Günel Fərhadqızı: “O zaman İran buna ciddi etiraz etmişdi”
1992-ci ildən Xəzərin hüquqi statusu barədə Konvensiya ilə bağlı sahil dövlətlərinin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşdı, çünki indiyədək Xəzərin hüquqi statusuna hər bir dövlət milli maraqlarından çıxış edərək fərqli yanaşırdı.
Azərbaycan tərəfi uzun illər ərzində Xəzərin beynəlxalq hüquqi normalar çərçivəsində ədalətli bölgüsü prinsipini təklif etsə də, müəyyən süni maneələr yekun statusla bağlı razılaşma əldə edilməsinə imkan vermirdi. Sənəd üzərində iş 1996-cı ildən aparılıb. 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli saziş imzalanıb və tərəflər Xəzərin dibinin bölünməsinə dair yekun razılığa imza atıb.
Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixlərində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.
Bu il martın sonunda İran Prezidenti Həsən Ruhaninin Bakıya səfəri zamanı imzalanmış Xəzər dənizində müvafiq blokların birgə işlənilməsi haqqında Anlaşma Memorandumu 12 avqust Konvensiyasının razılaşdırılması yolunda mühüm tarixi əhəmiyyət daşıyan sənəd oldu.
Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir.
Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Göründüyü kimi, bu gün əldə olunan mühüm nəticə ilə bağlı illər əvvəl ciddi işlər görülüb. Bu xüsusda 2003-cü il mayın 14-də Astanada Azərbaycan, Rusiya və Qazaxıstan arasında "Xəzərin dibinin orta xətt üzrə milli sektorlara bölünməsi, su səthinin ümumi istifadəsi" haqqında üçtərəfli sazişi qeyd etmək olar.
Burada 2010-cu ildə Bakıda keçirilmiş 3-cü Xəzər zirvəsi tərəfindən imzalanmış Xəzərdə təhlükəsizlik məsələlərinə dair sazişi də qeyd etmək lazım gəlir.
2003-cü il mayın 14-də və 2010-cu ildə imzalanmış bu razılaşmaların yekun nəticənin əldə olunmasına hansı təsirləri var?
Ekspert Günel Fərhadqızının sözlərinə görə, Xəzərin statusu ilə bağlı Astanada əldə olunan razılaşma olduqca əhəmiyyətlidir: “Bu asan başa gəlməyib. Bilirsiniz ki, əvvəl bu bölgü iki ölkə arasında aparılıb. SSRİ dağılandan sonra İran daha dörd ölkə ilə razılıq əldə etməyə məcbur idi. Çünki Xəzərin sahilində artıq bir yox, dörd müstəqil dövlət yarandı. Bu səbəbdən də bir çox məsələlərdə məhz İranla fikir ayrılıqları ortaya çıxırdı. 2003-cü ildə Xəzərin statusu ilə bağlı üç ölkə mühüm razılıq əldə edə bildi. Söhbət 2003-cü il mayın 14-də imzalanan Xəzərin dibinin orta xətt üzrə bölünməsindən gedir. Üstündən 15 il keçəndən sonra digər iki Xəzəryanı ölkə də ortaq məxrəcə gələ bildi. Demək ki, həmin razılaşma bugünkü nailiyyətin əldə olunmasında baza rolunu oynayıb. Dəniz dibinin sektorlara bölünməsi prinsipi ilə baxsaq, bu, Azərbaycana xeyirdir. Çünki bizim sektor neft və qazla daha zəngindir. Regional təhlükəsizliyin təmin edilməsi baxımından qazanan tərəf regionda təhlükəsizliyi yalnız Xəzəryanı dövlətlərin edə biləcəyi fikrində israrlı olan Rusiya və İran oldu. Bununla bağlı mübahisələr SSRİ dağılandan bəri mövcuddur. Əslində, Xəzərin dibinin dəyişkən orta xətlə bölgüsü barədə Azərbaycan, Rusiya, Qazaxıstan və Türkmənistan razılığa gəlmişdilər. Lakin o zaman İran buna ciddi etiraz etmişdi. Çünki belə olan halda İrana dəniz şelfinin sadəcə 13-14%-i düşürdü. Ona görə Tehran, ümumiyyətlə, dənizin 5 bərabər hissəyə bölünməsini (hərəyə 20%) tələb edirdi. İran bu səbəbdən heç bir əsas olmadan “Sərdar Canqal” adlandırdığı yataqda qazıntı işlərinə başlamışdı. Elə Türkmənistanın özü də Azərbaycanla “Azəri”, “Çıraq”, “Kəpəz” yataqları ilə bağlı mübahisə aparırdı. Konvensiyada dənizin təkinin və dibin bölünməsi ilə bağlı belə bir cümlə var: “Xəzərin dibinin və təkinin bölünməsi beynəlxalq hüququn ümumqəbul olunmuş prinsip və normaları əsasında həmhüdud və sahilyanı dövlətlərin razılaşması ilə həyata keçirilir”. Bu da onu deməyə əsas verir ki, ölkələr öz aralarında bəzi məsələlərlə bağlı razılıq əldə edə biləcəklər”.
Məhəmmədəli QƏRİBLİ