İsrail İrana qarşı tükənmiş uran bombalarından istifadə edib? - Tehrandan qorxunc iddia…

İsrailin İrandakı həssas nöqtələri hədəf alan hava hücumlarında tükənmiş uran bombalarından istifadə etdiyi ehtimal edilir. Bu barədə İranın yarı-rəsmi Fars Xəbər Agentliyi məlumat yayıb.
Qeyd edilir ki, İsrailin İranda hava hücumları həyata keçirdiyi bölgələrdə aparılan araşdırmalarda nüvə reaktorlarında istifadə olunan uran izləri aşkarlanıb.
Bildirilir ki, mütəxəssislər İsrailin 12 günlük müharibə zamanı İrana atdığı bombalardan qalan dağıntı və sursatları araşdırmaqda davam edir.
Xatırladaq ki, ABŞ 1991-ci ildə Körfəz müharibəsində və 2003-cü ildə İraqda tükənmiş uran silahlarından istifadə edib. Həmin vaxt ABŞ A-10 tipli döyüş təyyarələrində tükənmiş uran bombalarından istifadə edərək İraqdakı tankları məhv edib. ABŞ mülki ərazilərdə tükənmiş urandan istifadə etdiyinə görə beynəlxalq ictimaiyyətin əsas ittihamlarının diqqət mərkəzində olub.
Tükənmiş uran tərkibli sursat 1999-cu ildə Kosovo müharibəsi zamanı ABŞ-ın rəhbərlik etdiyi NATO-nun Yuqoslaviyaya qarşı hava əməliyyatında da istifadə edilib.
Zirehli hədəflərə nüfuz etmək üçün bomba və tank mərmilərində istifadə edilən yüksək sıxlıqlı metal olan tükənmiş uran nüvə silahı sayılmır. Lakin radioaktivlik səviyyəsinin aşağı olması və zəhərli quruluşu səbəbindən uzunmüddətli perspektivdə sağlamlıq üçün ciddi risqlər yaradır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, tükənmiş uran, xüsusən də onun hissəcikləri tənəffüs yolu ilə və ya udulduqda insan sağlamlığına ölümcül təsir göstərir. Tükənmiş uran bədəndə daha çox böyrəklərdə toplanır və zədələnməyə, böyrək funksiyasının uzun müddət pozulmasına səbəb ola bilir. Xüsusilə açıq yerlərdə olan uşaqlarda torpaq və tozla birbaşa təmasın leykemiya və qan azlığı kimi hematoloji xəstəliklərə səbəb ola biləcəyi bildirilir.
TAHİR