Rusiya Xarici İşlər Nazirliyi martın 5-də Qarabağda baş verən toqquşmalarla əlaqədar bəyanat yayıb. Bəyanatda Rusiya XİN sözçüsü Mariya Zaxarova Bakı və İrəvanı regionda sabitliyin pozulmasının qarşısını almağa çağırıb:
“Dağlıq Qarabağ münaqişəsi zonasında gərginliyin şiddətlənməsindən ciddi narahatlığımızı bildiririk. Son günlər dəfələrlə atəşkəs rejiminin pozulması halları baş verib. Martın 5-də həm Ermənistan, həm də Azərbaycan tərəfdən insan tələfatı ilə nəticələnən silahlı insident baş verib. Təkidlə tərəfləri təmkinlk nümayiş etdirməyə və gərginliyin səngiməsi üçün addımlar atmağa, atəşkəsin və bütün hərbi əməliyyatların tam dayandırılması ilə bağlı 2020- ci il noyabr tarixli razılaşmalara əməl etməyə çağırırıq”.
Burada diqqəti çəkən odur ki, Rusiya “Dağlıq Qarabağ” ifadəsindən əl çəkmək istəmir. Zaxarova nə ixtiyarla “Dağlıq Qarabağ münaqişəsi zonası” ifadəsi işlədir? Məgər 2020-ci ilin oktyabrında Putin özü demədi ki, DQ münaqişəsi daha yoxdur?
“Kompleks cəza mexanizmi həyata keçirilməli və Laçın dəhlizində nəzarət buraxılış məntəqələri qurulmalıdır”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, bu, Moskvanın eskalasiyada maraqlı olmasından xəbər verir: “İlk növbədə Mariya Zaxarovanın "Dağlıq Qarabağ münaqişəsi" ifadəsi işlətməsi ilk növbədə bu Kremlin proseslərdə tam Azərbaycana qarşı olduğunu göstərir. İki il əvvəl münaqişə bitib. Ancaq buna baxmayaraq, Rusiya sülhməramlı qüvvələri Qarabağa silah-sursatın daşınmasını həyata keçirir. Mariya Zaxarova yaxşı olardı ki, Rusiya sülhməramlı qüvvələrinin erməni silahlı birləşmələrinə verdiyi dəstəkdən, silah-sursatın daşınmasına göstərdikləri dəstəkdən danışsın. Əslində Zaxarova bunun baş verməsindən danışmalı idi. Məhz onun bu ifadəsi göstərir ki, Moskva eskalasiyanın baş verməsində maraqlıdır. Bu azmış kimi, eskalasiyaya hazırlıqlar üçün dəstək verir. Münaqişə bitib və Ermənistan Baş naziri, digər rəsmiləri deyir ki, biz Azərbaycanla sülh məsələsində Qarabağ məsələsini çıxarmışıq. Ancaq biz görürük ki, Rusiya praktiki olaraq bunun əksini həyata keçirir. Hesab edirəm ki, bu, yolverilməzdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan Rusiyaya diplomatik olaraq etirazını bir daha bildirməlidir. Biz birdəfəlik nəzərə almalıyıq ki, məlum təxribatların arxasında məhz Rusiya sülhməramlı qüvvələri dayanır. Onların açıqlamalarına baxdıqda bunu bir daha görürük. Ona görə də bu istiqamətdə Rusiyanın sülh prosesinə mane olacağı və bu kimi təxribatları körukləyəcəyi istisna deyil. Hesab edirəm ki, Azərbaycan erməni silahlı birləşmələrinə qarşı kompleks cəza mexanizmi həyata keçirməli və Laçın dəhlizində nəzarət buraxılış məntəqələri qurmalıdır. Yalnız o zaman təxribatların qarşısını almaq mümkün olacaq”.
Vidadi ORDAHALLI