Vüqar Qədirov: “Paşinyanın elan etdiyi konstitusiya böhranı Ermənistan üçün ciddi qarşıdurmalar və yeni sürprizlər vəd edir”
Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkiləri ərəfəsində hökumət başında qalmaq üçün Ermənistan konstitusiyasını dəyişmək istəyir və bunu ölkədə konstitusiya böhranının mövcudluğu ilə izah edir.
Bu barədə o, İrəvanda keçirilən mitinqdə bildirib: ”Ermənistanda növbədənkənar seçkilər keçirilməlidir. Qüvvədə olan konstitusiyaya görə, istefa verməliyəm. Parlament də buraxılmalı və növbədənkənar parlament seçkiləri keçirilməlidir... Belə vəziyyətdə bəzi qüvvələr düşünürlər ki, mən istefa verəndən sonra onlar gizlincə baş nazir seçəcəklər. Bu insanlar Ermənistanda nə baş verdiyini anlamırlar. Onlar bunu anlamadıqlarına görə də biz konstitusiyaya düzəlişlər edəcəyik. Konstitusiyaya düzəlişlərin məğzi bundan ibarət olacaq: növbədənkənar parlament seçkilərinin vəzifədə olan baş nazir istefa vermədən keçirilməsi mümkündür”.
Göründüyü kimi, Paşinyan, faktiki olaraq, özünə yarana biləcək təhlükədən sığortalanmaq üçün yeganə çıxış yolunu mövcud konstitusiyanın dəyişilməsində görür. Paşinyanın bu ideyası reallaşa bilərmi və o buna hansı üsullarla nail olmaq istəyir?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, Paşinyanın keçirdiyi mitinq bir daha göstərdi ki, o hələ kreslosunu möhkəmlədə bilməyib: “Faktiki olaraq, hakimiyyətə yiyələnsə də, qəbul olunmuş yeni konstitusiyanın tələblərinə görə, oyundankənar vəziyyətə salınıb. Bunun mahiyyətini o gözəl anlayır və dərk edir ki, növbədənkənar parlament seçkiləri ərəfəsində hökumət başında qalmaq üçün Ermənistan konstitusiyasını dəyişməkdən başqa çarəsi yoxdur. Xüsusilə də Robert Köçəryanın həbsə salınmasından sonra edilən daxili və xarici təsirlərdən yaxa qurtara bilmədiklərini anlayır və buna görə də etdiyi inqilabın əksinqilabla nəticələnməsini istəmir.
Nikol Paşinyan baş nazir seçilməsinin 100 günü ilə bağlı təşkil etdiyi mitinqdə deyib ki, Ermənistan hakimiyyətində mövcud olan quldur dəstələr tam zərərsizləşdirilməyib və bu səbəbdən növbədənkənar parlament seçkilərinin keçirilməsinə ehtiyac var. Ermənistanın baş naziri istəyir ki, növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün konstitusiyaya düzəlişlər edilsin. Növbədənkənar seçkilər yalnız baş nazir vəzifədə olduğu təqdirdə keçirilməklə o, vəzifədə qalmağını sığortalaya bilər. Məsələnin başqa aspekti də var. Paşinyan get-gedə öz nüfuzunun itirilməsindən qorxur. Çünki Paşinyan yalan vədlər verib baş nazir postuna gəlib. İndi isə problemin həll olunmamasını Ermənistanın ağır iqtisadi vəziyyəti ilə əlaqələndirməyə çalışır. Hazırkı parlamentdə çoxluğun respublikaçılarda olması Paşinyanı narahat edir. Bu səbəbdən parlamentdəki çoxluğu əldə etmək üçün növbədənkənar seçkilərin keçirilməsini istəyir. Robert Köçəryanın həbsdən çıxması daşnakların və respublikaçıların fəallaşmasına səbəb olub. Bu da yaxın zamanda tərəflər arasında böyük siyasi mübarizənin olacağından xəbər verir. Paşinyanın əlindəki yeganə təzyiq rıçaqı kütləvi mitinqlərdir. O yalnız xalqın təzyiqi ilə deputatları yeni konstitusiyanın qəbul olunmasına məcbur etmək istəyir. Amma parlamentdəki çoxluğun asanlıqla təslim olmayacağı özünü büruzə verir. Xüsusilə də sonrakı proseslərdə Rusiyanın aktiv rol oynayacağı şübhə doğurmur. Görünən budur ki, Rusiya Paşinyanla əməkdaşlığı məqbul saymır və buna görə də Köçəryanı aktivləşdirib siyasi arenaya buraxdı. Bir sözlə, Paşinyanın elan etdiyi konstitusiya böhranı Ermənistan üçün ciddi qarşıdurmalar və yeni sürprizlər vəd edir”.
Məhəmmədəli QƏRİBLİ