Rusiyadan gələn bütün siqnal və xəbərdarlıqlara rəğmən, Ermənistanda mövcud hakimiyyət Moskvanın istəklərinə zidd addımlar atmaqda davam edir. Xüsusən də sabiq prezident Robert Köçəryanın həbsi fonunda bu məsələ özünü daha qabarıq şəkildə büruzə verir. Xatırladaq ki, məhz Köçəryanın həbsindən sonra Kreml açıq şəkildə hadisələrin bu şəkildə inkişafından narazılığını dilə gətirmişdi.
Xatırladaq ki, 2008-ci il martın 1-də Ermənistanda keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və ölkədə konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində Robert Köçəryan həbs edilib, KTMT-nin fəaliyyətda olan baş katibi Yuri Xaçaturova qarşı isə ittiham irəli sürülüb. Bununla əlaqədar Rusiya xarici işlər naziri Sergey Lavrov tənqidi bəyanat verib. O vurğulayıb ki, Ermənistanda cərəyan edən hadisələr ölkənin yeni rəhbərliyinin siyasi sələflərini təqibə məruz qoymayacağına dair bəyanatları ilə ziddiyyət təşkil edir: "Bir müttəfiq kimi Ermənistanda baş verənlər Moskvanı narahat edir və bu narahatlıq bir neçə dəfə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb". Amma Ermənistanın baş naziri Nikol Paşinyanın son açıqlamaları İrəvanda Moskvanın narahatlıqlarının diqqətə alınmadığını göstərir. Qeyd edək ki, bu günlərdə Ermənistanın Baş naziri Azərbaycanın Tovuz rayonu ilə sərhədində yerləşən Berd şəhərinə səfər edərək bir sıra görüşlər keçirib, əhalinin və jurnalistlərin suallarını cavablandırıb. Məhz burada Paşinyan Moskvanın Ermənistan daxilində baş verən son siyasi proseslərdən narahatlığının əsassız olduğunu bildirib. Onun sözlərinə görə, Moskva Ermənistandakı dəyişikliklərə uyğunlaşmalıdır. Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanın son günlərdə atdığı addımları tənqid etməsilə bağlı ən son bəyanatına dair şərh almaq istəyən jurnalistlərə açıqlamasında Paşinyan bəyan edib: “Ermənistanda artıq yeni vəziyyət yaranıb və biz hamımız, o cümlədən də rusiyalı tərəfdaşlarımız bu yeni vəziyyətə adaptasiya olmalıdır. Odur ki, hər şey qaydasındadır”. Beləliklə, Paşinyan açıq şəkildə bəyan edir ki, Köçəryanın həbsi daxili məsələdir və Rusiya buna qarışmamalıdır. Erməni ekspert Ruben Abramyan isə qeyd edir ki, məsələyə belə yanaşma tərzinin Ermənistan üçün mənfi nəticələri olacaq: “Paşinyan hakimiyyətinin son yanaşması göstərir ki, Ermənistanda Rusiyanın nəzarətindən kənar iqtidar formalaşır. Moskva isə çətin ki, bunu qəbul etsin. Ona görə Ermənistana Rusiyadan yeni təzyiqlərin olması qaçılmazdır. Bura siyasi, hərbi, iqtisadi və digər formada təzyiqlər daxildir. Məsələn, artıq təbii qazın qiymətinin Rusiya tərəfindən qaldırılmasından danışılır. Eləcə də Dağlıq Qarabağ məsələsi Rusiyanın əlində ən əsas təzyiq vasitələrindən biridir. Moskva bu kartdan, yəqin ki, istifadə edəcək. O halda da Qarabağ məsələsində Ermənistan onun üçün sərfəli olmayan bir vəziyyətə düşəcək. Bura hərbi əməliyyatların yenidən başlanması, Azərbaycanın nəzarətinə yeni ərazilərin qaytarılması kimi məsələlər də daxildir”.
