Ramil Məmmədli: “Bir tərəfdən Rusiya, digər tərəfdən Kilsə və xaricdəki erməni lobbisi Paşinyana qarşı kampaniya aparır”
Erməni mediasının yaydığı məlumata görə, Avropa İttifaqı Ermənistana dövlət qurumları və dövlət mediasına dəstək göstərmək üçün “hibrid” təhdidlərə qarşı çevik reaksiya qrupunun tərkibini müəyyənləşdirdiyi vaxtda, Baltikyanı ölkələrdən və Moldovadan mütəxəssislər artıq Ermənistana gəliblər.
Yaxın günlərdə bir sıra Baltikyanı KİV nümayəndələri və ekspertlərinin də Ermənistana gələcəyi, müxtəlif rayon hotellərində ictimai sektor və vətəndaş cəmiyyəti təmsilçiləri üçün dezinformasiya və “hibrid” təhdidlərə qarşı cəmiyyətin dayanıqlığının gücləndirilməsi adı altında xüsusi təlimlər keçirəcəyi bildirilib.
Görünən odur ki, Ermənistanda hələ rəsmi olaraq seçki kampaniyasına start verilməmiş Aİ artıq hərəkətə keçib. Məlum məsələdir ki, məqsəd Rusiyadan gələn təhdidləri önləməkdir.
Sözügedən məsələni baki-xeber.com-a şərh edən hərbi ekspert Ramil Məmmədli hesab edir ki, Avropa İttifaqı ölkələrinin Ermənistan seçkilərinə bu qədər önəm verməsi təsadüfi deyil: “Avroittifaq fərqindədir ki, Ermənistan Moldova olmayacaq. Bir sıra səbəbdən Rusiya Ermənistanda dirənəcək. Bunun səbəbi onunla əlaqədardır ki, Rusiya ard-arda ətrafındakı dayaq məntəqələrini itirir. 2024-cü ilin dekabrında Suriyada Əsəd rejimi devrildi. 2025-ci ildə Moldovada keçirilən parlament seçkilərində Qərbpərəst qüvvələr qalib gəldilər. Ən nəhayət Macarıstanda keçirilən parlament seçkilərində Rusiyanın maraqlarından çıxış edən Viktor Orban məğlub oldu. Ona görə də Rusiya istəmir ki, bu ölkənin orbitində olan Ermənistanda da bənzər hal təkrarlansın. Paşinyan seçkilərdə qalib gəlsə belə, parlamentdə çoxsaylı yerə sahib olmasın. Moskvanın məqsədi həm də budur. Məsələ ondadır ki, 2021-ci ildə keçirilən seçkilərdə Paşinyanın bloku seçicilərin səsinin 54 faizini qazandı. Bu da imkan verdi ki, parlamentdə digər partiyaların dəstəyi olmadan hakimiyyəti qursun. Bu dəfəki seçkilərdə də belə olacaqmı? Bunu indidən demək çox çətindir. Çünki bir tərəfdən Rusiya, digər tərəfdən Kilsə və xaricdəki erməni lobbisi Paşinyana qarşı kampaniya aparır. Bu səbəbdən Avropa İttifaqı Ermənistana dəstəyini artırır ki, hakimiyyətə Rusiyaya bağlı qüvvələr gəlməsin”.
Vidadi ORDAHALLI