Fikrət Yusifov: “Slovakiyanın təkbaşına Rusiyanı Avroittifaq məkanında müdafiə etməsi o qədər də asan olmayacaq”
Məlum olduğu kimi, Macarıstanda mühafizəkar siyasətçi və Avropa parlamentinin deputatı Peter Madyarın rəhbərlik etdiyi “Tisza” partiyası ölkədə keçirilən parlament seçkilərində qalib gəlib. Madyar və partiyası parlamentdə 199 yerdən 138-ni qazana bilib. Bununla da o, 16 ildir Macarıstan Baş naziri postunu tutan Viktor Orbanı bu vəzifədə əvəzləyəcək.
Avropa İttifaqı seçkilərin nəticələrini böyük siyasi uğur kimi qiymətləndirsə də, Macarıstanın yeni lideri artıq Rusiya ilə danışıqları qəbul edib və özünü "Ukrayna tərəfdarı" siyasətçi kimi təqdim etməkdən imtina edib. Ancaq o da var ki, Madyar Rusiya üçün Orban olmayacaq. Rusiya maraqları naminə Aİ-nin qərarlarına veto qoymayacaq. Halbuki, Rusiya Orbanın timsalında Aİ-nin bir sıra qərarlarının qarşısını ala bilirdi.
Maraqlıdır, Macarıstanda müxalifətin seçkidə qalib gəlməsi Rusiyanın Avropaya, xüsusən də Avropa İttifaqına təsir imkanlarını nə dərəcədə zəiflədəcək? Slovakiya, daha dəqiq desək bu ölkənin Baş naziri Robert Fitso bu baxımdan Macarıstanı əvəz edə bilərmi?
Sözügedən məsələyə aydınlıq gətirən sabiq maliyyə naziri, professor Fikrət Yusifov baki-xeber.com-a açıqlamasında buna bir neçə prizmadan yanaşdı: “Macarıstanı hansı ölkənin əvəz edə biləcəyinə dair suala cavab vermək çətindir. Lakin görünən budur ki, indi Avropa İttifaqının Ukraynaya dəstək yolunda qarşısında dayanan bir maneə ortadan qalxdı. İndi Ukraynaya maliyyə və hərbi yardımlar daha intensiv bir şəkildə baş tutacaqdır. Slovakiyaya gəlincə, bu ölkənin təkbaşına Rusiyanı Avroittifaq məkanında müdafiə etməsi o qədər də asan olmayacaq. Avropa İttifaqı Ukraynaya 2026/2027-ci illərdə 90 milyard avro məbləğində kredit zərfi hazırlayıb. Bu vəsaitin 60 milyard avro məbləğində hissəsi hərbi xərcləri bağlamaq üçün, 30 milyard avro məbləğində olan hissəsi isə ölkənin iqtisadi problemlərinin həlli üçün nəzərdə tutulur. Bütövlükdə Aİ-nin ayırdığı 90 milyard avro məbləğində kredit Ukraynanın maliyyə vəsaitlərinə olan ehtiyacının 2/3 hissəsini bağlaya biləcək. Bu yolda Slovakiya Rusiyaya dəstək məqsədilə Aİ-nin qəbul etmək istədiyi qərarları bloklamağa qalxarsa, o halda birlik Slovakiyaya qarşı ciddi sanksiyalar tətbiq etmək barədə düşünməli olacaq. Yəni bütün hallar üçün Aİ Rusiyanın zəiflədilməsinə yönəlik addımlar atmaqda israrlı olacaq”.
Vidadi ORDAHALLI