“Həyata keçirdiyimiz bütün global və regional layihələrin hamısında əsas şərt ərazi bütövlüyünün təmin olunması tələbidir”
Bir neçə gün əvvəl Aktauda Xəzəryanı ölkələrin liderlərinin sammiti çərçivəsində imzalanmış Xəzər dənizinin hüquqi statusu barədə Konvensiyanın Dağlıq Qarabağ məsələsinin nizamlanmasına əlverişli mühit yaradacağı haqda fikirlər səslənir. Bəzi ekspertlətr hesab edir ki, Qarabağ münaqişəsinin inteqrasiya proseslərinin inkişafı üçün maneə olması və onun həll edilməməsinin bütün regionu təhlükə qarşısında qoyması aşkar faktdır. Ona görə də beş ölkənin Xəzər regionunda təhlükəsizliyin qorunmasında marağını nəzərə alsaq, ehtimal olunur ki, Qarabağ məsələsində siyasi mühit daha əlverişli olacaq. Azərbaycanın Xəzərdə geosiyasi mövqeyi daha da güclənib, bu isə o deməkdir ki, Qarabağ probleminin həlli daha detallı şəkildə müzakirə oluna bilər.
Bugünlərdə imzalanan Xəzər Konvensiyası Dağlıq Qarabağ probleminin həllinin tezləşməsi üçün daha hansı perspektivləri aca bilər?
Politoloq Yeganə Hacıyeva “Bakı-Xəbər”ə bildirdi ki, 2018-ci il avqustun 12-də Aktauda keçirilmiş V zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu üzrə Konvensiyanın imzalanması ılə Xəzəryanı dövlətlər nümayiş etdirdilər ki , Xəzər hövzəsi və onun ətrafındakı regionlarda dayanıqlı sülh və əməkdaşlıq mühitinin təsbit olunmasında qəti əzmə malikdirlər:”Beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə dövlətlərin ərazi bütövlüyü və suverenliyinə hörmət kimi baza prinsiplər təşkil edən Konvensiya Xəzər dənizində dövlətlərarası münasibətlərin və davranışın hüquqi bazası rolunu oynayacaq. İmzalanmış Konvensiya Xəzəryanı dövlətlərin iqtisadi, diplomatik və təhlükəsizlik sferalarında mövcud münasibətlərin inkişaf etməsi və güclənməsinə xidmət edəcək bir addım kimi nəzərdə tutulur. Qeyd edim ki, imzalanmış Konvensiyani tərəflərarası hüquqi və iqtisadi əsas olaraq nəzərdən keçirmək lazımdır. Çağdaş beynəlxalq münasibətlərdə iqtisadiyyatın siyasətə diqtə etməsi kimi maraqlı bir trend müşahidə olunur. Əğər daha öncələr iqtisadiyat siyasətə tabe olunurdusa , indi tam fərqli bir yanaşma mövcuddir”.
Politoloqun sözlərinə görə, Xəzər Konvensiyasının imzalanması ilə paralel gedən proseslərdə Azərbaycan cəmiyyətini haqlı olaraq maraqlandıran əsas sual bu razılaşmanın Dağlıq Qarabağ probleminin həllinin tezlənməsi üçün hansı perspektivləri aca biləcəyi haqqındadır:”Xəzər dənizi zəngin enerji mənbəyi olmaqdan kənarda coğrafi göstəricilərinə görə Avropa ilə Asiya və Yaxın Şərq regionu arasında mühüm nəqliyyat dəhlizi olan strateji su hövzəsidir. Həmçinin, Xəzər dənizinin sağ və sol sahilləri Uzaq Şərq , Çinlə Avropa bazarlarını birləşdirən İpək yolu və Dəniz İpək Yolu zolagının strateji bəndidir. Xəzərsahili ölkələri qlobal sferada neft hasilatı və enerji nəqliyyatı baxımından iki aktiv və nisbətən passiv oyunculara bölə bilərik. Həmçinin geosiyasi müstəvidə də enerji hasilatında və ya dənizdən keçən nəqliyyat xətləri baxımından aktiv və passiv oyunçulara bölə bilərik. İstər Xəzəryanı region olaraq Cənubi Qafqazın strateji ölkəsi kimi, istərsə də dənizdən hasil olunan və ya dənizdən keçən cənub və şərqi enerji nəqliyyat xətlərinin çəkilməsində təşəbbüsçü və iştirakçı ölkə kimi Azərbaycan bu beşlikdə şübhəsiz aktiv oyunçulardan biridir.
