Arzuxan Əlizadə: “Azərbaycan bu işdə vacib tranzit ölkə rolunu oynayacaq”
Məlum olduğu kimi, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti keçirilib.
Sammitin yekununda Xəzəryanı ölkələrin prezidentləri - İlham Əliyev (Azərbaycan), Vladimir Putin (Rusiya), Nursultan Nazarbayev (Qazaxıstan), Həsən Ruhani (İran) və Qurbanqulı Berdıməhəmmədov (Türkmənistan) Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalayıblar. Bundan əlavə, beş ölkənin vəzifəli şəxsləri bu Konvensiyadan irəli gələn digər mühüm sənədlərə imza atıblar.
Xatırladaq ki, 1996-cı ildən sözügedən sənəd üzərində iş aparılıb. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb.
Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın imzalanması 5 sahil ölkə üçün dönüş nöqtəsidir. Bütün ölkələr, xüsusən Azərbaycan Konvensiyadan daha çox iqtisadi fayda təmin edəcək, Xəzərin karobohidrogen ehtiyatlarının Qərb bazarlarına daşınması üçün dənizin dibindən kəmərlər çəkilməsi üzərində maneə aradan qaldırılacaq. Məsələ ondadır ki, sözügedən saziş Xəzəryanı ölkələr arasında logistikanın inkişafına müsbət təsir edəcək. Xüsusən də Mərkəzi Asiya ölkələrinin Azərbaycan vasitəsilə Avropaya çıxışına əlverişli şərait yaradacaq.
Bütün bunlarla yanaşı, Xəzərlə bağlı Konvensiyanın imzalanması Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qazaxıstan və Türkmənistanın Azərbaycanın tranzit imkanları hesabına öz enerji daşıyıcılarını Avropa bazarına daha stabil çıxarmasında necə rol oynayacaq?
Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, Konvensiya sözügedən məsələdə çox mühüm rol oynayacaq: “Çünki 5 dövlət arasında rəsmi razılaşma əldə olunub və Konvensiya beynəlxalq sənəddir. Nəzərə almaq lazımdır ki, Xəzərin statusunun həlli ilə bağlı danışıqların uzanması daha çox Türkmənistan və Qazaxıstanın ziyanına olub. O mənada ki, bu səbəbdən həmin ölkələr öz enerji resurslarını Avropa bazarına dayanıqlı şəkildə çıxara bilməyiblər. Xüsusən də böyük təbii qaz ehtiyatlarına malik olan Türkmənistan proseslərdən kənarda qalıb. Rəsmi Aşqabad Rusiya amilini nəzərə alaraq zaman-zaman Transxəzər layihəsinin ərsəyə gətirilməsindən çəkinib. Yalnız müəyyən neft resurslarını gəmi ilə daşıyıb, Bakı-Tiflis-Ceyhan neft kəmərinin imkanlarından yararlanıblar. Hesab edirəm ki, sözügedən razılaşmanın əldə edilməsindən sonra bu maneələr aradan qalxacaq. Bununla bağlı bir sıra layihələr reallaşdırılacaq. Yəni Xəzərin dibi ilə Azərbaycana qaz kəməri çəkiləcəyi güman olunur. Orta Asiya ölkələri fərqindədirlər ki, enerji resurslarının Avropa bazarına çıxarılması ilə bağlı ən uyğun tranzit ölkə Azərbaycandır. Azərbaycanda bununla bağlı ötən illər ərzində müasir infrastruktur qurulub. Sadəcə lazımdır ki, Orta Asiya ölkələri də buna qoşulsunlar. O baxımdan hesab edirəm ki, Xəzər dənizinin statusu ilə bağlı razılaşmanın əldə edilməsi Türkmənistan və Qazaxıstanın öz enerji resurslarını Avropa bazarına stabil çıxarmasına şərait yaradacaq. Azərbaycan bu işdə vacib tranzit ölkə rolunu oynayacaq”.
Vidadi ORDAHALLI