Əhəd Məmmədli: “Ermənistanda Qərb-Rusiya qarşıdurması açıq müstəviyə keçsə...”
Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, ölkədə yeni situasiya yaranıb və buna hamımız, o cümlədən Rusiya da adaptasiya olmalıdır. Paşinyan, həmçinin, 17 avqust mitinqinin Lavrovun çıxışıyla bağlı olmadığını və yalnız hakimiyyətinin 100 günlüyü ilə bağlı təşkil edildiyini bildirib.
Qeyd edək ki, bundan öncə Rusiya xarici işlər naziri Sergey Lavrov Paşinyan hökumətini tənqid edərək, onun öz sələflərini təqib etdiyini açıqlamışdı: ”Ermənistanda baş verənlər ölkənin yeni rəhbərliyinin sələflərinin təqib edilməyəcəyinə dair vədlərinə ziddir”. Bundan sonra Paşinyan 17 avqustda əhalini mitinqə çağırdı.
Paşinyanın Rusiyanı Ermənistanda yeni situasiyaya uyğunlaşmağa çağırması nəyin əlaməti sayıla bilər?
Politoloq Əhəd Məmmədli qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyan bu açıqlaması ilə Rusiyaya bəzi mesajlar verməyə cəhd edib: “Paşinyan bununla demək istəyir ki, Ermənistan artıq əvvəlki ölkə deyil. O istəyir ki, Rusiya onun simasında dəyişdirilən Ermənistana özünün forpostu kimi baxmasın. Aydın görünür ki, Paşinyan Qərbin sifarişlərini yerinə yetirir. Artıq onun bu sözləri Rusiyada narazılıq doğurub. Paşinyanın bu sözlərinə cavab olaraq qondarma “Dağlıq Qarabağ Respublikası”ndan cavab gəldi. Onlar dərhal bildirdilər ki, rus və erməni xalqlarının münasibətləri tarixi köklərə bağlıdır. Bu bir daha sübut edir ki, Rusiyanın istər Ermənistanın daxilində, istərsə də Dağlıq Qarabağda ciddi təsir rıçaqları mövcuddur”.
Politoloqun sözlərinə görə, eks-prezident Köçəryanın azadlığa buraxılması bir daha sübut edir ki, Paşinyan Rusiyanın təzyiqlərinə tab gətirə bilmir: “Gözlənildiyi kimi, onu çox həbsdə saxlaya bilmədilər. Ermənistanda yerli ermənilərlə Qarabağ erməniləri arasında ciddi qarşıdurma gözlənir. Buna, bir növ, Qərb-Rusiya qarşıdurması da deyə bilərik. Bu mövqe davam etsə, Ermənistanı bir dövlət olaraq böyük faciələr gözləyə bilər. Çünki Ermənistanda Qərb-Rusiya qarşıdurması açıq müstəviyə keçsə, Rusiyanın qalib gələcəyini düşünürəm. Bu olan halda isə Azərbaycan üçün torpaqlarını qaytarmağa tarixi şans yaranacaq. Hələlik Paşinyan manevrlər etdiyini düşünür, ancaq proseslər dalana dirənmək mərhələsindədir”.
Məhəmmədəli QƏRİBLİ