Azərbaycan üçün ən mühüm hadisələrdən biri, heç şübhəsiz, Xəzərin hüquqi statusunun müəyyən edilməsi istiqamətində Qazaxıstanın Aktau şəhərində növbəti mühüm addımın atılmasıdır. Əslində, bu məsələ bütün Xəzəryanı ölkələr üçün böyük əhəmiyyətə malikdir. Belə görünür ki, qarşıdakı dövr ərzində Xəzəryanı dövlətlərin dənizdə çox mühüm və olduqca vacib əməkdlaşlığına start veriləcək. Bundan qazanan əsas dövlətlərdən biri isə məhz Azərbaycan olacaq.
Xatırladaq ki, avqustun 12-də Aktau şəhərində Xəzəryanı ölkələrin dövlət başçılarının beşinci Zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub. Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb. Ekspertlər bütün bunları dənizin status probleminin həllində irəliyə doğru atılmış vacib addım hesab edir. Yeni Konvensiyaya görə, hər bir dövlət Xəzər sahilindən 15 mil məsafəyə malik olacaq. Bundan başqa, sahil dövlətləri 10 mil məsafədə balıq tutma hüququna malikdir. Qalan ərazilər ümumi istifadədə olacaq. Bu, Xəzərin üst hissələrinə aiddir. Konvensiyaya görə, sahil ölkələri öz aralarında razılaşsalar, Xəzərin dibi ilə boru xətləri çəkilə bilər. Ancaq digər sahil ölkələri də bundan xəbərdar edilməlidir və dənizin ekologiyasına zərər vurulmamalıdır. Belə vəziyyət o deməkdir ki, bundan sonra Türkmənistanla Azərbaycan arasında Xəzərin dibi ilə “Transxəzər” boru xətti tikilə bilər. Rusiya və İranın buna hansısa maneə yaratmayacağı gözlənir. Ümumiyyətlə, qarşıdakı dövrdə Xəzərdə modifikasiya olunmuş orta xətlə bölgü aparılacaq və əslində, hüquqi baza Azərbaycanın, Qazaxıstanın və Rusiyanın təklif etdiyi şəkildə həyata keçir. Digər tərəfdən, Xəzərin statusu müəyyənləşəndən sonra Azərbaycanla Türkmənistanın dənizdə yeni əməkdaşlıq əlaqələri qurmaları da olduqca rahat olacaq. Ekspertlər bildirir ki, Türkmənistan öz qazını Avropaya nəql etmək üçün Azərbaycanla yaxın tezlikdə razılığa gələcək və Xəzərin dibi ilə boru xəttinin tikintisi baş tutacaq. Xəzərdə Azərbaycanla Türkmənistan arasında mövcud olan mübahisəli “Kəpəz” yatağının da artıq birgə işlənilməsi proqnozlaşdırılır. Beləliklə, Azərbaycanla Türkmənistan arasında mübahisəni davam etdirəcək faktor qalmır. Xəzərin dibi ilə boru xəttinin tikintisini, Türkmənistandan və Azərbaycandan başqa, Türkiyə, Avropa İttifaqı və ABŞ da istəyir. Elə İranla da artıq mübahisəli yataqlar məsələsinə son qoyulması gözlənir.
Xəzərin statusu ilə bağlı Konvensiyanın imzalanması və gələcəkdə Azərbaycanla İran və Türkmənistan aarasında Xəzərin dibinin bölüşdürülməsinə dair sazişlərin imzalanması bölgədə yeni əməkdaşlığın əsasını qoyur. Hesab edilir ki, bu, hər bir sahil dövləti üçün faydalı institusional formata çevrilə bilər. Bütün bunlar dənizdə Azərbaycanın qarşıdakı dövr ərzində daha güclü mövqe sahibinə çevriləcəyini göstərir. Belə vəziyyət isə indidən işğalçı Ermənistanda ciddi narahatlığa yol açıb. Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması artıq Ermənistanda narahatlıqla qarşılanıb. Sabiq prezident Serj Sarksiyanın faktiki rəhbəri olduğu Respublika Partiyasından deputat Armen Aşotyan Xəzərin hüquqi statusuna dair konvensiyanın imzalanması ilə bağlı qeyd edib ki, bu hadisə regionda uzunmüddətli və qlobal dəyişikliklərə səbəb ola bilər: “Bizim daxili siyasət qazanında qaynadığımız və bu mübarizədə əqrəblərlə dolu qabı xatırlatdığımız bir vaxtda regionda ciddi geosiyasi dəyişikliklər baş verir”. Armen Aşotyana görə, Xəzərin statusuna dair konvensiyada Ermənistan üçün təhdid yaradan mühüm məqamlar var: “Azərbaycan üçün dənizin maksimal sərfəli bölgüsü baş verib və o, Xəzər şelfində daha böyük həcmdə hasilat aparıb, daha iri həcmlərdə enerji daşıyıcılarının ixracını həyata keçirə bilər”. Erməni deputata görə, sənəddə “Transxəzər“ qaz kəmərinin çəkilməsi üçün beş ölkənin hamısının razılığının tələb edilməsi İran və Rusiyanın maraqları üçün olduqca mühümdür. Eləcə də konvensiya regiondan kənar oyunçuların Xəzərdə hərbi iştirakını istisna edir ki, bu da Rusiya və İran üçün çox vacibdir: “Faktiki olaraq, Rusiya və İran Azərbaycana strateji və uzunmüddətli qarantiyanın əvəzində Azərbaycana daha çox enerji daşıyıcıları güzəştə getdilər, bu da bizim qonşular arasında mövcud əlaqələri de-fakto daha da möhkəmləndirir”. Aşotyan qeyd edir ki, bütün bunlar Azərbaycanı daha güclü bir dövlətə çevirir ki, belə vəziyyət Ermənistan üçün müsbət heç nə vəd etmir.
Nahid SALAYEV