Belə bir vaxtda xüsusi maraq doğuran məqamlardan biri artıq Rusiya prezidenti Vladimir Putin səviyyəsində Ermənistanda baş verənlərdən narazılıq və narahatlıq ifadə olunmasıdır. Belə ki, TASS agentlyinin məlumatına əsasən, Aktauda Qazaxıstan prezidenti Nursultan Nazarbayev Vladimir Putinlə görüşdə Ermənistanda barəsində istintaq gedən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturov ətrafındakı vəziyyətlə bağlı məsələ qaldırıb. Nazarbayev bildirib: “Əsas məsələ bizim üçün problem olan KTMT baş katibi barədə olayı müzakirə etməkdir”. Putin isə Nazarbayevə dəstək verib: “KTMT və Avrasiya İqtisadi İttifaqı çərçivəsində geniş müzakirələr üçün böyük gündəlik və proqramlar mövcuddur. Və sizin qeyd etdiyiniz problem xarakterli suallar da gündəlikdə var”. Bir daha qeyd edək ki, Ermənistanın Xüsusi İstintaq Xidməti Yuri Xaçaturova qarşı 1 mart 2008-ci il tarixdə nümayişin dağıdılması ilə bağlı ittiham irəli sürüb. Həmin dövrdə Xaçaturov Ermənistan silahlı qüvvələrinin İrəvan qarnizonuna rəhbərlik edib. Xaçaturov saxlansa da, daha sonra azad edilib. Yuri Xaçaturov 2017-ci ildə KTMT-nin baş katibi təyin olunub. Onun səlahiyyət müddəti 2020-ci ildə sona çatır. İndi Rusiya onun ətrafında baş verənləri KTMT-nin nüfuzuna ciddi zərbə sayır. Artıq məsələdən Putinin də narahatlığını ifadə etməsi Moskvanın İrəvana qəzəbinin artdığını nümayiş etdirir. Aydındır ki, bunun mütləq şəkildə Ermənistana təsiri olacaq. Rusiyada hakimiyyətə yaxın “Nezavisimaya qazeta”nın yazdıqlarından isə belə bəlli olur ki, əslində, bu təsirlər artıq özünü göstərir. Qəzetin redaksiya məqaləsində Ermənistana güzəştli kreditlə silah satışından və əvəzində İrəvanın indiki rəhbərliyinin NATO, Qərblə yaxınlaşmaq səylərindən bəhs edilir. Burada açıq şəkildə Rusiyadan satılan silahların Ermənistana daha kreditlə yox, nağd pulla təklif edilə biləcəyinə diqqət yetirilir: “Kreditlə silah təchizatı adi məsələdir. Hərbi-texniki əməkdaşlığa cəlb edilmiş ölkələrin praktiki olaraq hamısı bu üsuldan istifadə edir. Səbəblər isə müxtəlif ola bilər, amma hamısı siyasidir: məhz bu yolla silah istehsal edən ölkə onu satmaq üçün dövlət ixrac krediti ayırırsa, deməli, krediti alan ölkə, müttəfiq də olmasa, ən azından çox yaxın partnyor, dost kimi nəzərdən keçirilir. Ermənistan uzun illərdir Rusiya üçün məhz belə idi. İrəvan Moskvadan siyasi dəstək də alırdı, hərbi dəstək də. Kremlin Dağlıq Qarabağa dair mövqeyi də kifayət qədər aydın idi. Məhz buna görə də 2015-ci ildə Rusiya Ermənistana 200 milyon dollar silah krediti ayıranda heç kim təəccüblənmədi. Ötən ay həmin kredit müqaviləsi çərçivəsində Ermənistana silah təchizatı yekunlaşıb”. O da xatırladılır ki, həmin kredit müqaviləsi çərçivəsində Ermənistan Rusiyadan “Smerç” reaktiv yaylım atəşi sistemləri, “İqla-S” daşınan zenit-raket kompleksləri, “Avtobaza-M” radiotexnki kəşfiyyat sistemi, TOS-1A “Solntsepek” ağır odsaçan sistemləri və digər silahlar alıb.
