Vüqar Bayramov: “Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlət büdcəsi hesabına həyata keçirilir”
Məlum olduğu kimi, Prezident İlham Əliyev fevralın 19-da Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub.
Prezident kəndə köçən bir qrup sakinlə də görüşüb. Görüşdə çıxış edən Prezident bildirib ki, işğala son qoyduq, 2023-cü ildə antiterror əməliyyatı nəticəsində bu bölgəni də işğaldan azad etdik: “Ballıca və yüzlərlə digər yaşayış məntəqəsi artıq işğalçılardan tam azad olunmuşdur və indi həyatı bərpa edirik. Yəni, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə, bizə heç kim kömək etmir. Ancaq öz imkanlarımız daxilində, öz gücümüzə arxalanaraq, Azərbaycan xalqının imkanlarına arxalanaraq, dövlət hesabına bütün bərpa-quruculuq işləri aparılır, özü də qısa müddət ərzində".
Prezident çıxışında bildirdi ki, hər şeyi mərhələli yollarla edirik, öz gücümüzlə edirik.
“Qarabağ və Şərqi Zəngəzur qısa zamanda Azərbaycanda iqtisadi inkişafın drayverinə çevriləcək və ölkə iqtisadiyyatı daha da inkişaf edəcək”
Millət vəkili Vüqar Bayramov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Qarabağ və Şərqi Zəngəzurun bərpa, yenidən qurulması intensiv şəkildə həyata keçirilir. Uzun müddət erməni işğalı altında qalan torpaqlarımız Ali Baş komandanın rəhbərliyi ilə ordumuz tərəfindən azad edildi. Artıq işğaldan azad edilən ərazilərdə sürətli bərpa, məskunlaşma işi həyata keçirilir: “Bu proses işğaldan azad edilən bütün bölgələrdə həyata keçirilir. Məqsəd qısa müddət ərzində işğaldan azad edilən bölgələrin yenidən qurulmasıdır”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Qarabağ və Şərqi Zəngəzurun bərpası dövlət büdcəsi hesabına həyata keçirilir: “Həmçinin, özəl sektorun cəlb olunması ilə iqtisadiyyatın formalaşması və reiinteqrasiya prosesi müşahidə olunur. Bu istiqamətdə görülən işlər ondan xəbər verir ki, Qarabağ və Şərqi Zəngəzur qısa zamanda Azərbaycanda iqtisadi inkişafın drayverinə çevriləcək və ölkə iqtisadiyyatı daha da inkişaf edəcək”.
Günel CƏLİLOVA