Məlum olduğu kimi, Bakı ilə Xankəndi arasında ilkin təmas fevralın 24-ü və martın 1-də qurulub. Belə ki, Azərbaycan nümayəndələri Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Keçirilən məlum danışıqlardan belə görürük ki, Qarabağda yaşayan erməni millətindən olan şəxslər tərəfdən danışıqlar qrupunun rəhbəri Samvel Şahramanyandır. Halbuki, Şahramanyan qondarma rejimin “təhlükəsizlik şurasının katibidir”. Azərbaycanın tanımadığı qondarma rejimin bir təmsilçisini, illər boyu separatçı hərəkatla məşğul olmuş, Azərbaycana tabe olmamış və üstəlik ölkəmizə qarşı cinayət törətdiyi ehtimalı böyük olan bir adamla danışıq aparmaq nə dərəcədə düzgündür? Azərbaycan o danışıqda Qarabağ bölgəsinin erməni sakinlərinin təmsilçisi olaraq Şahramanyanın dəyişdirilməsi və oradakı oyuncaq rejimlə heç bir əlaqəsi olmayan bir adamla əvəzlənmə təklifini qoya bilərmi?
“Separatçı quruma aid olmayan neytral bir şəxslə təmasların qurulması məsələsi qaldırılmalıdır”
Məsələyə münasibət bildirən Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev hesab edir ki, separatçı fəaliyyətlə məşğul olmayanlarla təmas qurula bilər: “Əvvəla, Azərbaycan tərəfi ona görə belə təmaslara gedir ki, öz humanistliyini göstərir. Digər tərəfdən, bununla bağlı xaricdən ölkəmizə basqı var. Azərbaycan da dünyaya göstərmək istəyir ki, Qarabağda yaşayan etnik erməniləri öz vətəndaşımız hesab edirik. Biz onlarla təmasa gedirik və onları düz yola çəkmək istəyirik. Aydın məsələdir ki, Azərbaycan Qarabağ ermənilərini öz vətəndaşı hesab edirsə, müəyyən təmaslar olmalıdır. Rusiya, xaricdəki bəzi dairələr belə təmasların qurulmasını istəmir. Ancaq Azərbaycan hökuməti bu kimi planları pozmaqdan ötrü təmaslara gedir. Azərbaycan tərəfindən danışıqlara millət vəkili Ramin Məmmədov rəhbərlik edir. Erməni sakinlərin adından danışıqlara isə qondarma rejimin “təhlükəsizlik şurasının katibi” rəhbərlik edir. Əlbəttə ki, belə bir şəxsin Qarabağdakı erməni sakinlərin təmsilçisi olaraq danışıqlar aparması doğru deyil. Çünki bu, təmaslara ziyan vurur. Samvel Şahramanyan separatçı hərəkatın içində olan bir şəxsdir. Görüşdən sonra Azərbaycan tərəfi bəyan etdi ki, reinteqrasiya məsələləri müzakirə olunub. Ancaq Qarabağda qondarma rejimi təmsil edənlər dərhal bunu təkzib etdilər. Qeyd etdilər ki, görüş zamanı bir sıra məsələlər müzakirə olunub. Onlar bunlardır: Qarabağa təbii qazın fasiləsiz verilməsinin təmin edilməsi və qaz təchizatında növbəti fasilələrin qarşısının alınması; mütəxəssislər tərəfindən təmir işlərinin aparılması və Qarabağın enerji təchizatının bərpası məqsədilə Ermənistandan daxil olan və Azərbaycan silahlı qüvvələrinin nəzarəti altında olan yeganə yüksək gərginlikli xəttin yoxlanılması imkanının təmin edilməsi; Azərbaycanın ixtisaslaşmış qrupu tərəfindən mədənlərin ərazisində bir dəfəlik vizual monitorinqin keçirilməsi; Xankəndi-Gorus avtomobil yolunun tam açılışı. O üzdən, belə açıqlamalar təmasların məzmununa ziyan vurur. Prezident İlham Əliyev bəyan edib ki, Azərbaycan tərəfi Qarabağda doğulub-böyüyən ermənilərlə görüşə bilər. Ancaq bu o demək deyil ki, Azərbaycana qarşı silahlı fəaliyyətlə məşğul olan şəxslərlə bir stol arxasında oturmalıyıq. Belə olarsa, o zaman təmasların nəticəsi olmayacaq. Separatçı quruma aid olmayan neytral bir şəxslə təmasların qurulması məsələsi qaldırılmalıdır”.
Vidadi ORDAHALLI