Ramil Hüseynov: “İrana qarşı müharibə və bunun nəticələri həmin dövlətlərin Trampa olan etimadını sarsıdıb”
ABŞ prezidentinin rəhbərlik etdiyi "Sülh Şurası" təşkilatın üzv ölkələrinin Qəzza sektorunun bərpası üçün ayıracağına söz verdiyi 17 milyard dolların kiçik bir hissəsini alıb. İndiyə qədər yalnız BƏƏ, Mərakeş və ABŞ bu məbləği ödəyib. Toplanan ümumi məbləğ 1 milyard dollardan az olub.
"Sülh Şurası"nın ilk iclası 19 fevralda Vaşinqtonda keçirilib. İclasda Donald Tramp doqquz üzv ölkənin Qəzzaya yardım üçün 7 milyard dollardan çox vəsait ayıracağına söz verdiyini açıqlayıb. ABŞ təşkilata 10 milyard dollar göndərəcəyinə söz verib. BMT 2 milyard dollar vəd edib. Beynəlxalq təşkilatların hesablamalarına görə, iki illik müharibədə hər beş binadan dördünün dağıdıldığı Qəzzanın yenidən qurulması təxminən 70 milyard dollara başa gələcək.
“Sülh Şurası” planı HƏMAS qrupunun tərksilah edilməsindən və İsrail qoşunlarının geri çəkilməsindən sonra Qəzzanın genişmiqyaslı yenidən qurulmasını nəzərdə tutur.
Bütün bunlar Trampın “Sülh Şurası”nın Qəzza ilə bağlı maliyyə aspektinin iflası kimi qəbul edilə bilərmi?
Sözügedən məsələni baki-xeber.com-a şərh edən “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov hesab edir ki, prinsipcə, bunu iflas hesab etmək olar: “Ona görə ki, vəd edilən vəsaitlər köçürülmədi. Bunun da bir sıra səbəbləri var. Məsələ ondadır ki, bu məsələdə ölkələr könüllü iştirak etməlidilər. Yoxsa Trampa xatir hansısa vəd vermək doğru deyil. Ölkələr arasında etimadı qurmaq üçün Qəzzanın gələcəyi ilə bağlı məsələlər aydın olmalıdır. Tutaq ki, milyardlar ayrıldı və Qəzzanın bərpasına start verildi. Zəmanət varmı ki, bir neçə ildən sonra İsrail Qəzzanı yenidən vuran qoymayacaq? Ona görə də ilk növbədə bu məsələlər öz həllini tapmalıdır. Bu da BMT-nin 1947-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq Fələstin dövlətinin yaradılmasından keçir. Digər tərəfdən bəli, varlı ərəb dövlətləri öz vəsaitləri hesabına Qəzzanı bərpa edə bilərlər. Ancaq problem ondadır ki, bəzilərini çıxmaq şərti ilə sözügedən dövlətlər bunda maraqlı görünmürlər. Üstəlik, ABŞ-ın İsraillə birlikdə İrana qarşı 40 gün həyata keçirdiyi müharibə, region ölkələrinə ciddi zərər vurub. Körfəz ölkələrinin həm enerji infrastrukturuna, həm də mülki obyektlərinə ciddi zərər dəyib. O cümlədən, həmin dövlətlərin Trampa etimadı sarsılıb. Çünki ərəb dövlətləri çox arxayın idilər ki, ABŞ onları İranın hücumlarından qoruya biləcək. Ancaq məlum oldu ki, ABŞ hərbi bazaları, hava hücumundan müdafiə sistemləri “Şahid” dronları qarşısında acizdirlər. Bütün bunlar Trampın Qəzza ilə bağlı maliyyə planının iflasa doğru getməsinə öz təsirini göstərir”.
Vidadi ORDAHALLI