Bu il aprelin 12-də Qvadelupanın Le Mul şəhərində Fransa hüquq-mühafizə orqanlarının iştirakı ilə baş vermiş insident nəticəsində bir nəfər həyatını itirib. İlkin məlumatlara əsasən, hadisə zamanı şübhəli şəxsə qarşı əvvəlcə öldürücü gücü olmayan elektroşok cihazından istifadə olunub, lakin daha sonra fransız jandarma əməkdaşlarından biri tərəfindən odlu silahdan atəş açılıb. Nəticədə həmin şəxs aldığı xəsarətlərdən həyatını itirib. Bununla yanaşı, hadisə ilə bağlı prokurorluq nümayəndələri əraziyə cəlb olunub, ilkin istintaq tədbirləri həyata keçirilib və araşdırma Puant-a-Pitr şəhərinin istintaq bölməsinə həvalə edilib. Eyni zamanda, silahdan istifadə edən jandarma əməkdaşı saxlanılaraq istintaqa cəlb olunub. Hadisədən sonra ərazidə vəziyyətin gərginləşdiyi, yerli əhali ilə polis arasında qarşıdurma hallarının baş verdiyi bildirilir.
Bu barədə Bakı Təşəbbüs Qrupunun (BTQ) Qvadelupada baş vermiş ölüm hadisəsi və ictimai reaksiyalar haqqında arayışında əksini tapıb.
Arayışda bildirilib ki, Qvadelupada “Jardarma Zorakılığına Qarşı Birlik” təşkilatının yaydığı bəyanatda hadisə sərt şəkildə tənqid olunub. Bəyanatda Liber Argelier adlı şəxsin hərbi polis tərəfindən əsassız şəkildə açılan atəş nəticəsində həyatını itirdiyi vurğulanmış və bu hadisə “dövlət zorakılığının növbəti nümunəsi” kimi qiymətləndirilib.
Təşkilat hadisəni əvvəlki oxşar ölüm halları ilə əlaqələndirərək bunun sistematik xarakter daşıdığını iddia edib, eyni zamanda, hüquq-mühafizə orqanlarının vəzifələrindən sui-istifadə etdiyini bildirib. Həmçinin hadisənin tam şəkildə araşdırılması, atəşin hansı səbəbdən açıldığının və bunun qanuni olub-olmamasının aydınlaşdırılması tələb edilib.
Bəyanatda, həmçinin ədalətin təmin olunması, təqsirli hesab edilən şəxslərin məsuliyyətə cəlbi və bu kimi halların qarşısının alınması məqsədilə ictimai fəallığa çağırış yer alıb. Təşkilat mərhumun ailəsinə başsağlığı verib və hadisənin Qvadelupa cəmiyyətində ciddi narahatlıq yaratdığını qeyd edib.
ZÜMRÜD