Məhəmməd Əsədullazadə: “Bu, o deməkdir ki, gələcəkdə hər hansı hökumət dəyişikliyi olarsa, dəhliz bağlanmayacaq”
Biz iqtisadi inkişafın tamamilə yeni mərhələsinə qədəm qoyuruq və bu, Ermənistanla Azərbaycan arasında qurulan sülh prosesi ilə bağlıdır. Yaxın gələcəkdə əhəmiyyətli hadisələrin, ilk növbədə Ermənistan Respublikasını blokadadan çıxarmağı hədəfləyən TRIPP layihəsinin başlanması ilə bağlı olacağını gözləyirik.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
“Dəmir yolu ixracının, əlbəttə, Gürcüstan vasitəsilə, TRIPP layihəsi çərçivəsində Azərbaycanla dəmir yolunu ilk dəfə açana qədər mümkün olması ilə bağlı açıq siyasi öhdəlik var və bu, çox vacibdir. Demək istəyirəm ki, siyasi razılaşma bu dəmir yolunun heç vaxt bağlanmayacağından ibarətdir” - Paşinyan əlavə edib.
Maraqlıdır, Paşinyan “siyasi razılaşma bu dəmir yolunun heç vaxt bağlanmayacağından ibarətdir” deyərkən nəyi nəzərdə tutur? Burada hansı siyasi öhdəliklərdən söhbət gedir?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən politoloq Məhəmməd Əsədullazadənin fikrincə, Azərbaycanla Ermənistan arasında de-fakto sülh var: “Və eyni zamanda bu istiqamətdə etimad quruculuğu davam edir. Ermənistan baş naziri həqiqətən də reallıqları qəbul edərək erməni ictimaiyyətinə çox praqmatik açıqlamalar verir, mesajlar ötürür. Xüsusən də TRIPP layihəsinin önəmindən bəhs edərək bunun ölkəsinə verəcəyi dividentləri izah etməyə çalışır. Çünki məhz Ermənistan dövləti öhdəlik götürərək artıq TRIPP-in bağlanmayacağını vurğulayır. Yəni birbaşa Ermənistan dövlətinin adından öhdəlik götürür. Bu, o deməkdir ki, gələcəkdə hər hansı hökumət dəyişikliyi olarsa, sözügedən dəmir yolu bağlanmayacaq. Bunu Ermənistanı iqtisadi blokadadan çıxmaq yolu kimi görür. Paşinyan özü dəfələrlə bəyan edib ki, Azərbaycanın hesabına ölkəsi blokadadan çıxır. Azərbaycan vasitəsi ilə Ermənistana taxıl, neft məhsulları, gübrə daşınır. TRIPP isə nəinki bir nəqliyyat dəhlizi, həm də iki ölkə arasında bir sülh körpüsü olacaq. O körpünün hər hansı bir formada zədələnməsi isə, Azərbaycanla Ermənistan arasında sülh prosesinin zədələnməsi deməkdir. Fikrimcə, Paşinyan bunu demək istəyir. Yəni TRIPP layihəsi iki dövlət arasında nəqliyyat əlaqələri, həmçinin sülh prosesinin təməli kimi qiymətləndirilir”.
Vidadi ORDAHALLI