İqtisadi, siyasi, hərbi v digər mühüm sahələrdə getdikcə daha güclü mövqe sahibinə çevrilən Azərbaycan qarşısında Ermənistanın duruş gətirməsinin mümkünsüzlüyü düşmən ölkənin özündə belə açıq etiraf edilir.
Bu hal Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanmasından sonra özünü daha qabarıq şəkildə büruzə verməkdədir. Baş verənlərə münasibət bildirən erməni politoloq Vahe Davtyan qeyd edir ki, Ermənistanla müqayisədə, həqiqətən də Azərbaycan mövqelərini kifayət qədər gücləndirir və belə vəziyyət yaxın tezlikdə Dağlıq Qarabağ münaqişəsinin Bakının istəkləri çərçivəsində həllini qaçılmaz edəcək.
O, Xəzərlə bağlı baş verən son olaylara diqqət çəkərək vurğulayır ki, Azərbaycan Rusiya və İran kimi ölkələrlə əməkdaşlığını gücləndirərək Ermənistanın bu ölkələr üçün arxa plana keçməsini təmin edir. Bu isə, öz növbəsində, Ermənistanı indikindən də zəif hala gətirir. Ekspert Xəzərlə bağlı sazişi bunun daha bir təzahürü kimi qələmə verir: “Ermənistan uzaqda yerləşsə də, Xəzər dənizinin statusu haqqında Konvensiyanın maraqlarına toxunmayacağı qədər aralıda deyil”. Onun sözlərinə görə, bu Konvensiya Ermənistanın maraqlarına birbaşa toxunmasa da, öz mənfi təsirini göstərir: “Geosiyasi baxımdan, mənə belə gəlir ki, Konvensiyanın imzalanması nəticəsində Ermənistan, qismən də olsa, regionda özünün hərbi-siyasi və geosiyasi əhəmiyyətini itirir”. Ekspertin fikrincə, Krımın birləşdirilməsi, Suriyadakı uğurlar və Xəzər dənizinin statusu haqqında Konvensiyanın imzalanması ilə mövqelərini möhkəmləndirmiş Rusiya faktiki olaraq bütün Qara dəniz – Xəzər regionunu nəzarətdə saxlamaq imkanı əldə edib. Bu mənada, Ermənistanın timsalında Qafqazda forpostun olub-olmaması zərurəti, faktiki olaraq, aradan qalxır. Yəni artıq Ermənistan forpost ölkə kimi belə rusiya üçün maraqlı deyil.
Bundan əlavə, ekspert vurğulayır ki, Xəzər üzrə Konvensiyanın imzalanması Rusiya, İran və Azərbaycan arasında bir çox sahələrdə, xüsusilə iqtisadiyyat, energetika və nəqliyyat sahələrində əməkdaşlığı gücləndirəcək ki, bu da İrəvanın maraqlarına toxunur: “Bu gün biz artıq görürük ki, Ermənistan və Azərbaycan ərazilərindən keçməli olan əsas nəqliyyat-logistik layihələr tamamilə Azərbaycan ərazisinə istiqamətlənib. Təbii ki, Xəzər Konvensiyası bu prosesin fəallaşması üçün zəmin yaradacaq. Söhbət İran-Ermənistan dəmir yolu layihəsinin dondurulması və həmin marşrutun Azərbaycan-İran ərazisinə keçməsindən gedir”.
Xatırladaq ki, İrandan Ermənistana dəmir yolunun çəkilməsi ideyası 2008-ci ildə o vaxtkı prezident Serj Sarkisyan tərəfindən ortaya atılmışdı. Hətta birgə işçi qrup da yaradılmışdı ki, layihə üzrə texniki əsaslandırma aparıb dövlət başçılarına təqdim etsin. Bu işçi qrupun Tehranda və İrəvanda bir neçə iclası da keçirildi. Amma proseslərin sonrakı gedişi göstərdi ki, İrəvanın dəmir yolu ideyası elə ideya olaraq havadan asılı vəziyyətdə qaldı. O da üzə çıxdı ki, layihə üzrə İran-Ermənistan əməkdaşlığı səmərəsiz olduğu kimi də faydasızdır. Ən azından o baxımdan ki, İranla Ermənistan arasındakı dəmir və avtomobil yolları beynəlxalq investorlar üçün heç bir əhəmiyyət kəsb etmir. Ermənistanın sərhədləri başqa dövlət tərəfindən qorunur, dənizə çıxışı yoxdur, iqtisadi böhran yaşayır və qonşusu Azərbaycanla müharibə vəziyyətindədir. Bunlardan başqa, Ermənistan yüklərin tranzit daşınması üçün infrastruktura malik deyil. Ölkənin dəmir yolları sovet dövründə nə vəziyyətə idisə, o vəziyyətdə də qalıb. Belə olan halda qeyd olunan layihəyə beynəlxalq sərmayəçiləri cəlb etmək nəinki çətindir, hətta mümkün deyil. Hər halda, ideyanın ortaya çıxdığı 2008-ci ildən bu günə kimi, yəni ötən 10 ildə heç bir beynəlxalq səviyyəli bank, investisiya şirkəti və dövlət bununla maraqlanmayıb.
