Yeganə Hacıyeva: “Tərəflərin Xəzər dənizindəki sərhədlərinə, suverenlik hüdudlarına baxışda konsolidativ yanaşmanın vacibliyi təklifi məhz Azərbaycan tərəfindən irəli sürülüb”
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V zirvə toplantısında sənədlərin imzalanması mərasimi olub. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin, İran Prezidenti Həsən Ruhani və Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov imzalayıblar.
Bundan əlavə, Xəzəryanı dövlətlərin müvafiq qurumlarının rəhbərləri tərəfindən bu Konvensiyadan irəli gələn digər mühüm sənədlər - Xəzər dənizində mütəşəkkil cinayətkarlığa qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol, Xəzəryanı dövlətlərin hökumətləri arasında ticari-iqtisadi əməkdaşlıq haqqında Saziş, Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Saziş, Xəzər dənizində insidentlərin qarşısının alınması haqqında Saziş və sərhəd xidməti idarələrinin əməkdaşlığı və qarşılıqlı əlaqələri haqqında Protokol imzalanıb.
Sammitin yekunlarına dair keçirilən mətbuat konfransında Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya tarixi əhəmiyyətli sənəddir: “Azərbaycan bu sənədin hazırlanmasının bütün mərhələlərində konstruktiv işləyib və digər Xəzəryanı ölkələr kimi bu sənədin imzalanmasına öz töhfəsini verib. Xəzər dənizinin ümumi hüquqi rejimini müəyyənləşdirən bu mühüm sənədi bu gün imzaladığımız üçün həmkarlarıma fəal işlərinə görə təşəkkürümü bildirmək istərdim.
Konvensiya imzalanana qədər də bizim ikitərəfli və çoxtərəfli münasibətlərimiz kimi, Xəzər təhlükəsizlik, sabitlik dənizi və Xəzərdə sabitliyin və təhlükəsizliyin qarantı idi. Xəzəryanı ölkələr arasında yüksək səviyyədə əməkdaşlıq, etimad və qarşılıqlı fəaliyyət mövcuddur və bu da təhlükəsizliyin və sabitliyin başlıca qarantıdır.
Bu gün Xəzərdə təhlükəsizlik və sabitlik bizim imzaladığımız Konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır".
Göründüyü kimi, Prezident Xəzərin statusu ilə bağlı məsələdə Azərbaycanın indiyə kimi olan bütün mərhələlərdə konstruktiv işlədiyini xüsusi olaraq diqqətə çatdırıb. Bu konstruktiv mövqe Xəzərin statusu ilə bağlı yekun sənədin imzalanmasında hansı rolu oynadı?
Politoloq Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, Qazaxıstanın Aktau şəhərində Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan prezidentlərinin iştirakı ilə Xəzəryanı ölkələrin V sammiti Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı imzalanması ilə yekunlaşdı: “Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın hazırlanması yönündə iş ilk dəfə 1996-cı ildən başlanmış və Xəzəryanı ölkələr bu sənədin bütün bəndlərinin razılaşdırılması üzərində 22 il işləmişlər. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin keçən ilin dekabr ayında Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Türkmənistan Prezidenti Qurbanqulu Berdıməhəmmədov, Rusiya Prezidenti Vladimir Putin və İran Prezidenti Həsən Ruhani imzalayıblar.
Paralel olaraq hər 5 ölkədən Xəzəryanı ölkələrin V sammitinə qatılan digər sahələrin vəzifəli şəxsləri bu Konvensiyadan irəli gələn bir neçə digər mühüm sənədləri imzalamışlar.
Məlumat üçün deyim ki, imzalanmış Konvensiyaya əsasən, Xəzər dənizi digər açıq dənizlərə şamil olunan BMT-nin Dəniz hüququna dair 1982-ci il Konvensiyası və ya transsərhəd qonşuların münasibətləri zamanı istifadə edilən prinsiplər şamil oluna bilinməyəcəyi xüsusi hüquqi statusa malik qapalı su hövzəsi statusunu alıb.
Konvensiyaya əsasən, Xəzərin su səthinin əsas hissəsi Xəzəryanı 5 ölkənin ümumi istifadəsində qalır, dibi və faydalı qazıntıların isə qonşu dövlətlər arasında beynəlxalq hüquq normalarına uyğun olaraq proporsional bölünməsi nəzərdə tutulur və bütün Xəzəryanı ölkələr gəmi nəqliyyatı, sualtı boru və xətlərin çəkilməsi və bir neçə digər əsas məsələlərdə ümumi razılığa gəliblər.
Konvensiya layihəsinin ilkin işlənməsi mərhələləri tərəflərin bir-birinə əks mövqeləri, beynəlxalq hüququn müddəalarının pozulması ilə nəticələnə biləcək yanaşmalarla müşayiət olunurdu, lakin sonrakı mərhələlərdə diplomatik səylər sayəsində tərəflər digər müxtəlif sahələrdə qarşılıqlı hörmət və qarşılıqlı kompromis təklifləri əsasında, dənizdə qarşılıqlı əlaqənin bütün istiqamətləri üzrə ümumi konsesusa gələ bildilər.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan bu istiqamətdə aparılan danışıqların bütün mərhələlərində konstruktiv davranış nümayiş etdirib və ölkəmizin bu mövqeyi Xəzərlə bağlı yekun aktın qəbulunda müstəsna rol oynayıb.
Xəzərin statusu haqqında müzakirələrin ilkin mərhələsində tərəflərin Xəzər dənizindəki sərhədlərinə, suverenlik hüdudlarına baxışda konsolidativ yanaşmanın vacibliyi təklifi məhz Azərbaycan tərəfindən irəli sürülüb. Uzun illər sonra Xəzər dənizinin statusu haqqında razılaşmanın əldə olunması üçün vacib olan digər məsələlərin də irəlü sürülməsinin təşəbbüsü bizdən gəlib. Məsələn, sahil dövlətlərinin suveren və müstəsna hüquqları, üzmə rejimi, nəqliyyat vasitələrinin Xəzər dənizindən dünya okeanına sərbəst çıxış-girişi və ya əks istiqamətdə sərbəst hərəkətliliyi, sualtı boru kəmərlərinin çəkilməsi və digər əsas məsələlərə də eyni konsolidativ yanaşma tətbiq olunub.
Qeyd edim ki, Konvensiya layihəsi ilə paralel, tərəflər beştərəfli formatda doqquz digər sənəd daxil olan, bütün maraqları əhatə edən geniş baza, müqavilə sənədi işləmişlər. Sammitdən sonra ilk yarım ildə bu baza yeddi yeni razılaşma ilə tamamlanacaq.
Bu sənədlər Xəzərin dibinin və təkinin bölünməsi zamanı yekun xətlərin cızılması və təyin edilməsi metodunun müəyyən edilməsi mexanizmləri, dənizin dibinin perimetr boyunca təhlükəsizlik zonası sektorlarının müəyyən edilməsi mexanizmləri və ən əsası, tərəflərin Xəzərdəki hərbi mövcudluğu və mükəlləfiyyətinin tənzimlənməsi mexanizmlərinin işlənməsini nəzərdə tutur. Göründüyü kimi, əldə olunan mühüm və hamını qane edən nəticədə Azərbaycan diplomatiyasının göstərdiyi konstruktiv və gərgin fəaliyyətin izləri aydın sezilməkdədir”.
Məhəmmədəli QƏRİBLİ