Aydın Mirzəzadə: “Dənizin statusu ilə bağlı razılaşmanın əldə olunması Xəzəryanı dövlətlər arasında xoş qonşuluq münasibətlərinin olmasının sübutudur”
Avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V zirvə toplantısında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiya imzalanıb. V Xəzər sammitinin yekununda İlham Əliyev, Vladimir Putin, Nursultan Nazarbayev, Həsən Ruhani və Qurbanqulu Berdıməhəmmədov öz imzaları ilə Xəzər dənizinin hüquqi statusunu müəyyən edən sənədi təsdiq ediblər.
1992-ci ildən Xəzərin hüquqi statusu barədə Konvensiya ilə bağlı sahil dövlətlərin ikitərəfli və çoxtərəfli görüşləri öz məntiqi yekununa yaxınlaşdı. Konvensiya layihəsi yekun olaraq Xəzəryanı ölkələrin XİN rəhbərlərinin 4-5 dekabr 2017-ci il tarixlərində Moskvada keçirilən müşavirəsində razılaşdırılıb. Konvensiyaya əsasən, Xəzəryanı ölkələr suverenlik, suveren hüquqlar, müstəsna hüquqlar və yurisdiksiyalarını həyata keçirir. Xəzərdə tarixi razılaşma dənizin hüquqi statusu ilə bağlı Xəzəryanı ölkələr arasında uzun illərdir sürən ziddiyyətlərin əməkdaşlıqla əvəzlənməsini təmin edir. Azərbaycan hüquqi statusla bağlı danışıqlar getdiyi bütün dövr ərzində beynəlxalq hüquqa və qaşılıqlı etimada söykənən milli mənafelərini müdafiə etdi. Digər qonşu ölkələr də xoş məram nümayiş etdirərək, Azərbaycanın milli maraqlarını müdafiəsi qarşısında müəyyən güzəştlərə getdilər.
O da məlumdur ki, müzakirələr getdiyi bütün dövr ərzində, xüsusən Konvensiya imzalanması ərəfəsində xaricdəki erməni lobbisi, erməni lobbisinə yaxın dairələr həm digər Xəzəryanı paytaxtlarda, həm də Qərb paytaxtlarında “Xəzər beşliyi” ölkələri arasında ziddiyyətləri qabartmağa çalışır, anlaşmanın baş tutmaması üçün fəaliyyət göstərirdilər. Xüsusən də Azərbaycanın Xəzəryanı dövlətlərlə münasibətlərini pisləşdirmək üçün müxtəlif vasitələrə əl atdılar. Təsir dairələrində olan media vasitələrində həqiqətə uyğun olmayan məlumatlar yaydılar və s. Ancaq sahilyanı dövlətlərin, xüsusən də Azərbaycan tərəfinin güclü siyasi iradəsi, daim xoş qonşuluq siyasətinə sədaqəti və xoş məramı bu konvensiyanın imzalanması yolunda maneələrin aradan qaldırılmasına gətirib çıxardı.
Maraqlıdır, bəs ekspertlər bunu necə dəyərləndirirlər? Yəni erməni lobbisinin bununla bağlı planlarının fiaskoya uğramasına Azərbaycan nəyin sayəsində nail oldu?
Məsələyə münasibət bildirən millət vəkili Aydın Mirzəzadənin sözlərinə görə, Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində erməni lobbisinin istəkləri fiaskoya uğradı: “Əvvəla Konvensiya ilə bağlı razılaşmanın əldə olunması Xəzəryanı dövlətlər arasında xoş qonşuluq münasibətlərinin olmasının sübutudur. Azərbaycanın bu məsələdə zəhməti həddən artıq böyükdür. Azərbaycan hakimiyyətinin, ilk növbədə cənab İlham Əliyevin məsələni diqqətdə saxlaması, bunun beynəlxalq hüquq normaları çərçivəsində həll edilməsinə səy göstərməsi nəticəsində bu sənəd razılaşdırıldı. Bütövlükdə, Konvensiyanın imzalanması 5 dövlətin ümumi uğurudur. Təsadüfi deyil ki, İran və Türkmənistan bu məsələdə fərqli mövqelərinə baxmayaraq, bu sənədin imzalanmasından razı qaldılar. Tərəflər bu sənədə istinadən Xəzər dənizinin imkanlarından yaxşı istifadə edəcəklər. Konvensiyanın imzalanması Ermənistanda və erməni lobbisini təmsil edən dairələrdə böyük narahatlıq doğurub. Bütün bunlar da təsadüfi deyil. Məsələ ondadır ki, razılaşma Azərbaycanın gücünü artırır, siyasi nüfuzunu göstərir. Bu, eyni zamanda, Azərbaycanın regionun lider dövləti olduğunu, beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyinə böyük diqqətlə yanaşıldığını göstərir. Ermənistan güclü Azərbaycan qarşısında tab gətirə bilməyəcəyinin kifayət qədər fərqindədir. Hesab edirəm ki, bu, Azərbaycanın axırıncı uğuru deyil. Xəzərin statusu kimi ağır bir məsələnin gündəlikdən çıxarılması Azərbaycanın diqqətini digər məsələlərin həllinə yönəldir. O cümlədən, Dağlıq Qarabağ məsələsinin tezliklə həll edilməsinə yönəldir”.
Vidadi ORDAHALLI