçün əlavə iqtisadi perspektivlər vəd edir”.
Vidadi ORDAHALLI