“Sülh gündəmi mənim məsuliyyətimdir. Mən Azərbaycan ictimaiyyətindən də müəyyən dəstək almaq istərdim”. Bunu Almaniyada “Cənubi Qafqazda təhlükəsizlik və sabitlik” mövzusunda keçirilən müzakirələrdə Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, biz regionumuzun gələcəyinə diqqət yetirməliyik: “2018-ci ildə Ermənistanın Baş naziri olanda mətbuat konfranslarının birində Ermənistan və Azərbaycandakı sosial şəbəkə istifadəçilərindən bu platformadan nifrət qızışdırmaq üçün istifadə etməmələrini, bir-birilə danışmağa və bir-birinin mövqeyini başa düşməyə çalışmalarını xahiş etdim. Ancaq mənim təşəbbüsüm uğursuz oldu. Biz müsbət gələcəyə, ümumi regionumuzun gələcəyinə diqqət yetirməliyik. Ermənistan, Gürcüstan və Azərbaycanın çox güclü mədəni oxşarlıqları var. Və bu bir faktdır. Müsbət cəhətlərə diqqət yetirməliyik. Ola bilsin ki, Ermənistan regional kommunikasiyaların açılmasında daha maraqlıdır və buna görə də Azərbaycan onu ən yüksək qiymətə satmağa çalışır. Biz sülh və əməkdaşlıq üçün müsbət imkanlara diqqət yetirməliyik. Sülh gündəmi mənim məsuliyyətimdir. Mən Azərbaycan ictimaiyyətindən də müəyyən dəstək almaq istərdim”.
Maraqlıdır, Paşinyan Azərbaycan cəmiyyətindən hansı dəstək istəyir?
“Paşinyanın bu gedişində məqsəd əslində danışıqlara hər iki tərəfdən "xalq diplomatiyasının təmsilçilərini" dəvət etməkdir”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bir sıra məqamlara toxundu: “Cənubi Qafqaz regionunun gələcəyi ilk növbədə region dövlətlərinin təhlukəsizliyinə ciddi təhdid olan regional münaqişələrin həllini, onların doğurmuş olduğu sosial, iqtisadi, humanitar xarakterli problemlərin həllini ehtiva edir. Hələlik geosiyasi faktorlar, ərazi iddiaları zəminində başlanmış münaqişələr regionun sabitlik və tərəqqisində əyləc mexanizmi rolunda çıxış edirlər. Bu amilləri tam olaraq aradan qaldırmadan region dövlətlərinin müstəqil siyasətinin həyata keçirilməsini təmin etmək problemli məsələdir. Regional münaqişələrin həlli ətrafında müzakirələr hələlik region dövlətlərinin siyasi isteblişmentləri, habelə onların iş birliyində olduqları, əməkdaşlıq etdikləri bəlli geosiyasi güc mərkəzlərinin iştirakı və təmsilçiliyi ilə aparılır. Hələlik vətəndaş cəmiyyəti institutlarının regional münaqişələrin həlli məqsədilə aparılan danışıqlarda təmsilçiliyi zəif və məhduddur. Bu isə anlaşılandır. Region dövlətlərində vətəndaş cəmiyyəti institutlarının ictimai rəyə təsir imkanları köhnə dünya ilə müqayisədə hələlik nisbətən zəif və məhduddur. Bu ölkələrdə bələdiyyələrin idarəedicilikdə oynadığı rola baxmaqla bunu yəqin etmək mümkündür. Media və KİV-lərin də ictimai-siyasi proseslərə təsir imkanları inkişaf etmiş Qərb demokratiyası ilə müqayisədə arzuolunan qədər deyil. Belə olan halda Ermənistan baş nazirinin Azərbaycan ictimaiyyətinə ünvanlanmış müraciəti suallar doğurmaya bilmir. Paşinyan bilməmiş deyil ki, onun iqtidarı ilə danışıqları rəsmi Bakı aparır. Bu hakimiyyətin legitim və mandat hüququ olması da geosiyasi güc mərkəzləri tərəfindən qəbul olunur. İndiyədək hər iki tərəfdə vətəndaş cəmiyyətlərinin təmsilçilərini danışıqlara cəlb etmək səyləri bəlli amillərə görə səmərə verməyib. Məsələn, “xalq diplomatiyası” rəsmi diplomatiya ilə müqayisədə müvafiq rəsmi qurumlar tərəfindən dəstək almadığına görə "dişsiz" qalıb. Belə olan təqdirdə Paşinyanın bu gedişində məqsəd əslində münaqişənin həlli ilə bağlı danışıqlara hər iki tərəfdən "xalq diplomatiyasının təmsilçilərini" dəvət etməkdir. Əlbəttə, bu, perspektivdə yarana biləcək problemlərə görə məsuliyyəti onlarla böluşdurməkdən də ibarət ola bilər. Digər tərəfdən, bu təkliflərin reallaşması danışıqların formatına təsirsiz ötüşməyəcək. Əlbəttə vaxt aparacaq, amma bu vaxt Paşinyana seytnot vəziyyətinə düşməmək üçün əhəmiyyətli faktordur. Geosiyasi güc mərkəzləri arasında Ukraynada getdikcə güclənməkdə olan qarşıdurma perspektivdə Cənubi Qafqaza da təsirsiz ötüşməyəcək. Bu təsirin perspektiv reallıqları barədə Paşinyanın tam təsəvvürlərinin olmaması onu belə mücərrəd xarakterli açıqlamalarla çıxış etməyə sövq edir”.
Vidadi ORDAHALLI