“Hər halda, tək Azərbaycan, Türkiyə, İran, Gürcüstana yox, regionda sülhün vacibliyinə dəyər verdiyini bəyan edən bütün böyük güclərə bir demarşdır”
Corc Sorosa bağlı olan “eurasianet” saytının jurnalisti Coşua Kuçerin “Tvitter” səhifəsində paylaşdığı foto Ermənistanın bütün region ölkələri üçün təhlükəsini əyani şəkildə ortaya qoydu. “Böyük Ermənistan”ı özündə əks etdirən foto İrəvanın Respublika meydanında yerləşən əsas metrostansiyasının girişinə asılıb. Fotoda Azərbaycanla yanaşı Türkiyənin, İranın və Gürcüstanın əraziləri “Ermənistan əraziləri” kimi göstərilir.Bu fotonun İrəvandakı əsas metrostansiyasının girişinə asılması təsadüfi deyil: məqsəd kiçikdən böyüyə bütün ermənilərə hər gün “Böyük Ermənistan”ı xatırlatmaq, Azərbaycandan sonra Türkiyə, İran və Gürcüstan torpaqlarının da gələcək işğalını onların şüuruna yeritməkdir.
İndiki məqamda Ermənistanda qonşu ölkələrə açıq ərazi iddialarının qaldırılması və bunu əks etdirən əyanı vəsaitlərin strateji dövlət obyektlərində reklam olunması nəyin əlaməti sayıla bilər?
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın qonşularına ərazi iddiası nəinki metro girişlərində, məktəb dərsliklərində, hətta Konstitusiyasında və gerbində də öz əksini tapıb: ”İşğalçı ölkənin Konstitusiyasında ərazi iddialarının əks olunduğu müddəalar, gerbində isə Türkiyə ərazisində olan Ağrı dağın şəkli var. Bununla belə, hazırda bu cür təbliğatın aparılması, metro stansiyaları və digər ictimai yerlərdə belə şəkillərin asılması, əlbəttə ki, çox pisdir. Bu, Ermənistanın işğal siyasətini davam etdirmək arzusunu, beynəlxalq hüquqa, öz üzərinə götürdüyü öhdəliklərə riayət etmədiyini, qonşu dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, bir sözlə, sivil dünyanın qəbul etdiyi dəyərlərə hörmət etmədiyini göstərir. Bu ölkə sanki qədim zamanlarda - mifologiya dövründə yaşayır, sanki XXI əsr deyil və onlar öz uydurduqları yalanlara nəinki özləri inanır, bu cür addımlarla bütün dünyanı inandırmağa çalışırlar. Onlar bir prinsipdən çıxış edir ki, bir yalanı çox deyəndə artıq ona inananlar tapılcaq. Metronun girişində şəkil asmaq onların öz qonşuların torpağı hesabına ərazilərini genişləndirmə planlarının həyata keçirilmə üsullarından biridir. Bildiyimiz kimi, ermənilər özlərini dərk edəndən bu cəfəng ideya ilə yaşayır, bunun üçün milyardlarla dollar xərcləyir, qonşulara qarşı soyqırım törətməkdən tutmuş dezinfofmasiya müharibəsinədək bütün vasitələrdən istifadə edirlər. "Məqsəd vasitəyə haqq qazandırır" prinsipi ilə hərəkət edən ermənilər ən ağılasığmaz üsullara əl atır, həm başqa xalqları, əsasən türk və azərbaycanlıları bu xəstə təxəyyülün məhsulu olan puç ideyanın qurbanına çevirərək soyqırım törədir, həm də öz suverenliklərini bunun girovuna çeviriblər. Ermənistan Rusiyadan ABŞ-ın nəzarətinə keçmiş terra inkoqnitadır. İqtisadi, siyasi, geosiyasi kollapsa uğramış dövlətəbənzər qurumdur. Bunu təkcə biz demirik, bir çox mötəbər beynəlxalq hesabatlarda bu faktlar əks olunub”.
Politoloqun fikirincə, onların dezinformasiya, feyk xəbəryayma sahəsində böyük təcrübələri var və bundan, gördüyümüz kimi, öz məqsədləri üçün istifadə edirlər: “Romada, Kolizeyin yaxınlığında da Qədim Romanın xəritəsi var. Orada Romanın müttəfiqi kimi Armenia göstərilib. Lakin o Armenia bu Armeniya deyil. Öz uydurma tarixlərini qədim dövrlərə bağlamaq üçün onlar hətta milliyyətlərin mövcud olmadığı həmin dövrdəki Armenianı indiki Ermənistanla əlaqələndirməyə çalışırlar. Öz hay adlarını sərf edən şəkildə dəyişdirirlər. Saxta soyqırım abidəsi ucaldıb yalandan göz yaşı tökən millətin rəhbərlərinin saxta xəritə asması təəccüblü deyil. Lakin indiki zamanda o xəritənin orada asılması Paşinyanın elan etdiyi demokratiya prinsiplərinə ziddir. Demokratiya işğal etmir. Hər halda, Ermənistan indi ABŞ-la yaxınlaşmağa çalışır. ABŞ-ın möhkəmlənmək istədiyi mühüm bir regionda qonşulara ərazi iddiasının əks olunması Ermənistanı himayə edən qüvvələri narahat etməlidir. Regionda sabitlik arzusunu dilə gətirən böyük güclər Ermənistanın bu iddialarının indiki gərgin regional geosiyasi proseslər fonunda mövcud olan kövrək sülhə böyük təhlükə olduğunu bilməlidir. ABŞ-da, regionda marağı olan digər böyük dövlətlərdə arxivlər var. Araşdırma mərkəzləri var, mütəmadi olaraq dövlət strukturlarına məruzə üçün sənədlər hazırlayırlar və onlar yaxşı bilir ki, Ermənistan qondarma dövlətdir. Belə dövlətin iddialarına göz yummaq gələcək münaqişələri qaçılmaz edir. Bu, hər halda tək Azərbaycan, Türkiyə, İran, Gürcüstana yox, regionda sülhün vacibliyinə dəyər verdiyini bəyan edən bütün böyük güclərə bir demarşdır”.
Məhəmmədəli QƏRİBLİ