Əvəzində İran Azərbaycanla dəmir yolu əlaqəsini genişləndirir. “Şimal-Cənub“ beynəlxalq nəqliyyat dəhlizinin yaradılması istiqamətində işlər sürətlə davam edir. Artıq Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xətti istifadəyə verilib və Bakıdan çıxan yüklü qatarlar İrana və əks istiqamətə yük daşıyır. Azərbaycanın maliyyə yardımı ilə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Rəşt-Astara hissəsinin çəkilişi də gedir. Rusiya da bu layihəyə ciddi maraq göstərir. Bu dəhlizin Hindistanla Avropanı birləşdirmək imkanı var. İqtisadi baxımdan səmərəli olan “Şimal-Cənub“ dəhlizi İran, Azərbaycan və Rusiyanı yaxınlaşdırmaqla yanaşı, onların siyasi təhlükəsizliyinə də təminat verir. Elə bu səbəbdən Vahe Davtyan açıq etiraf edir ki, ölkəsi böyük qüvvələr üçün artıq forpost olaraq da əhəmiyyət daşımır. Erməni ekspertin sözlərinə əsasən, İran-Ermənistan-Gürcüstan-Rusiya enerji dəhlizi layihəsi də Bakı-Moskva-Tehran yaxınlaşması fonunda ciddi zərər görə bilər. Bütün bunlar, Davtyanın fikrincə, Ermənistanın regional geosiyasi proseslərdən izolyasiya edilməsini sürətləndirir. Vahe Davtyan diqqəti buna da yönəldir ki, bütün bu proseslər Ermənistanın sosial-iqtisadi cəhətdən daha böyük problemlər yaşaması fonunda baş verir. O vurğulayır ki, Ermənistan iqtisadiyyatı artıq tamamilə iflasa uğramaq üzrədir. Ölkənin dövlət statistika komitəsi də böyük iqtisadi geriləmələr yaşandığını etiraf edir və buna əsas səbəb kimi dünya iqtisadiyyatında yaşanan çətinliklər göstərilir: “Rəsmi açıqlamalara görə, Ermənistanda iqtisadi fəallıq daha sürətlə azalır, ölkə sənayesində ciddi geriləmə qeydə alınır. Həmçinin pərakəndə əmtəə dövriyyəsində də kəskin azalma müşahidə olunur. Ölkədə son illər ərzində enerji tariflərinin kəskin yüksəlməsi və əhalinin həyat səviyyəsinin pisləşməsi vətəndaşların sosial narazılığını da artırır. Regionlar, qlobal layhiələrdən kənarda qalmağamız da prosesə birbaşa təsir edir. Ermənistan hələ də qlobal kommunikasiya layihələrindən kənarda qalmaqdadır. Bu, Azərbaycan və Türkiyə tərəfdən yeridilən siyasət və bir də Rusiyanın Ermənistana münasibətdə yürütdüyü siyasət nəticəsində baş verir. Bundan əlavə, Ermənistan İranla da azad iqtisadi əlaqələr həyata keçirə bilmir. Qlobal meyllər durmadan dəyişir və ölkəmiz coğrafi baxımdan qlobal kommunikasiyaların tərkib hissəsi ola bildiyi halda, bu şansı da itirməkdədir. Amma əvəzində Azərbaycan prosesdən uğurla faydalanır. Bu halda baş verənlər Qarabağ məsələsinə də təsir edir. Hər halda, güc nisbətinin dəyişməsi bunu qaçılmaz edir”.
