Qulu İsmayılov: “İlk iclasın məhz bizim ölkədə keçirilməsi Azərbaycanın hansı dərəcədə böyük rola malik olduğunu bir daha nümayiş etdirdi”
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib ki, Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması çox mühüm tarixi hadisədir:
"Burada (Konvensiyanın imzalanmasında - red.) suveren müstəqil dövlətlər iştirak edirlər. Kiməsə hansısa resept məcburi qəbul etdirilməyib. Ölkələr öz maraqları əsasında sazişi imzalayıblar. Bu, böyük uğurdur. İndi Xəzər dənizində beynəlxalq hüquqi rejim mövcuddur və bu, mehriban qonşuluq əlaqələrini gücləndirir".
Xatırladaq ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İran prezidentlərinin görüşü keçirilib və yekunda Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb.
Rusiyalı səfir bildirib ki, Konvensiyanın normalarının həyata keçirilməsi üzrə işçi qrupunun ilk iclası payızda Azərbaycanda keçiriləcək.
Mühüm razılaşma ilə bağlı işçi qrupunun ilk iclasının Bakıda keçirilməsi nəyin əlaməti sayıla bilər?
Ekspert Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara - bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edir: “Bu miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil. Bu, əlbəttə, Azərbaycanın qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Eyni zamanda, belə tədbirlər ölkəmiz, dövlətimiz üçün müəyyən dividendlər gətirir. Bu mənada, həm siyasi, həm də iqtisadi qazancdan danışmaq olar. Xəzərlə bağlı imzalanan Konvensiyaya gəldikdə isə hər zaman vurğulanıb ki, ölkəmiz həmin istiqamətdə olduqca konstruktiv mövqe sərgiləyib. Bunu Aktaudakı çıxışı zamanı Prezident İlham Əliyevin özü də vurğuladı. Konvensiyadakı detalların həyata keçirilməsinə məsul olan işçi qrupun ilk iclasının məhz bizim ölkədə keçirilməsi Azərbaycanın hansı dərəcədə böyük rola malik olduğunu bur daha nümayiş etdirdi. Azərbaycanın belə tədbirlərin ən yüksək səviyyədə keçirilməsinə dair zəngin təcrübəsi var. Bu baxımdan da hesab edirəm ki, işçi qrupunun ilk iclası da məhsuldar olacaq və gözəl nəticələrə imza atacaq. Bunun üçün gözəl zəmin də var. Çünki 5 sahilyani ölkənin hamısı əldə olunan razılaşmadan məmnunluq ifadə edir”.
Məhəmmədəli QƏRİBLİ