Vüqar Qədirov: “Ermənistan kimi dilənçi bir ölkənin belə imkanı yoxdur ki, nağd pula Rusiyadan silah alsın”
Rusiyada hakimiyyətə yaxın “Nezavisimaya qazeta”nın məqaləsində Ermənistana güzəştli kreditlə silah satışından və əvəzində İrəvanın indiki rəhbərliyinin NATO, Qərblə yaxınlaşmaq səylərindən bəhs edilir.
Məqalədə silahların Ermənistana daha kreditlə yox, nağd pula təklif edilə biləcəyinə eyham vurulur: “Kreditlə silah təchizatı adi məsələdir. Hərbi-texniki əməkdaşlığa cəlb edilmiş ölkələrin praktiki olaraq hamısı bu üsuldan istifadə edir. Səbəblər isə müxtəlif ola bilər, amma hamısı siyasidir: məhz bu yolla silah istehsal edən ölkə onu satmaq üçün dövlət ixrac krediti ayırırsa, deməli, krediti alan ölkə müttəfiq də olmasa, ən azından, çox yaxın partnyor, dost kimi nəzərdən keçirilir. Ermənistan da uzun illərdir Rusiya üçün məhz belə idi. İrəvan Moskvadan siyasi dəstək də alırdı, hərbi dəstək də. Kremlin Dağlıq Qarabağa dair mövqeyi də kifayət qədər aydın idi. Məhz buna görə də 2015-ci ildə Rusiya Ermənistana 200 milyon dollar silah krediti ayıranda heç kim təəccüblənmədi. Ötən ay həmin kredit müqaviləsi çərçivəsində Ermənistana silah təchizatı yekunlaşıb”.
Xatırladılır ki, həmin kredit müqaviləsi çərçivəsində Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri, “İqla-S” daşınan zenit-raket kompleksləri, “Avtobaza-M” radiotexnki kəşfiyyat sistemi, TOS-1A “Solntsepyok” ağır odsaçan sistemləri və digər silahlar alıb.
Lakin qəzet qeyd edir ki, Ermənistanın indiki rəhbərliyi kredit hesabına müasir silahları Rusiyadan aldığı halda, son vaxtlar Qərblə münasibətlərini möhkəmləndirməyə çalışır. Bu kontekstdə, Nikol Paşinyanın NATO sammitində iştirak etmək üçün Brüsselə səfər etməsi, Avropa İttifaqı ilə danışıqları xatırladılır: “Üstəlik, KİV-lər xəbər verir ki, erməni tərəfi Cənubi Qafqazda vahid qaz nəqli sisteminə qoşula və Ermənistanın NATO-nun, ABŞ-ın strateji tərəfdaşı kimi nəzərdən keçirildiyi “Yol xəritəsi”ni qəbul edə bilər”.
Xatırladaq ki, bundan əvvəl “Kommersant” Rusiyanın Ermənistana güzəştli silah kreditinin ikinci tranşını - 100 milyon dolları ayırmaqdan imtina edə biləcəyini yazmışdı.
Rusiyanın Ermənistana kreditlə deyil, nağd pulla silah satması nə dərəcədə real görünə bilər?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, bunun ola biləcəyi Paşinyanın Rusiya ilə gələcək münasibətlərini necə quracağından asılıdır: “Şimal qonşumuz əsasən silah satıcısı kimi tanınıb. Dünyada silah satışında ciddi rəqabət var. Bu baxımdan da Rusiya hətta münasibətləri normal olmayan ölkələrə belə silah satmaqda maraqlıdır. Ermənistan nağd alış-veriş edən ölkə deyil. Aydındır ki, Rusiya onlara silahı kreditləşmə şərtlərinə uyğun şəkildə verirdi. Bunun da iqtisadi deyil, siyasi səbəbləri olub. İqtisadi səmərə baxımından Rusiyaya Ermənistana silah satmaq heç vaxt sərf etməyib. Bunu ona görə ediblər ki, Ermənistan da onların dedikləri ilə tam oturub-dursun. Paşinyandan əvvəlki hakimiyyətlər Rusiyanı tam qane etdiyi üçün, belə söz-söhbət də ortaya çıxmırdı. Məlumdur ki, Ermənistana heç kim kredit şərtləri ilə həmin həcmdə silahları verməyəcək. Ermənistanın Rusiya silahına alternativ tapmağa və başqa ölkələrin tədarükçülərinə bağlanmağa qabil olduğu haqda gümanları fantastikadan başqa nəsə deyil.
Rusiyanın Ermənistan hökumətinin hərəkətindən hirsi praktik müstəviyə keçərək əvvəllər razılaşdırılmış silah və texnika tədarükünü təhlükə altında qoya bilər. Moskva və İrəvan arasında anlaşılmazlıq KTMT baş katibinin həbsindən sonra getdikcə daha ciddi miqyaslar alır. Ermənistana Rusiya silahlarının tədarükü müəyyən edilən daxili qiymətlərlə həyata keçirilir. Bu qiymətlər digər silah alıcıları üçün nəzərdə tutulandan xeyli aşağıdır. Rusiyaya siyasi təzyiqləri artırmaq lazım olsa, silahı Ermənistana pula satacağını deyəcək. Bu da mədəni şəkildə “Sənə silah vermirəm” anlamına gəlir. Çünki Ermənistan kimi dilənçi bir ölkənin belə imkanı yoxdur ki, nağd pula Rusiyadan silah alsın.
Ermənistan o qədər varlı ölkə deyil ki, hərbi-texniki əməkdaşlığın dünya bazarı qiymətlərinə silah sistemləri əldə edə bilsin. Rusiya tədarüklərinin kəsilməsi İrəvan üçün ciddi zərbə olar və ölkənin müdafiə bacarığında dərhal əksini tapacaq”.
Məhəmmədəli QƏRİBLİ