“Hər bir dövlət regional məsələlərin həllinə bu cür, Azərbaycanın yanaşdığı kimi yanaşsa, dünyada sülh, sabitlik hökm sürər”
BMT-nin baş katibi Antonio Quterreş Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanmasını alqışlayıb və onu region ölkələrinə uzunmüddətli mübahisələrin həllinə kömək edəcək tarixi sənəd adlandırıb. Bu barədə A.Quterreşin mətbuat üçün yayılan bəyanatında qeyd olunub.
Baş katib bildirib ki, bu tarixi sənəd beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsi üçün zəruri olan regional əməkdaşlığın vacibliyini nümayiş etdirir. Konvensiya Xəzər dənizinin sahil dövlətləri arasında çoxdankı problemin geniş spektrinin nizamlanması üçün əvəzsiz bir alət, həmçinin regional gərginliyin aradan qaldırılmasında əhəmiyyətli addım olacaq.
Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.
Quterreşin bu dəyərləndirməsi həm də BMT-nin Azərbaycanın regional təhlükəsizliyik və əməkdaşlıq siyasətinə verilən dəstək kimi başa düşülə bilərmi?
Politoloq Nəzakət Məmmədova “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, BMT kimi dünyada sülhə və təhlükəsizliyə məsul olan mötəbər bir təşkilatın verdiyi bu qiymət təqdirəlayiqdir: “Hər nə qədər təşkilat tənqid olunsa da, orada islahatlar tələbi səslənsə də, hər bir halda BMT hələ ki, hazırkı dünya nizamında, beynəlxalq münasibətlər sistemində ən universal təsisatdır və ondan yaxşısı hələ kəşf olunmayıb. Onun verdiyi qərarlar dünyada sülhə, sabitliyə müəyyən dərəcədə töhfə verə bilir. Baxmayaraq ki, Hindistan, Braziliya, Türkiyə, Almaniya BMT-də islahatlar tələb edir, ABŞ onun icazəsi olmadan indiyədək bir sıra hərbi əməliyyatlar aparıb, ancaq unutmaq olmaz ki, Rusiya, İngiltərə, Çin kimi nəhəng ölkələr hazırkı dünya düzəninin saxlanmasının və orada BMT-nin əsas beynəlxalq təşkilat kimi qalmasının tərəfdarıdır. Xəzərin statusuna dair konvensiyanın imzalanmasının BMT baş katibi tərəfindən təqdirəlayiq addım kimi qiymətləndirilməsi onu imzalayan bütün dövlətlərə, o cümlədən, xüsusilə Azərbaycana tutduğu konstruktiv mövqeyə görə minnətdarlıq və dəstəyin ifadəsidir. Çunki məhz Azərbaycanın konstruktiv, yorulmaz, beynəlxalq hüquqa uyğun mövqeyi 20 ildən çox aparılan gərgin diplomatik danışıqların sülh, razılaşma yolu ilə yekunlaşmasına gətirib çıxardı. Bu Konvensiya BMT nizamnaməsinin, beynəlxalq hüququn tələblərinə uyğundur və hər bir dövlət regional məsələlərin həllinə bu cür, Azərbaycanın yanaşdığı kimi yanaşsa, dünyada sülh, sabitlik hökm sürər”.
Politoloqun sözlərinə görə, Azərbaycan həm Qarabağ münaqişəsinin həllində hələ ki, danışıqları davam etdirməklə, həm 20 illik Xəzərin statusu məsələsində təmkin nümayiş etdirməklə sülh və sabitliyə sadiqliyini nümayiş etdirərək, regional münaqişələrdə danışıqlar limiti tükənənə qədər proseslərin sülh yolu ilə həllinə üstünlük verdiyini göstərib ki, bu da BMT-nin tələblərinə uyğundur:
“Azərbaycan bütün dünyaya bu addımı ilə öz müdrik siyasətinin səmərəliliyini göstərdi və BMT Baş katibinin mövqeyi də bunun daha bir təzahürüdür”.
Məhəmmədəli QƏRİBLİ