Aqşin Əliyev: “Həmin rejim legitim olmadığı üçün, onların arasında siyasi mübarizə də belə küçə üsulları və vulqar ifadələrlə aparılır”
Dağlıq Qarabağdakı qondarma rejimin başçısı Bako Saakyan hakimiyyətə təzə gələndə yerli ermənilər Rusiya Federal Təhlükəsizlik Xidmətindəki agent karyerasına eyhamla ona "KQB tulası” ayaması vermişdilər. İndi B.Saakyanın yeni ayaması yaranıb.
Yerli müxalifətçilər onu "əski, cındır” adlandırırlar. Bu haqda "Lenta.ru” portalına müsahibəsində Dağlıq Qarabağdakı "Milli dirçəliş” müxalifət partiyasının fəalı Tiqran Qriqoryan danışıb. Qriqoryanın partiyası Xankəndidə B.Saakyanın kriminal-xunta rejiminə qarşı çıxan əsas siyasi qüvvədir, yerli "parlamentdə” cəmi 1 “deputat”la təmsil olunur. Bir müddət əvvəl Dağlıq Qarabağın “xüsusi xidmət əməkdaşları”nın iki yerli sakini döyməsinə etiraz olaraq başlayan nümayişlərdə bu partiya əsas təşkilatçı idi. Həmin etirazlara görə B.Saakyan “güc strukturlarının rəhbərləri”ni və "hökumət başçısını” dəyişməli oldu. İndi Qriqoryan deyir ki, onların məqsədi B.Saakyanı ümumiyyətlə hakimiyyətdən qovmaqdır.
Qarabağlı müxalifətçi deyir ki, 2017-ci ildə hakim elita "konstitusiya”nı öz məqsədləri üçün dəyişdi və B.Saakyanın şəxsi hakimiyyətinin ömrünü 2020-ci ilə qədər uzatdı. Onun 2030-cu ilə qədər yenidən iki dəfə "prezident” seçilməsinin yolu açıldı.
Onun sözlərinə görə, B.Saakyan "qanunsuz və qeyri-legitim prezidentdir”, hakimiyyəti qanunsuz ələ keçirmiş biridir. Saakyanı xalq seçməyib, "parlament” seçib. "Parlament” seçiləndə isə heç kim izah etməmişdi ki, "deputatlar” daha sonra "DQR prezidentini” də seçəcəklər.
"Və onun Dağlıq Qarabağa rəhbərlik edə bilməyəcəyini göstərən daha bir amil: B.Saakyan zəifdir. Mən sonuncu mitinqdə onu "əski” adlandırdım, ola bilsin bir az sərtdir və siyasi etikadan kənara çıxır. Lakin hesab edirəm ki, bunu demək lazım idi. Çünki B.Saakyan özünü 11 ildir məhz əski, cındır kimi aparır.
Səslənən ittihamların mahiyyətindən də aydın görünür ki, qondarma qurumun rəhbərinə qarşı radikal müxalifət formalaşıb və B.Saakyan onların qarşısında aciz durumdadır. Əks halda, onun ünvanına belə təhqirli ifadələr işlədilməzdi. Qondarma qurumun “siyasi sistemində” yaranan bu vəziyyət gələcək üçün nə vəd edir?
Ekspert Aqşin Əliyevin sözlərinə görə, B.Saakyana qarşı nümayiş olunan bu davranışın səbəbləri var: “Bilirsiniz ki, Ermənistanda hakimiyyətdən salınan klanın şərti adı “Qarabağ” olub. İstər Köçəryan, istərsə də Serj Sarkisyan həmin klanın təmsilçiləridirlər. Hazırda Ermənistanın daxilində Paşinyan hakimiyyətilə həmin klan arasında aramsız mübarizə gedir. Ancaq qondarma qurumdakı rəhbərlik hələ dəyişilməyib. Çünki Paşinyan hakimiyyətinin gücü buna tam yetməyib. Bunun başqa bir səbəbi isə Dağlıq Qarabağda qarşıdurmaya bir qədər meylli olmamalarıdır. Hesab edirlər ki, cəbhə bölgəsinə yaxın ərazilərdə belə risqlərə getmək olmaz. Buna görə də şərti adı “Qarabağ” olan həmin klanın təmsilçilərindən biri – B.Saakyanı da narahat etməyə başlayıblar ki, çamadanını indidən yığmış olsun. Dağlıq Qarabağdakı "Milli dirçəliş” müxalifət partiyasının fəalı Tiqran Qriqoryanın səsi nədənsə Paşinyan hakimiyyətə gələndən sonra çıxmağa başlayıb. Bilirsiniz ki, məhz həmin ərəfədə Xankəndidə yaranan bir insident səbəbindən orada Qriqoryan mitinqlər təşkil etdi və bunun nəticəsində “hüquq-mühafizə orqanlarının işçiləri” işlərindən azad olundular. İndi isə həmin şəxs Saakyanı ən kobud ifadələrlə təhqir edən müsahibə verir. Bütün bunlar prosesdə Ermənistandakı yeni hakimiyyətin barmağının olduğunu göstərir. Bu üsulla Paşinyan klanın son dayağını da ram etmək istəyir. Bizim üçün isə hadisələrin bu fonda cərəyan etməsi xeyirdir. Çünki həmin rejim legitim olmadığı üçün, onların arasında siyasi mübarizə də belə küçə üsulları və vulqar ifadələrlə aparılır. Bununla onlar B.Saakyanın vaxtından əvvəl istefasına nail olmaq istəyirlər”.
Məhəmmədəli QƏRİBLİ