Lakin qəzet qeyd edir ki, Ermənistanın indiki rəhbərliyi kredit hesabına müasir silahları Rusiyadan aldığı halda, son vaxtlar Qərblə münasibətlərini möhkəmləndirməyə çalışır. Bu kontekstdə Nikol Paşinyanın NATO sammitində iştirak etmək üçün Brüsselə səfəri, Avropa İttifaqı ilə danışıqları xatırladılır: “Üstəlik KİV-lər xəbər verir ki, erməni tərəfi Cənubi Qafqazda vahid qaz nəqli sisteminə qoşula və Ermənistanın NATO-nun, ABŞ-ın strateji tərəfdaşı kimi nəzərdən keçirildiyi “yol xəritəsi”ni qəbul edə bilər”. “Nezavisimaya qazeta” Ermənistanın indiki rəhbərliyinin günahları sırasında KTMT-nin baş katibi Yuri Xaçaturovu Rusiya ilə məsləhətləşmədən cinayət məsuliyyətinə cəlb etməsi, hətta barəsində ev dustaqlığı qərarı çıxarmasını xatırladır: “Axı belə hərəkətlər KTMT-yə elə zərbə vurur ki, onu blokun üzvlərinə qarşı birbaşa təcavüzlə müqayisə etmək olar. Hələ bu yandan Ermənistan müdafiə naziri David Tonoyan jurnalistlərin qarşısında Rusiyadan alınan silahları tərifləyir, onların modernizə edildiyini və müasir silahlar olduğunu deyir. Və dərhal da əlavə edir ki, Ermənistanla Rusiya arasında hərbi müttəfiqlik müqaviləsinə yenidən baxıla, bəzi bəndlər oradan çıxarıla bilər. Bəlkə daha sadə davranmaq - müasir silahları kreditlə yox - tarixi təcrübəyə əsasən, bu cür kreditlər əslində geri qayıtmır - nağd pula satmaq lazımdır? O zaman hər şey ədalətli olardı, qarşılıqlı inciklik yaranmazdı”.
Xatırladaq ki, bundan əvvəl “Kommersant” qəzeti də Rusiyanın Ermənistana güzəştli silah kreditinin ikinci tranşını - 100 milyon dolları ayırmaqdan imtina edə biləcəyini yazmışdı. Bütün bunlar isə Rusiyanın Ermənistana qarşı cəza tədbirlərinin bir hissəsi sayılır. Amma belə tədbirlərin davamlı və genişmiqyaslı xarakter daşıması Ermənistan üçün ciddi zərbə sayılır və yuxarıda qeyd olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin gedişinə də birbaşa təsir edir. Çünki Rusiyanın dəstəyi olmadan Ermənistanın Azərbaycan qarşısında duruş gətirməsi sadəcə mümkünsüzdür. Ermənistan isə, göründüyü kimi, Rusiyadan aldığı dəstəyi sürətlə itirir. Digər tərəfdən, Ermənistanı cəzalandırmaq üçün Moskva özü də işğal altındakı ərazilərin daha bir qisminin yaxın tezlikdə Bakının nəzartəinə qayıtmasında maraqlı tərəf kimi çıxış edir. Elə bu da yaxın tezliklə zəbt edilmiş ərazilərin daha bir hissəsinin geri qayıdacağını deməyə əsas verir. Hadisələrin məhz bu səpkidə inkişaf edəcəyini erməni politoloq Stepan Safaryan da təsdiq edir. O bildirir ki, bu gedişlə Ermənistan ərazilərin daha bir hissəsini qaytarmalı olacaq: “Azərbaycan öz gücündən istifadə edərək təzyiq göstərir, həmçinin Minsk Qrupu, o cümlədən Rusiya da Bakının hazırkı mövqeyindən çıxış edir. Paşinyan Qarabağın danışıqlarda tərəf kimi iştirakını təklif etdi, lakin Bakı bunu qəbul etmədi, Minsk Qrupu da bu məsələ ilə bağlı olmamış kimi davrandı. Bu, Ermənistanın mövqelərinin zəif olduğunu göstərir. Bu gedişlə biz ərazilərin qaytarılması ilə nəticələnən prosesi görəcəyik”. Yaranmış vəziyyətdə Safaryan Ermənistanın, diqqətini daxili proseslərdən ayıraraq, Qarabağda müharibəyə hazırlaşmalı olduğunu bildirib. Erməni hərbi ekspert Mqer Akopyan isə erməni hərbi birləşmələrinin bu durumda silaha sarılmasının belə ciddi dəyişikliyə gətirib çıxarmayacağıın vurğulayır: “Əsas vəzifəmiz Qarabağda əlverişli mövqelərdə cəbhə qurmaq və geri çəkilməmək olsa da, hadisələr fərqli istiqamətdə cərəyan edir. Hazırda Ermənistanın daxili problemlərinin olması da durumu ağırlaşdırır”. Erməni ekspert qeyd edib ki, Ermənistanda siyasi kataklizmlər Azərbaycanın xeyrinədir və rəsmi Bakı baş verənləri yaxşı anlayır. Bu durumda o, Bakı ilə anlaşmağın daha məqbul olduğunu, əks təqdirdə Ermənistanı kifayət qədər böyük problemlərin gözlədiyini də açıq etiraf edir.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.