Məhərrəm Zülfüqarlı: “Onun özünü bu şəkildə təqdim etməsi xristian dünyasında normal hal kimi qəbul edilə bilməz”
ABŞ prezidenti Donald Trump sosial şəbəkədə diqqət çəkən paylaşım edib. Görüntü Truth Social platformasında yayımlanıb. Süni intellektlə hazırlanmış şəkildə Tramp ağ tunikdə təsvir olunur və xəstəxana xalatında uzanan şəxsin üzərinə əlini qoyarkən ovuclarından işıq saçır. Kompozisiyada onun ətrafında dua edən əsgər, tibb bacısı və qadın fiqurları yer alır. Arxa planda ABŞ bayrağı, Statue of Liberty, qırıcı təyyarələr və atəşfəşanlıq təsvir edilib.
Xatırladaq ki, Tramp daha əvvəl Pope Leo XIV barədə tənqidi fikirlər səsləndirərək siyasətinə qarşı çıxan bir papaya ehtiyac olmadığını bildirmişdi.
Trampın özünü İsa peyğəmbər kimi təqdim edən foto paylaşması nə deməkdi? Xristian dünyası bunu necə qarşılayacaq?
Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı baki-xeber.com-a bildirdi ki, Trampın keçən ilin avqust ayından sonra fəaliyyətində müəyyən çatışmazlıqlar olsa da xüsusən də Nobel Sülh Mükafatı almaq istəyini hər an hiss etdirməsi, İrana qarşı müharibə dövründə də tez-tez fikrini dəyişdirməsi onun haqqında qeyri-ciddi imic formalaşdırıb. “Xalq arasında buna hərdəmxallılıq deyilir. Artıq Qərb mətbuatında da belə məlumatlar yayılır ki, Trampda hansısa xəstəliklər var. Yəni səhər bir söz deyir, axşam isə tamamilə onu təkzib edən başqa bir söz söyləyir. Bu çox təhlükəli haldır. Yəni ABŞ kimi ölkəyə bu cür insanın rəhbərlik etməsi, xüsusilə də müharibə siyasəti aparması bəşəriyyət üçün təhlükəlidir.
Qaldı Trampın İsa peyğəmbərin qiyafəsində görünməsinə, özünü İsa peyğəmbərə bənzətməsinə, bu da deyilən müəyyən psixi problemlərdən irəli gələ bilər. Tramp özünü "xilaskar" kimi göstərmək istəyir. Bilirsiz ki, xristian mənbələri göstərir ki, İsa peyğəmbər qeybə çəkilib və nə vaxtda zühur edəcək, haqq-ədalət yerini tutacaq. Tramp da özünü zühur etmiş İsa peyğəmbər kimi göstərmək istəyir. Amma nəninki müsəlmanlar, hətta yəhudilər, ABŞ vətəndaşları arasında da ona olan münasibət köklü surətdə dəyişib. Payızda ABŞ da seçkilər keçiriləcək, bu seçkilərdə nəinki Demokartların tərəfdarları, hətta Respublikaçıların tərəfdarları da bilavasitə ona olan münasibətlərini dəyişiblər və o seçkilərdən sonra Trampın hakimiyyətdə qalıb qalmaması məsələsi həll olunacaq. Artıq müharibə də Amerikaya böyük vəsaitlər hesabına başa gəlib, milyardlar gedib və müharibədə də istədiklərinə nail ola bilməyiblər. Bir növ Putin kimi tələyə düşüblər...”
M.Zülfüqarlı hesab edir ki, Trampın İsraillə birgə İrana qarşı müharibədə istədiyi nəticəni əldə edə bilməməsi onun ruhi vəziyyətinə də mənfi təsir edib. “Bu səbəbdən o, özünü İsa Peyğəmbər kimi qələmə verib bu məzmunda şəkillər paylaşıb. Təbii ki, onun özünü bu şəkildə təqdim etməsi xristian dünyasında normal hal kimi qəbul edilə bilməz. Trampın İran müharibəsi zamanı “sivilizsiyanı tamamilə məhv edəcəm” deməsi də təkcə İrana yox, bəşəriyyətə meydan oxumaqdır. ABŞ demokratik ölkədir və biz bu yaxınlarda ABŞ qanunlarının, ABŞ ictimaiyyətinin onun hərəkətlərinə real qiymət verəcəyinin şahidi olacağıq”-deyə M.Zülfüqarlı vurğuladı.
İradə SARIYEVA