Akif Nağı: “Ermənistanın hərbi xidmətində olan şəxslər ordunun ehtiyacını ödəyə bilmədikləri üçün, vaxtilə müxtəlif xəstəlik səbəbindən çağırışdan azad olunmuş şəxslər yenidən hərbi xidmətə çağırılır”
Ermənistanda xəstəliyə görə çağırışdan azad olunmuş 600 nəfərə yaxın şəxs yenidən orduya çağırılıb. Ermənistanın hərbi komissarı, general-mayor Henrik Muradyan bildirib ki, ötən çağırış dövrlərində xəstəliyə görə xidmətdən azad olunmuş 600 nəfər yenidən orduya çağırılıb.
H.Muradyan qeyd edib ki, bu il müxtəlif xəstəliklərə görə çağırışçıların sayı azalıb: “Əvvəllər çağırışdan möhlət alanlar əsasən ürək-damar, dəri, nevroloji xəstəliklərdən əziyyət çəkənlər idi. Hazırda da möhlət götürənlər müəyyən əməliyyat keçirən çağırışçılar olub”.
Xəstəlik adı ilə çağırışdan azad olunmuş şəxslərin yenidən orduya qaytarılması Ermənistan ordusunda əsgər çatışmazlığı problemini ortaya çıxarır.
Məsələ ilə bağlı fikir bildirən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Ermənistan ordusu hazırda bərbad durumdadır. Bu səbəbdən də orduda xidmət üçün xəstə şəxslər də geri çağırılır: “Ermənistanın hərbi xidmətində olan şəxslər ordunun ehtiyacını ödəyə bilmirlər. Bu səbəbdən də vaxtilə müxtəlif xəstəlik səbəbindən çağırışdan azad olunmuş şəxslər yenidən hərbi xidmətə çağırılır”.
A.Nağı onu da əlavə etdi ki, Ermənistanda gənclər orduya getməmək üçün əlindən gələn edir: “Məlumdur ki, Ermənistanda böyük fərari ordusu yaranıb. O ölkənin təxminən 10000-15000 fərarisi var. Fərarilərin bir qismi xəstəlik adı ilə hərbi xidmətdən yayınır. Bəziləri isə orduda xidmət etməmək üçün Rusiyaya gediblər”.
Həmsöhbətimiz onu da qeyd etdi ki, xarici ekspertlər dəfələrlə açıqlamalarında hazırda Ermənistan ordusunun zəif dönəm yaşadığını bəyan ediblər. Hazırda Ermənistan ordusunda əsgər çatışmazlığı yaşanır.
Günel CƏLİLOVA