Məhərrəm Zülfüqarlı: “Ermənistan hakimiyyəti yalan vədlər və təbliğat hesabına ictimaiyyəti aldadır”
Ermənistan mətbuatı böyük sevinclə yazıb ki, İranın energetika naziri Reza Ardakanyan Rusiya Federasiyasının Ermənistan ərazisi ilə elektrik enerjisi ilə təmin edilməsi ilə bağlı danışıqların başlanmasını elan edib.
Erməni saytları iranlı nazirin fikirlərini təhrif edərək iddia edirlər ki, guya burada söhbət yalnız Ermənistandan gedir: “Rusiyanı elektrik enerjisi ilə təmin etmək imkanları barədə Ermənistanla danışıqlara başlamışıq”.
Ancaq İranın energetika naziri Reza Ardakanyan sözügedən məsələdə təkcə Ermənistanın adını çəkməyib. Onun sözlərinə görə, İran Rusiyaya elektrik enerjisi ixrac etmək üçün Azərbaycan və Ermənistanla danışıqlar aparır: “Artıq bu iki ölkə ilə danışıqlara başlamışıq”, - iranlı nazir bildirib. Onun sözlərinə görə, İran Avropanın elektrik şəbəkəsinə qoşulmaq niyyətindədir: “Bu xəttə şimal qonşularımız vasitəsilə qoşulmaq istəyirik”.
İranlı nazir bu məsələdə Ermənistanın adını çəksə də, reallıq ondan ibarətdir ki, bununla bağlı adıçəkilən ölkə uyğun deyil. Ən azından ona görə ki, Ermənistan Rusiya ilə həmsərhəd deyil. Bundan ötrü gərək Gürcüstan üzərindən də xətt çəkilsin.
Ermənistandan fərqli olaraq, Azərbaycan Rusiya ilə həmsərhəddir və elektrik enerjisinin mübadiləsi ilə bağlı müasir infrastruktura malikdir. Ümumilikdə, “Şimal-Cənub” elektroenergetika dəhlizinin yaradılması üçün əsas işlər İranla bağlıdır. Bu ölkənin elektrik enerjisi sisteminin fərqli olması səbəbindən proses müəyyən vaxt tələb edir. Artıq Azərbaycanın iştirakı ilə “Şərq-Qərb” enerji dəhlizinin yaradılması təmin edilib. Bu dəhliz üzərindən üç ildir Gürcüstan və Türkiyəyə elektrik enerjisi ötürülür. Təkcə bu ilin ilk 6 ayında Azərbaycandan xaricə 54,6 milyon dollar dəyərində elektrik enerjisi ixrac olunub.
Bütün bunlardan çıxış edərək, Ermənistanın sözügedən məsələdə hər hansı bir rol oynaya biləcəyini iddia etmək nə dərəcədə reallığa uyğundur?
Məsələyə münasibət bildirən ekspert Məhərrəm Zülfüqarlının sözlərinə görə, Ermənistan bununla bağlı iqtisadi və digər parametrlərə uyğun deyil: “Ermənistan mövcud iqtisadi vəziyyət səbəbindən belə layihələri həyata keçirmək iqtidarında deyil. Bunu Ermənistan rəsmiləri də gözəl bilirlər. Sadəcə, Ermənistan hakimiyyəti yalan vədlər və təbliğat hesabına ictimaiyyəti aldadır. Ermənistanın İranla quru sərhədinə malik olması hələ hər şey demək deyil. Bu imkana İranın şimal qonşusu olan Azərbaycan malikdir. Bundan başqa, Ermənistanın elə iqtisadi imkanı yoxdur ki, öz vəsaiti hesabına elektrik enerjisinın ötürülməsi ilə bağlı infrastruktur yarada bilsin. Belə imkana sahib olmayan ölkə böyük layihələrdə iştirak edə bilməz. Bundan başqa, ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar bu məsələdə Ermənistana da öz təsirini göstərəcək. Ona görə də Ermənistan, əvvəlkindən fərqli olaraq, İranla münasibətləri inkişaf etdirə bilməz. Başqa bir tərəfdən, İranın əvvəllər də Ermənistanla bağlı müəyyən layihələri var idi. Məsələn, istəyirdilər Mehri rayonu vasitəsilə Ermənistana dəmir yolu çəksinlər. Ancaq İran bu layihənin perspektivinə inanmadığı üçün, Astaradan Rəşdə dəmir yolunun çəkilməsinə üstünlük verdi. Hansı ki, şimaldan Rusiya həmin dəmir yoluna birləşməklə böyük dəhliz yaranacaq. Bunun da adı “Şimal-Cənub” nəqliyyat dəhlizidir. Ona görə də Ermənistan praktiki olaraq böyük layihələrdə yoxdur və bundan sonra da iştirak etmək perspektivinə sahib deyil”.
Vidadi ORDAHALLI