Azərbaycanın uğurlu diplomatik gedişləri, xüsusən də qonşu ölkələrlə işbirliyi, həyata keçirdiyi layihələr Ermənistanda getdikcə həm böyük qorxu, həm də qısqanclıq yaradır. Çünki bu vəziyyət Azərbaycanı daha da gücləndirdiyi bir vaxtda Ermənistanın tənəzzülünü sürətləndirir.
Xüsusən də son dövrlərdə Azərbaycanın Rusiya və İranla münasibətlərini dinamik inkişaf etdirməsi, birgə yeni layihələr həyata keçirməsi İrəvanı ciddi şəkildə narahat edir. Hesab edilir ki, bu gedişlə Ermənistan Moskva və Tehranın dəstəyini əhəmiyyətli dərəcədə itirəcək. Özü də bunlar o vaxt baş verir ki, Ermənistan Rusiya ilə münasibətlərini əhəmiyyətli dərəcədə pisləşdirib.
Belə bir vaxtda avqustun 12-də Aktauda imzalanmış “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya” isə Ermənistanın qorxularını daha da artırıb. Konvensiyanı şərh edən Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov bildirib ki, Ermənistanın yeni hökumətinin müttəfiqləri ilə əlaqələri zəiflətdiyi bir vaxtda Azərbaycanın bu ölkələrlə münasibətləri möhkəmlənir. Əsas etibarilə, imzalanmış Konvensiyaya görə Azərbaycanın Xəzər şelfində yeni ərazilərə sahib olması ermənistanlı deputatı narahat edib. Rəsmi Bakının düşünülmüş xarici siyasətini örnək göstərən Şarmazanov Ermənistanın yeni diplomatik cəhdlərini kəskin tənqid edib: “Buna sübut olaraq Panik kəndində rus hərbi təlimləri zamanı baş vermiş insidenti misal göstərə bilərəm. Paşinyan heç cür əsaslandıra bilməz ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının və Avrasiya İqtisadi Birliyinin üzvü olan Ermənistan NATO-nun təlimlərində niyə iştirak edir? Yeni baş nazir bunu belə izah edir ki, vaxtilə Serj Sarkisyan da bu cür təlimlərdə iştirak edib. Bu bir siyasətçi üçün çox uğursuz cavabdır”. Bir daha Azərbaycanın diplomatik uğurunu xatırladan Şarmazanov deyib: “Bütün bunların fonunda bizim rəqibimiz Avrasiya İqtisadi Birliyinin iki vacib iştirakçısı ilə - Rusiya və Qazaxıstanla, çox mühüm qonşumuz İranla sənədlər imzalayır”.
Xatırladaq ki, bundan əvvəl indi müxalifət statusunda olan keçmiş hakim Respublika Partiyasının sədr müavini, deputat Armen Aşotyan da analoji açıqlama ilə çıxış etmişdi: “Biz əqrəblərlə dolu bankanı xatırladan öz daxili siyasi qazanımızda qaynadığımız anlarda regionda ciddi geosiyasi dəyişikliklər baş verir. “Xəzər beşliyi” Aktauda Xəzər dənizinin hüquqi statusu barədə konvensiya imzaladılar. Bu bizim regionda qlobal dəyişikliklər üçün bünövrə ola bilər. Azərbaycanı maksimal şəkildə qane edən bölünmə baş verdi. İndi o, Xəzərdə hasilat üçün irihəcmli araşdırmalar apara və böyük həcmdə enerji daşıyıcısı ixrac edə bilər. Azərbaycan və Türkmənistanı birləşdirən “Transxəzər“ qaz kəməri Xəzər ətrafındakı beş ölkənin razılığı ilə tikilə bilər. Bu vəziyyət Rusiya və İran üçün çox vacibdir. Xəzərdə üçüncü ölkənin hərbi mövcudluğunun qadağan edilməsi də Rusiya və İran üçün sərfəlidir. Faktiki olaraq, Rusiya və İran Azərbaycana böyük enerji daşıyıcıları məsələsində güzəştə razı oldular və əvəzində strateji və uzunmüddətli zəmanət aldılar. Bu da de-fakto qonşularımız arasında mövcud əlaqələri gücləndirəcək. Daxili siyasi gündəmi süni şəkildə gücləndirmək bizə çox baha başa gələ bilər”. Beləliklə, verilən açıqlamalar çox açıq göstərir ki, Azərbaycanın Xəzər uğurları, Rusiya və iranla əlaqələrini genişləndirməsi Ermənistanda sözün əsl mənasında faciə kimi qarşılanır. Digər tərəfdən, İrəvanı narahat edən məqamlardan biri də Rusiya və İrana qarşı yeni ABŞ sanksiyalarının Ermənistanı çökdürəcəyidir. Əslində, bunu erməni ekspertlər özləri də etiraf edir. Məsələn, erməni eksperti Karen Veranyan etiraf edib ki, ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsində ən çox ziyan çəkən region ölkəsi Ermənistan olacaq. Onun sözlərinə görə, Vaşinqtonun sanksiyaları Ermənistan iqtisadiyyatına təsirsiz ötüşməyəcək: “ABŞ-ın İrana qarşı sanksiyaları regionda və Ermənistanda təhlükəsizlik və sabitliyi poza, qonşu İranla Ermənistan arasındakı ticarət dövriyyəsini kəskin şəkildə azalda bilər. Çünki sanksiyalar təkcə İranın dövlət şirkətlərinə yox, hətta İranın öz ərazisindən kənarda fəaliyyət göstərən özəl şirkətlərinə, o cümlədən, onlarla əməkdaşlıq edənlərə də tətbiq olunacaq. Bütün bu kimi faktorlar potensial investorları Ermənistana sərmayə yatırmaqdan çəkindirəcək. Onlar öz bizneslərini risqə atmaq istəməyəcək. Nəticədə Ermənistan ciddi iqtisadi problemlərlə üzləşə bilər”. Veranyan bildirib ki, Rusiyaya qarşı sanksiyalar da bu ölkədən Ermənistana pul köçürmələrini kəskin azaldacaq və belə vəziyyət əhalinin sosial durumunu daha da ağırlaşdıracaq. Lakin Ermənistandan fərqli olaraq, Azərbaycan nə qonşu ölkələrə tətbiq edilən sanksyialardan əziyyət çəkir, nə də böyük layihələr reallaşdırmasına son verir. Əksinə, Azərbaycan Rusiya və İran kimi böyük ölkələrlə münasibətlərini daha da dərinləşdirir və bu hal Ermənistanın narahatlığını daha da artırır. Çünki belə vəziyyətdə Azərbaycan gücləndikcə Ermənistan daha da zəifləyir...
Tahir TAĞIYEV