Azərbaycan qlobal hərbi strateji, enerji stabilliyi və təhlükəsizliyində mühüm rol alan ölkə kimi Avropanın enerji təhlükəsizliyində və qitələrarası transmilli enerji nəqli marşrutlarında iştirak edən oyunçudur. Rusiya və İranın sərhəd ölkəsi kimi Azərbaycan güclər balansında diğər qütb olan ABŞ-ın qlobal energetika və təhlükəsizlik layihələrində strateji tərəfdaşıdır. Diğərləri kimi, Rusiya və İranı və Türkmənistanı göstərə bilərik.
Əlbəttə, Azərbaycanın bu beşlikdə üstünlüyünü xüsusi fəqləndirən iki məqam var : birincisi, Azərbaycan bu əlverişli geosiyasi regiondakı güclər arasında balanslı siyasət yürüdərək , öz milli maraqlarına uyğun müəyyənləşdirdiyi müstəqil və çoxvektorlu xarici siyasət həyata keçirən mühüm dövlətdir. İkicisi isə, bu beşlikdən İran və Türkmənistan öz enerji ehtiyatlarını Avropa bazarlarına məhz Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu nəqliyyat xətlərindən istifadə ilə daşınması faktı ilə üz-üzədir.
İran nüvə proqramının bərpası ehtimalı üzündən və Yaxın Şərq siyasətinə görə sanksiyalarla qarşı-qarşıyadır . Rusiyanın sanksiyalar və hibrid nüfüz müharibələri üzündən Xəzərin sağ və sol strateji regionları kimi Cənubi Qafqaz və Mərkəzi Asiyada geosiyasi mövgelərinin daha da zəifləməməsi üçün siyasətində korrektirovkalar etməsi, bəzi yerlərdə isə tam yeni nəfəs verməsi müşahidə olunur. Məsələn, əgər Rusiya əvvələr Azərbaycan və diğər ölkələrə nisbətdə təsir vasitəsi kimi Dağlıq Qarabağ və s. konfliktləri nəzərdən keçirirdisə, indi məhz bu təsir üsulları onun özünün maraqlarının zəifləməsinə təsir edən bir faktordur. Sirr deyil ki, İstər Rusiya, istərsə də İran dənizin və regionun strateji bəndi kimi Azərbaycana münasibətdə həmişə təsir imkanları axtarışındadır. İranın bunun üçün çoxmilyonluq etnik vətandaşları timsalında xüsusi əsasları var. Azərbaycana isə, əlbəttə, beynəlxalq münasinətlərdə milli maraqlarının müdafiəsinin təmin olunmasında əsas problemı kimi ərazi bütövlüyünün təmin olunması haqqında beynəlxalq hüququn pozulmuş normalarının bərpası və Dağlıq Qarabağ konfliktinin ədalətli həll olunması önəmlidir. Həyata keçirdiyimiz bütün global və regional layihələrin hamısında əsas şərt pozulmuş beynəlxalq hüquq və normaların bərpası, ərazi bütövlüyünün təmin olunması tələbidir. Odur ki, Azərbaycan imzalanmış Konvensiyanı Dağlıq Qarabağ konfliktinin həllində irəliləyiş üçün yeni imkan kimi nəzərdən keçirir və bunun üçün əsaslar mövcuddur”.
Məhəmmədəli QƏRİBLİ