“İmzalanan Konvensiyanın siyasi faydaları ilə yanaşı, iqtisadi əhəmiyyəti də böyükdür”
Xəzəryanı dövlətlərin prezidentlərinin V Zirvə toplantısında adıçəkilən dənizin hüquqi statusu haqqında imzalanan Konvensiya bu sahədə uzun illər qarşılaşılan bir sıra problemlərin həlli üçün əlverişli şərait yaradıb. Müvafiq sənədin imzalanması ilə neft və qaz yataqlarının hansı ölkəyə məxsusluğu, Xəzərin dibi ilə boru kəmərlərinin çəkilməsi, dənizdə üçüncü ölkələrin hərbi qüvvələrinin mövcudluğu məsələlərinin aydınlaşmasında mühüm addım atılıb. Bu baxımdan, imzalanan Konvensiya Xəzərin dibi ilə neft-qaz kəmərlərinin çəkilməsi üçün hansı imkanları açır?
İqtisadçı Elşən Əliyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Xəzər dənizinin nizamlanmamış statusu fərqli qüvvələrin müxtəlif spekulyasiyaları üçün meydana çevrilmişdi: “İndi bu cür spekulyasiyalar azalacaq. Beynəlxalq müqavilələrin bir növü olan konvensiya adətən bir mövzu ilə bağlı bütün məsələləri əhatə edir.Bu sənəd gələcəkdə Türkmənistan və Qazaxıstandan iri qaz həcmlərini Xəzərin dibi ili nəql etməyə imkan verəcək ki, daha sonra həmin qaz TANAP və TAP boru kəmərləri vasitəsilə Türkiyə və Avropa ölkələrinə çatdırılacaq. Əvvəl bu cür boru kəmərinin tikintisi mümkün deyildi, amma sazişin imzalanmasından sonra maneələr, demək olar ki, qalmayıb. Beləliklə, Konvensiyanın imzalanması təkcə Azərbaycan üçün yox, həm də Türkmənistan və Qazaxıstan üçün böyük iqtisadi perspektivlər yaradır. Bir sözlə, Konvensiyanın imzalanması bütün növ yükdaşımaların artmasına, regionda təhlükəsizliyin güclənməsinə, eləcə də Xəzər dənizinin ekoloji vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq”.
İqtisadçının sözlərinə görə, Konvensiyanın ən əhəmiyyətli tərəflərindən biri ondan ibarətdir ki, sənədin 14-cü maddəsinə görə, sahilyanı ölkələr dənizin dibi ilə qaz və neft kəmərləri çəkə bilər, bunun üçün sadəcə olaraq kəmərin keçdiyi sektorlara sahib ölkələrin razılığı kifayət edir: “Bu maddə Türkmənistan və Qazaxıstanın karbohidrogen ehtiyatlarının Azərbaycan vasitəsilə Türkiyə və Avropaya nəqlinə yaşıl işıq yandırır. Belə ki, indiyədək statusun qeyri-müəyyən olması Qazaxıstanın planlaşdırdığı Xəzər kəmərinə və Türkmənistanın öz qazını Avropa bazarına çıxarmaq istədiyi Transxəzər kəmərinə ciddi maneə törədirdi. Bu baxımdan da imzalanan Konvensiyanın, siyasi faydaları ilə yanaşı, iqtisadi əhəmiyyəti də böyükdür”.
Məhəmmədəli QƏRİBLİ