Ermənistan Xarici İşlər Nazirliyi Qarabağda baş verən gərginliklə bağlı özünəməxsus tərzdə bəyanat verib. Onlar Azərbaycanın bütün iddialarını rədd edir və bildirirlər ki, güya bizim əsgərlər onların “vəzifəsini” icra edən “polislərinə” silahlı hücum edib.
Sitat: “Yayılan kadrlardan aydın olur ki, Azərbaycanın təxribat qrupu rəsmi yolla gedən “Dağlıq Qarabağ Daxili İşlər Nazirliyinin” dörd əməkdaşının olduğu UAZ-a hücum edib. Onların üzərində sənədləri və xidməti silahlardan başqa heç nə olmayıb”.
Çox maraqlıdır, Ermənistan XİN hansı polisləri nəzərdə tutur? Qarabağda hər əlində silah gəzdirən adama polis demək olmaz. Azərbaycan ərazisində polis xidmətini yalnız Azərbaycan DİN həyata keçirir. Ordumuzun zərərsizləşdirdiyi ermənilərin terrorçudan başqa adı ola bilməz.
Hərbi-siyasi ekspert Emin Həsənli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Rusiya prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Paşinyan arasında imzalanan 10 noyabr Bəyanatı bu suala tam cavab verir: “Ermənistan xarici işlər naziri bunu niyə demir? Bu Bəyanatda deyilirdi ki, rus sülhməramlıları bölgəyə gələn andan Qarabağdan separatçılar çıxıb getməli idi. Ermənistan özü Qarabağı torpaqlar işğal altında olan zaman nə tanıyıb, nə də özünə birləşdirib. Sual olunur: orda olan polis dəstəsi kimindir? Ermənistan Respublikasına, yoxsa dırnaqarası separatçı rejimə aiddir? Bu polis hansı fəaliyyəti həyata keçirir? Ermənistan ərazisində Rusiyanın ordusunun olmasını başa düşdük. Hansı dövlətdə başqa bir dövlətin polisi fəaliyyət göstərir? Bu necə ola bilər? Azərbaycanın ərazisində, dünyanın tanıdığı ərazidə bu olmamalıdır. Həmçinin, Ermənistan bəyanat verir ki, biz Azərbaycanın ərazi bütövlüyünü tanıyırıq və danışıqlar o istiqamətdə gedir. Orda polis qüvvələrinin fəaliyyət göstərmə səbəbi hələ də bizə məlum deyil. Ümumiyyətlə, rus sülhməramlıları da buna imkan verməməlidir. İndi də separatçıların dırnaqarası “ordusu” polis qiyafəsində fəaliyyət göstərir. Əgər xatırlayırsızsa, Ağdərədən keçib Kəlbəcərə gedən maşınlarda rus sülhməramlıların yanında həmin dırnaqarası “polislər” var idi. Bu “polislər” Ermənistandan Qarabağa silah daşısalar da, bir şeyi unudurlar ki, 1988-ci ildə bu proses başlayanda Azərbaycan müstəqil dövlət deyildi. İndi isə qüdrətli Azərbaycan dövləti, onun ordusu var. Heç vaxt imkan verməz ki, orda təxribatlar həyata keçirilsin. Ermənistan, onun arxasında duran güclər bunu başa düşməlidir. 30 il onlar Amerikaya, Fransaya, Rusiyaya, ATƏT-in həmsədr dövlətlərinə arxayın oldular ki, orda işğalı rəsmiləşdirəcəklər. Amma edə bilmədilər. İndi də Fransaya, orda olan sülhməramlılara və Cənub qonşumuz İrana arxayın olub, öz mövcudluqlarını davam etdirə bilməyəcəklər. Bu məsələ bitməlidir. Ya orda yaşayanlar Azərbaycan vətəndaşlığını qəbul edəcək, Azərbaycan qanunlarına tabe olacaq, ya da əks təqdirdə Azərbaycan məhkəmələri qarşısında cavab verəcəklər. Həmçinin 91 - ci ilə qədər yaşayan şəxslər, onların ailə üzvləri, Azərbaycan dövlətinə qarşı cinayət əməli törətməyən, separatçılıq fəaliyyətində olmayan, əsirlərə işgəncə verməyən, qanunsuz silahlı dəstələrdə olmayan şəxslər də qalıb yaşaya bilərlər. Və yaxud onlar Ermənistanda yaşamaq istəyirlərsə, çıxıb getsinlər, orda da yaşasınlar. Ermənistanın 2 milyonluq əhalisi üçün Ermənistan Respublikası həddindən artıq böyükdür. Biz əgər 1920-ci il xəritələrinə qayıtsaq, Zəngəzur da, Göyçə də Azərbaycan ərazisidir. Bu məsələ tamamlanmasa Azərbaycan həmin xaritələrə qayıtmalı olacaq”.
Məhəmmədəli QƏRİBLİ