ABŞ prezidenti Donald Tramp İranla danışıqlar aparmaq üçün Pakistana nümayəndə heyəti göndərdiyini açıqlayıb və eyni zamanda da Tehrana qarşı təhdidlər səsləndirib. Tramp dedi: "Biz çox ağlabatan bir təklif veririk; qəbul etməsələr, bütün elektrik stansiyalarını və körpülərini vuracağıq".
Trampın hədələrinin ardından İranın rəsmi dövlət xəbər agentliyi IRNA, Tehran hökumətinin ABŞ-ın radikal tələbləri, real olmayan gözləntiləri, daim dəyişən mövqeyi və davam edən dəniz blokadası səbəbindən danışıqların ikinci mərhələsində iştirak etməkdən imtina etdiyini açıqlayıb.
Digər tərəfdən, İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) ABŞ-ın İran gəmilərinə qarşı tətbiq etdiyi blokada aradan qaldırılana qədər Hörmüz boğazının bağlı qalacağını bildirib. İnqilab Keşikçiləri ABŞ Hərbi Dəniz Qüvvələrinin İran gəmilərinə hücum edəcəyi təqdirdə "ağır zərbə" alacağını və xəbərdarlıqlara məhəl qoymayan gəmilərin vurulacağı barədə xəbərdarlıq edib.
SEPAH gəmilərin və onların sahiblərinin İnqilab Keşikçilərinin açıqlamalarına əməl etməli olduqlarını bildirib və Trampın açıqlamalarının "heç bir qüvvəyə malik olmadığını" vurğulayıb. İranın baş danışıqçısı və Parlament spikeri Məhəmməd Baqir Qalibaf da ABŞ-la danışıqlarda irəliləyiş əldə edildiyini, lakin aralarında hələ də "məsafə" olduğunu bildirib.
İran prezidenti Məsud Pezeşkian isə ABŞ prezidenti Trampın İranı nüvə hüququndan məhrum etmək üçün heç bir əsası olmadığını bildirib. "Tramp İranın nüvə hüquqlarından istifadə edə bilməyəcəyini deyir, amma hansı cinayətəgörə edildiyini bildirmir. O kimdir ki, bir milləti hüquqlarından məhrum etsin?" – deyə Pezeşkian bildirib.
İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının rəhbəri İbrahim Əzizi isə X sosial media hesabında yeni bir münaqişə ehtimalını dəyərləndirərkən, ABŞ və İsrailin daha çox qırıcı təyyarəsini vuracaqlarını deyib. Əzizi İsraillə 12 günlük münaqişə zamanı bir neçə dronu vurduqlarını bildirib: "40 günlük müharibədə 170 dronu, eləcə də F-35 kimi qabaqcıl qırıcı təyyarələri uğurla vurduq. Növbəti müharibədə biz nəinki daha çox qırıcı təyyarəni məhv edəcəyik, həm də düşmən gəmilərini təqib edəcəyik".
Tahir TAĞIYEV