Məhəmməd Əsədullazadə: “İki müttəfiq ölkə bir araya gəlib əvvəlki əlaqələri bərpa edə bilər”
Məlum olduğu kimi, Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ-ın Türkiyədən idxal olunan alüminium və polada vergi tətbiq etməsindən sonra ABŞ-a xəbərdarlıq edib. Belə ki, Türkiyə Prezidenti bu addımların ABŞ-ın maraqlarına və təhlükəsizliyinə də zərər verdiyini açıqlayıb.
Ərdoğanın sözlərinə görə, ABŞ bundan nəticə çıxarmasa, Türkiyə yeni müttəfiq axtaracaq: “ABŞ Türkiyənin alternativə sahib olduğunu qəbul etməlidir. Bu hörmətsizliyi dayandırmasalar, özümüzə yeni dost və müttəfiqlər axtarmağa başlayacağıq”.
Ərdoğan ABŞ-a Türkiyə ilə müttəfiqlik dövründəki xidmətlərini də xatırladıb: “Türkiyə illər ərzində lazım olan hər anda ABŞ-ın köməyinə çatıb. Koreyada əsgərlərimiz birlikdə vuruşdu. Kuba raket böhranının ən yüksək olduğu dövrdə Türkiyə torpaqlarında Yupiter raketlərinin yerləşdirilməsinə icazə verərək ABŞ-ın vəziyyəti sakitləşdirmək səylərinə qatqı təmin etdi. 11 sentyabr terror hadisələrindən sonra Vaşinqton dostlarını və müttəfiqlərini bu pisliyə cavab verməyə səsləyəndə hərbi birliklərimizi NATO-nun öz missiyasını uğurla yerinə yetirməsi üçün Əfqanıstana göndərdik”.
Şübhəsiz ki, iki ölkə arasında yaşanan gərginlik səngiməsə və Vaşinqton Ankaranın maraqlarını nəzərə almasa, o zaman Türkiyə yeni müttəfiqlər axtarmalı olacaq. Nəzərə almaq lazımdır ki, Türkiyə regionda önəmli strateji mövqeyə malik olduğu üçün, bir sıra böyük dövlətlər onunla müttəfiqlik etməkdə maraqlıdır.
O baxımdan maraqlıdır, Türkiyə hansı dövlətlə müttəfiq ola bilər? Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Türkiyə Rusiya və Çinə doğru üz tuta bilər: “ABŞ və Türkiyə arasında yaşanan siyasi böhran iki müttəfiq ölkənin iqtisadi-hərbi əməkdaşlığına ciddi zərbə vurub. Qeyd edim ki, Türkiyə rəhbərliyinin müstəqil siyasəti, Yaxın Şərqdə apardığı uğurlu hərbi əməliyyatlar, həmçinin, çoxvektorlu siyasət ABŞ tərəfindən birmənalı qarşılanmır. Hazırda ABŞ-ın dünya nizamını pozan qərarları Avrasiyada ciddi siyasi-iqtisadi problemlərə yol açıb. Rusiya, İran və Avropa ölkələri ilə davam edən konfrantasiya, iqtisadi sanksiyalar Vaşinqtonun beynəlxalq tərəfdaş kimi imicinə zərbə vurur. ABŞ Prezidenti Donald Trampın proqnozlaşdırılmayan siyasəti, müttəfiq ölkələrin maraqlarını tanımaması Türkiyə ilə yaranan böhranın səbəblərindən biridir. Qeyd edim ki, Suriyada ABŞ-ın PKK qolu olan YPG-ni silahlandırması birbaşa Tükiyə əleyhinədir. Bu siyasət iki NATO ölkəsini üz-üzə gətirib. Trampın qaba və özündən razı siyasəti təbii ki, Ankara tərəfindən müsbət qəbul olunmayacaq. Hazırda Vaşinqton Türkiyəyə qarşı sanksiyalara əl atıb. Bununla Türkiyənin siyasətində dyişiklik edəcəklərini zənn edirlər. Ancaq hesab edirəm ki, Ərdoğan hakimiyyəti heç də Vaşinqtona güzəştə getməyəcək. Hazırda Türkiyənin milli valyutası dollar qarşısında dəyər itirir. Türkiyə iqtisadiyyatına milyonlarla ziyan dəyir. Həmçinin, Tramp Türkiyədən idxal olunan polad və alüminiumun rüsumlarını qaldırmaqla Ankaranın milli gəlirləinə təsir etməyə çalışır. Bundan əlavə, Türkiyəyə F-35 təyyarələrinin satışını da dondurdu. Göründüyü kimi, keşiş Bronsonun həbsini və Rusiyadan alınan S 400 raketlərini bəhanə edən Ağ Ev Türkiyəyə qarşı bu siyasətə əl atıb. Türkiyəni özünə tabe etdirmək və Vaşinqtonun iradəsi ilə hərəkət etməyə vadar etmək istəyir. Prezident Ərdoğan Trampa qarşı sərt duruşu və siyasəti ilə cavab versə də, hesab edirəm ki, problemlərin həlli mümkündür. İki müttəfiq ölkə bir araya gələrək, əvvəlki əlaqələri bərpa etmək potensialına malikdir. Ərdoğan son illərdə Rusiya və Çinlə siyasi-iqtisadi əməkdaşlığı genişləndirir. Məhz Ərdoğan müttəfiq arayışında olduğunu deməklə Rusiya və Çini nəzərdə tutur. Amma bu dövlətlər ABŞ kimi beynəlxalq gücə sahib ölkələr deyil. Ankara və Vaşinqton hesab edirəm ki, bir müddətdən sonra masa arxasında oturub problemləri həll edəcəklər”.
Vidadi ORDAHALLI