Amma erməni tərəfini narahat edən təkcə Azərbaycan, Rusiya, İran arasında iqtisadi münasibətlər, birgə həyata keçirilən layihələr yox, həm də hərbi əməkdaşlıq məsələsidir. Ermənistanın İnformasiyalı Vətəndaşların İttifaqı proqramının koordinatoru Daniel İoanisyan vurğulayır ki, Ermənistanla müqayisədə bu gün Rusiya üçün Azərbaycanla hərbi əməkdaşlıq daha cəlbedicidir. O, konkret misal kimi xatırladır ki, Rusiyanın Azərbaycana intensiv silah satışı 2010-cu ildən başlayıb: “Rusiya Azərbaycana S-300PMU2, T-90 tankları, “Smerç” səyyar raket sistemləri, “Solntsepek” və “Buk” sistemlərini verib. Ermənistana isə Rusiya silahları daha gec, İrəvanın Bakıya qarşı duruş gətirə bilməyəcəyini anlayanda verdi. Bizə verilən silahlar daha ucuz və daha köhnədir. Məsələn, 2010-cu ildə Rusiya Azərbaycana 2009-cu ilin S-300PMU2-sini, Ermənistana isə 1982-ci ilin S-300PS-ni satmışdı. Beş il əvvəl Ermənistanda Rusiyaya münasibət Moskvanın tam xeyrinə idi. İctimaiyyət hökumətin Rusiyayönlü siyasətini aktiv şəkildə dəstəkləyirdi. Buna əsas səbəbsə Rusiyanın bizim ən yaxın qonşularımızdan biri olması və Ermənistanın uzun illər onunla problemlər yaşamaması idi. Amma vəziyyət dəyişib. Nikol Paşinyanın iqtidara gəlişindən sonra Rusiya ilə Ermənistanın çoxsaylı problemləri meydana çıxıb. Belə görünür ki, yaxın tezlikdə bu problemlərin həlli mümkün olmayacaq. Belə vəziyyətdən ən çox faydalanan isə Azərbaycandır. Bakı Rusiyanın Qarabağa baxış məsələsini öz leyhinə dəyişdirə bilib”.
Yaranmış vəziyyətdə Ermənistan üçün ən yaxşı çıxış yolu olaraq “Madrid prinsipləri“, yəni Qarabağ konfliktinin mərhələli şəkildə həlli istiqamətində əməli addımlar atılmasının vacibliyi ön plana çəkilir. Ermənistanın “Hüquq pozuntularına qarşı” ictimai birliyinin icraçı direktoru, hüquq müdafiəçisi Larisa Alaverdyan bu fonda diqqəti ona yönəldir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasında bu günədək elə həmin “Madrid prinsipləri“ var. Onun sözlərinə görə, hazırkı danışıqlar prosesi ermənilər üçün heç də əlverişli və faydalı deyil: “Danışıqlar masası üçün bizim əlimizdə artıq heç nəyimiz yoxdur. Yalnız “Madrid prinsipləri“ var. Madrid sənədində isə biz Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın hələ o vaxt “Komsomolskaya pravda” qəzetinə müsahibəsində bəyan etiyi nəticəyə gəlmişik. Yəni konkret olaraq Ermənistan Qarabağın Azərbaycanın tərkibində qalmasına razılıq verib, amma daha yüksək status çərçivəsində - muxtar əyalət yox, muxtar respublika kimi”. Alaverdyanın sözlərinə görə, Ermənistanın ikinci və üçüncü prezidentləri olan Robert Köçəryan və Serj Sarkisyanın Dağlıq Qarabağın birbaşa Azərbaycana tabe olmasının mümkünsüzlüyü və onun ayrıca müstəqil dövlət kimi tanınmasının vacibliyilə bağlı birmənalı və sərt bəyanatlar vermələrinə baxmayaraq, “Madrid prinsipləri“ndə göstərilən mərhələli həll variantı çərçivəsində belə bir müddəa əks olunmayıb. Beynəlxalq ictimaiyyət də Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanıyır. Danışıqlar prosesində Ermənistanın diplomatik fiaskosuna diqqət çəkən Alaverdyan vurğulayıb ki, nizamlanma masasındakı mövcud razılaşmalara zidd sərt bəyanatlarına baxmayaraq, Ermənistan “Madrid prinsipləri“ndən birtərəfli qaydada imtina edə və bu razılaşmadan çıxa bilməz. Çünki artıq gecdir və belə addım İrəvanın beynəlxalq imicinə və mövqelərinə ciddi zərbə vura bilər. Bu kontekstdə Ermənistan rəhbərliyinə məsləhət verən Alaverdyan Qarabağın Azərbaycanın tərkibində qalmasının qarşısını almağın mümkünsüzlüynü də qeyd edir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.