Məlum olduğu kimi, martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasına cəhd olub.
Qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılması həyata keçirilərkən isə qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində 3 düşmən əsgəri məhv edilib. O cümlədən, 2 hərbi qulluqçumuz şəhid olub.
Hələ martın 2-də Azərbaycan media resurslarında məlumat yayılmışdı ki, Rusiya sülhməramlı qüvvələrinin Qarabağdakı müvəqqəti məsuliyyət zonasında rus hərbçilərinin müşahidə məntəqəsinin yaxınlığında qanunsuz erməni silahlı dəstələri döyüş mövqeyi inşa edir. Zamanında bununla bağlı tədbir görülsəydi, martın 5-də məlum təxribat da baş verməzdi. Rusiya sülhməramlıları Qarabağdakı qanunsuz erməni silahlı birləşmələrini tərkisilah etmir. Bu azmış kimi, üstəlik, ermənilər onlarla yanaşı döyüş mövqeləri qururlar və sülhməramlılar da buna susur. Halbuki, Azərbaycan ictimaiyyəti, dövlət orqanları zamanında erməni silahlı birləşmələrinin səngər qurduqlarını ictimailəşdirdi. Qeyd etdilər ki, belə hallar yolverilməzdir, amma təəssüf ki, tədbir görülmədi. O cümlədən, görülən tədbirlərlə bağlı sülhməramlılar hər hansı məlumat yaymadılar. Erməni tərəfinin səngərlər qazmasına heç bir reaksiya vermədilər.
“Məlum təxribatın məsuliyyəti, erməni separatçıları ilə yanaşı, Rusiya sülhməramlılarının üzərinə düşür”
Məsələyə münasibət bildirən Yeni Yol Partiyasının sədri Ramil Hüseynov hesab edir ki, Rusiya sülhməramlıları məqsədyönlü şəkildə belə təxribatların baş verməsinə zəmin yaradırlar: “Sülhməramlılar özbaşına bunu etmir. Onlar Moskvadan gələn təlimatlara uyğun olaraq bu addımları atır. Məsələnin mahiyyəti ondan ibarətdir ki, Rusiya Qarabağda erməni separatizminin tamamilə aradan qalxmasında maraqlı deyil. Çünki bu, nəticə etibarı ilə sülhməramlıların Qarabağdan çıxmasına gətirib çıxaracaq. Tərəflər arasında münaqişə olmayandan sonra sülhməramlıların orada olmasına heç bir ehtiyac qalmır. Ona görə də Rusiya istəmir ki, məsələ öz həllini tapsın. Məlum təxribatın məsuliyyəti erməni separatçıları ilə yanaşı, Rusiya sülhməramlılarının üzərinə düşür. 10 noyabr 2020-ci ildə əldə olunmuş üçtərəfli razılaşmaya əsasən, Ermənistan silahlı birləşmələri Qarabağdan çıxarılmalıdır. İndiyə qədər Rusiya bunu təmin etməklə bağlı heç bir addım atmır. Əksinə, Ermənistandan Qarabağa qanunsuz silah və sursatın daşınmasına şərait yaradılır. Bununla yanaşı, Ermənistanın Qarabağda yerləşən qanunsuz silahlı birləşmələrinin səngərlər qazmasına, döyüş mövqeləri qurmasına göz yumurlar. Bunu önləmək üçün qabaqlayıcı tədbirlər görmürlər. Bütün bunlar Kremlin mənfur planlarından xəbər verir. Ona görə biz növbəti təxribatlara hazır olmalıyıq”.
Vidadi ORDAHALLI