Elşən Həsənov: “Düşmən bizim zəif olmağımızı, problemlər içində boğulmağımızı istəyir”
Məlum olduğu kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının V zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar.
Bundan başqa, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərin - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və Sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokolun imzalanması da gerçəkləşib. Qeyd edək ki, əldə olunan bu razılışma dünya miqyasında böyük uğur kimi dəyərləndirilib. Dünyanın bir çox tanınmış dövlət xadimləri razılaşma ilə bağlı müsbət fikirlərini bildiriblər. Ancaq hiss edilir ki, bundan daha şox məyus olan Ermənistandır. Onların KİV-lərində Xəzərin statusu ilə bağlı əldə olunan razılaşmadan ciddi narahatlıq ifadə edilir. Ermənistanın bu narahatlığı nə ilə izah oluna bilər?
Ekspert Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, ermənilərin bu narahatlığı əbəs yerə deyil: “Xəzərin statusu məsələsinin həllində Azərbaycan hökumətinin xidmətləri xüsusilə qeyd olunmalıdır. Azərbaycan regionda reallaşdırılan qlobal layihələrin ən öncül təşəbbüskarı və aparıcı icraçısı kimi bu məsələnin də həllində öz sözünü dedi. Dövlət başçısı çıxışında vurğuladı ki, Konvensiya Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, xalqların həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.
Hesab edirəm ki, Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsi sahil ölkələrinin hər birinə böyük dividendlər gətirəcək. Konvensiya çərçivəsində Xəzərdə təhlükəsizlik və sabitlik təmin ediləcək, Xəzəryanı ölkələrin daha sıx qarşılıqlı iqtisadi, ticarət və nəqliyyat əlaqələri qurulacaq. Xəzərin hüquqi statusunun müəyyən edilməsi Xəzər dənizinin dərinliklərində yerləşən və indiyə qədər mübahisəli hesab olunan neft və qaz yataqlarının bundan sonra normal şəkildə işlənməsinə şərait yaradacaq. Təbii ki, bütün bu faktorlar Azərbaycanın xeyrinədir. Bu, ölkəmizin daha da güclənməsini şərtləndirən vacib amillərdir. Əslində, Ermənistanın əndişəsi başadüşüləndir. Çünki dünyada baş verən ciddi kataklizmlərin fonunda ölkəmizin belə bir uğura imza atması onların heç də ürəyincə ola bilməz. Düşmən bizim zəif olmağımızı, problemlər içində boğulmağımızı istəyir. Bu razılaşma isə 5 ölkə arasında olan müəyyən anlaşılmazlıqları da yoluna qoymaq iqtidarındadır. Təbii ki, ölkəmizin əldə etdiyi hər bir uğur Ermənistanı sevindirmədiyi səbəbindən, bu razılaşma ilə bağlı onların narahatlığı anlaşılandır”.
Məhəmmədəli QƏRİBLİ