Azər Həsrət: "İran o gecə yer üzündən silinə bilərdi, ABŞ təzyiqini maksimum göstərdi"
Peter Heqset tərəfindən səsləndirilən “İran bizə yalvardı” kimi ifadələr daha çox siyasi və psixoloji təsir yaratmağa yönəlmiş ritorika kimi qiymətləndirilir. Belə açıqlamalar adətən qarşı tərəfi zəif göstərmək, daxili auditoriyaya güc mesajı vermək və əməliyyatın uğurlu olduğunu vurğulamaq məqsədi daşıyır.
Reallıqda isə bu cür mürəkkəb hərbi-siyasi vəziyyətlərdə tərəflərin birbaşa “yalvarması” kimi sadə təsvirlər nadir hallarda obyektiv vəziyyəti əks etdirir. Daha çox ehtimal olunur ki, tərəflər arxa kanallar vasitəsilə gərginliyin azaldılması, eskalasiyanın qarşısının alınması və mümkün itkilərin minimuma endirilməsi üçün danışıqlar aparırlar.
Yəni bu tip bəyanatlar faktiki diplomatik prosesləri sadələşdirilmiş və emosional formada təqdim edir. Əslində isə qərarlar hərbi risklər, regional balans, beynəlxalq təzyiqlər və strateji maraqlar əsasında verilir.
Siyasi şərhçi Azər Həsrət "Bakı-Xəbər" qəzetinə açıqlamasında bildirdi ki, ABŞ-ın müharibə naziri Heqsetin aprelin 8-də media önünə çıxaraq hesabat xarakterli çıxışı və jurnalistlərin suallarına verdiyi cavablarda İran əməliyyatı detallarına qədər izah edilib: "Yəni bəlli oldu ki, həqiqətən də İran zərbə altında saxlanılıb, dövlətin bütün arsenalı məhv edilib, hakimiyyətin ən yüksək ierarxiyasındakı siyasi şəxslər ard-arda öldürülüb, dövlətin ən strateji obyektləri məhv edilib. Yəni İran faktiki olaraq çıxılmaz vəziyyətdə qalıb, ona görə də bu atəşkəs razılaşmasına getməyə məcbur olub. ABŞ-ın və eyni zamanda Heksetin açıqlamalarında zərrə qədər də şişirtmə görmürəm. Çünki adam faktlarla danışdı, hansı ki, o faktların hamısı bizə məlumdur. Heç birinin yalan olma ehtimalı yoxdur.
Bu baxımdan düşünürəm ki, İranın "yalvarması" ilə bağlı deyilənlər həqiqətdir. Həqiqətən də İran o gecə yer üzündən silinə bilərdi. ABŞ prezidenti Donald Tramp bunu bəyan etmişdi ki, qədim bir sivilizasiyanı yer üzündən siləcəyik. Görünür, İran hakimiyyətinin sözçüləri ağıllarını hələ tam itirməyiblər, Trampın zarafat eləmədiyinin fərqinə varıblar və ona görə də artıq razılaşmaya hazır olduqlarını bildiriblər.
İndi "yalvardı" ifadəsi bilmirəm nə qədər həqiqətə uyğundur, amma bu gün İran hətta qələbəni bayram edir, sanki Ağ Evin damına bayraq sancıblar. ABŞ məsələyə daha təmkinli, daha ağıllı yanaşdığını görə, müharibə naziri Heqsetin dediklərini qəribçiliyə salmıram, düşünürəm ki, o, gerçəkləri dilə gətirir".
Dəniz NƏSİRLİ