Telman Zeynalov: “Azərbaycanın atdığı addımlar Xəzərin ekoloji tarazlığının qorunmasında mühüm rol oynayıb”
Azərbaycan Prezidenti İlham Əliyev Xəzəryanı ölkələrin dövlət başçılarının V zirvə toplantısında sənədlərin imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxışı zamanı deyib:
“Azərbaycan Xəzərdə ekoloji vəziyyətin yaxşılaşmasına fəal və böyük töhfə verir. Hökumətimizin gördüyü tədbirlər xüsusən neft-qaz əməliyyatlarının həyata keçirildiyi zaman Xəzər dənizinin çirklənməsinin qarşısını almağa hədəflənib. Mən artıq sammit zamanı bu barədə danışmışam və bir daha demək istəyirəm ki, Azərbaycanın müstəqillik dövründə həyata keçirdiyi bütün neft-qaz əməliyyatları İSO beynəlxalq standartlarına uyğundur. Gələn il biz Xəzərdə neft çıxarılmasının 70 illiyini qeyd edəcəyik, bu da dəniz yataqlarında neftin ilk hasilatı idi. Əlbəttə, əvvəlki illərdə Xəzərin neft-qaz ehtiyatlarının istismarı zamanı Xəzərin ekologiyasına müəyyən dərəcədə ziyan dəyib. Lakin bu gün ölkəmiz mümkün olan hər şeyi edir ki, Xəzər ekoloji inkişaf, ekoloji sabitlik zonasına çevrilsin".
Azərbaycanın Xəzərdə həyata keçirdiyi neft-qaz əməliyyatları dənizin bioresursları və ekologiyasının qorunmasında hansı rolu oynayıb?
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov qəzetimizə açıqlamasında bildirdi ki, Xəzərdəki ekoloji tarazlığın qorunması yalnız bir dövlətdən asılı olan məsələ deyil: “Bilirsiniz ki, bu dənizə iddia edən 5 ölkə var. Onların hamısının dənizə birbaşa çıxışı mövcuddur. Dənizdəki ekoloji tarazlığın qorunması deyiləndə, yalnız suyu çirkləndirmək başa düşülməməlidir. Bura dənizin flora və faunasının da qorunması aid edilməlidir. Bəli, dənizin ekosisteminin mühafizəsi ilə bağlı Azərbaycan üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib. Ancaq bir də görürsən ki, hansısa hesabatlarda, məsələn, nərə balıqlarının tutulması ilə bağlı Xəzərdəki vəziyyət tənqid olunur və orada bütün Xəzəryanı ölkələrin adı çəkilir. Bunu doğru saymıram. Prezident səviyyəsində qeyd olunur ki, biz Xəzərdə gördüyümüz işlərdə İSO standartlarına riayət etmişik. Bu, məsuliyyətli bəyantdır. Azərbaycanda tam əminlik olmasa, ölkə başçısı belə fikri səsləndirməz. Biz nərə balıqlarının ovlanmasının qarşısının alınması ilə də bağlı beynəlxalq standartlara tam əməl etmişik. Bir də görürsən gəlib burada monitorinq aparırlar və sual verirlər ki, bəs bazarlarda satılan balıqlar nədir? Mən tam əminliklə onlara söyləyirəm ki, onları süni üsulla yetişdirirlər, dənizə heç bir aidiyyəti yoxdur. Tədqiq edəndən sonra buna tam əmin olurlar. Bu baxımdan da ölkə başçısının qeyd etdiyi kimi, Azərbaycanın atdığı addımlar Xəzərin ekoloji tarazlığının qorunmasında mühüm rol oynayıb”.
Məhəmmədəli QƏRİBLİ