Hatəm Cabbarlı: “Hər iki ölkə baş vermiş hadisədən ciddi nəticə çıxarmalı və diqqətli, soyuqqanlı münasibət ortaya qoymalıdır”
Türkiyə hökuməti ABŞ-ın Ankaradakı səfirliyinə silahlı hücum edən iki şübhəli şəxsi saxlayıb. Türkiyə mətbuatının verdiyi məlumata görə, həmin şəxslər silah və avtomobilləri ilə birlikdə saxlanıb.
Xatırladaq ki, ABŞ-ın Ankaradakı səfirliyi naməlum şəxslər tərəfindən atəşə tutulub. Səfirliyə ağ rəngli minik avtomobilindən 4-5 dəfə atəş açılıb. İnsident nəticəsində ölən və yaralanan olmayıb.
Ankara Valiliyindən bildirilib ki, hadisəni törədən 39 yaşlı Ahmet Çelikten və 38 yaşlı Osman Gündaş 06 BDP 502 dövlət nömrə nişanlı avtomobildə yaxalanıblar. Hər iki şəxs ilk ifadələrində əməllərini etiraf ediblər.
Məlumata görə, A.Çelikten həbsxanadan qaçdığı üçün axtarışda olub. O.Gündaşın da narkotik maddə istifadəsi, avtomobil oğurluğu, qəsdən yaralama kimi cinayətləri olub. Hazırda onların kimlərlə əlaqədə olduğu araşdırılır.
Bu hadisə ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi elmlər doktoru Hatəm Cabbarlı bildirdi ki, son iki həftədir Türkiyə ilə ABŞ arasında yaşanan ziddiyyətlər artan xətt üzrə inkişaf edir: “Türkiyə bir dövlət olaraq nə qədər səbrli davranmağa çalışsa da, təəssüf ki, biz ABŞ-dan adekvat hərəkətləri müşahidə etmirik. ABŞ diplomatik olmayan, normal xarici siyasət kursu ilə uzlaşmayan hərəkətlərini davam etdirir. Aydındır ki, Türkiyə ilə ABŞ arasında münasibətlərin pozulmasında maraqlı olan qüvvələr var. Bura xarici qüvvələrlə yanaşı, ölkələrin daxilindəki bəzi qrupları da aid edə bilərik. ABŞ-ın Türkiyədəki səfirliyinə olunan silahlı hücum iki ölkə arasında münasibətləri daha da pozmağa yönəlib. Bununla, yaşanan gərginliyi başqa müstəviyə keçirməyə çalışırlar. Bu baxımdan da hər iki ölkə baş vermiş hadisədən ciddi nəticə çıxarmalı və diqqətli, soyuqqanlı münasibət ortaya qoymalıdır. Əks təqdirdə biz heç də yaxşı olmayan proseslərə şahidlik edə bilərik. Böyük ehtimalla ABŞ bunun fərqindədir. Bütün hallarda, səfirliyə edilən hücum pislənməlidir. Artıq Türkiyə polisinin həmin şəxsləri həbs etdiyinə dair məlumatlar yayılıb. Bu faktın özü bir daha sübut edir ki, belə gərginliyin yaranmasından Türkiyə hökuməti daha çox narahatlıq keçirir”.
Məhəmmədəli QƏRİBLİ