“Bundan sonra yerli ermənilərlə Qarabağ klanı arasında daxili çəkişmələrin şahidi olacağıq”
Ermənistanın eks-prezidenti, ötən həftə sonu barəsində çıxarılmış həbs qətimkan tədbiri dəyişdirilən Robert Köçəryan ona yaxın “Yerkir media” kanalına müsahibə verib və siyasətə qayıtdığını elan edib. Müsahibədə Köçəryan istintaqın ona qarşı irəli sürdüyü ittihamları “saxta” adlandırıb, Nikol Paşinyanın hökumətini siyasi təqiblərdə günahlandırıb.
Bununla yanaşı, Köçəryan müsahibəsində bu ilin aprelində Ermənistanda baş verənləri inqilab hesab etmədiyini deyib: “Mən başa düşürəm ki, öz yanaşmalarına malik bir hökumət var, amma heç kim məni və digərlərini fərqli bir fikir səsləndirmək hüququndan məhrum edə bilməz. Bu gün mən bunu edirəm, bu onları niyə narahat edir, niyə müdaxilə edirlər? Bu ölkədə başqa bir fikrə uymamalıyıq? Üstəlik çox şey deyilir: inqilab, inqilab... Aprel hadisələrini bir inqilab hesab etmirəm, çünki baş vetənlər ona uyğun gəlmir. Yaxşı, onlar bu sözü sevirlər, onu istifadə etsinlər. Bir inqilab varsa, əksinə, bir əks-inqilab da var və buna görə inqilabçılara qarşı mübarizə apararkən inqilabın nailiyyətləri müdafiə olunmalıdır”.
Köçəryanın həbsdən çıxandan sonra fəallaşdığı göz qabağındadır. Sanki o, yeni hakimiyyətə qarşı güclü hücuma hazırlaşır. O baxımdan “aprel hadisələrini bir inqilab hesab etmirəm” deməklə Köçəryan nəyə nail olmaq istəyir?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Eks-prezident və Qarabağ klanının rəhbəri Robert Köçəryanın yeni hakimiyyət tərəfindən 1 mart 2008-ci il hadisələrinə görə həbsi, əsasən bu ölkədə sözügedən klanın siyasi proseslərdən uzaqlaşdırılmasına və Paşinyanın öz hakmiyyətini möhkəmləndirməsinə hesablanmışdı. Köçəryanın rəhbəri olduğu klan bu gün Ermənistan ordusunda, məhkəmə və hüquq sistemində kök atıb. Rusiyanın birmənalı təzyiqi və bu klana verdiyi dəstək əsasında Apelyasiya məhkəməsinin qərarı ilə Köçəryanın həbsinə xitam verilməsilə siyasi proseslərdə əks-inqilab prosesinə başlanacaq. Məhz Köçəryanın aprel hadisələrini inqilab hesab etməməsi yeni hakmiyyətə qarşı kin-küdurətin göstəricisidir. Köçəryan siyasətə gəldiyini qeyd edir. Bundan sonra yerli ermənilərlə Qarabağ klanı arasında daxili çəkişmələrin şahidi olacağıq. ABŞ İrəvan ermənilərinə, Rusiya isə Qarabağ klanına dəstək verəcək. Robert Köçəryan Rusiyanın proyektidir və məqsədi Paşinyanı ilk fürsətdə yıxmaq, Qərbin dayaqlarını məhv etmək və Rusiyaya bağlı hakmiyyət formalaşdırmaqdır. Hesab edirəm ki, Köçəryan fəal siyasətə qayıtmaqla özünü qorumaq və Qarabağ klanını yox olmaqdan xilas etmək məqsədi güdür. Köçəryanla Paşinyanın əsas mübarizəsi seçkilərdə gözlənilir. Seçkilərə kimi Köçəryanın Paşinyana qarşı siyasi təzyiqləri qaçılmaz olacaq. Artıq Köçəryan-Sarkisyan və Xaçaturov formatı var. Bu format Paşinyanın izolyasiyasına başlayır. Qeyd edim ki, Ermənistan prezidenti Armen Sarkisyan da eks-prezident Serj Sarkisyanın kadrıdır və istənilən an prezident Qarabağ klanını dəstəkləyəcək. Göründüyü kimi, Ermənistanda yaşanan gərgin siyasi atmosfer bu ölkədə əks-inqilabçıların fəallaşması ilə nəticələnir. İnqilabçılarla əks-inqilabçıların mübarizəsi, həm də ABŞ-Rusiya mübarizəsi kimi davam edəcək. Köçəryanın xalqın dəstəyini alması mümkün görünmür”.
Vidadi ORDAHALLI