Məlum olduğu kimi, Azərbaycanın Qarabağ iqtisadi rayonuna aid ərazidə ermənilər növbəti təxribat törədib. Onlar Xankəndi-Xəlfəli-Turşsu torpaq yolundan istifadə edilməklə Ermənistan Respublikasından hərbi ləvazimatların, silah-sursatın və şəxsi heyətin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərinə daşınmasını həyata keçirməyə cəhd ediblər.
Daxil olmuş məlumatın yoxlanması məqsədilə qanunsuz hərbi daşınmalar həyata keçirən nəqliyyat vasitələri Azərbaycan Ordusunun bölmələri tərəfindən saxlanılaraq yoxlanılmasına cəhd göstərilib. Qarşı tərəfdən atəş açılıb və baş vermiş atışma nəticəsində 3 terrorçu zərərsizləşdirilib, ordumuz da şəhid verib.
Maraqlıdır ki, Ermənistan mediası öz rəsmi qurumlarına istinadən ağ yalan tirajlayır və iddia edir ki, güya Azərbaycan tərəfi “polislərin” olduğu mikroavtobusa yaxınlaşıb, qapını açaraq onlara atəş açıb. Bunu iddia edən media qurumları əllərində faktı sübut edən videomateriallın olduğunu desələr də, nədənsə, həmin videofaktı ortaya qoya bilmirlər.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, baş vermiş insident bir daha Azərbaycan tərəfindən Laçın-Xankəndi yolunun üzərində müvafiq nəzarət-keçid məntəqəsinin yaradılmasının zəruri olduğunu göstərir: “Ermənistanın yenə də Azərbaycanın Qarabağ iqtisadi rayonuna hərbi daşınmaları həyata keçirməsi faktı bu ölkənin Azərbaycana qarşı davam edən təcavüzü və terror siyasətidir.
Törədilmiş təxribata görə bütün məsuliyyət Ermənistan hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. Öz xidməti tapşırıqlarını icra edən hərbçilərimizə qarşı erməni tərəfinin atəş açması və nəticədə ordumuzun iki hərbçisinin şəhid olması Ermənistanın bu gün də öz təxribatçılıq əməllərindən, məkrli niyyətlərindən əl çəkmədiyini göstərir. Bu fakt həm də onu sübut edir ki, Azərbaycan ərazilərindən erməni silahlı dəstələrinin çıxarılması son dərəcə vacibdir. Bu təxribat sübut etdi ki, həqiqətən də Ermənistandan Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə - erməni separatçılarına silah-sursat, mina və digər hərbi ləvazimatlar daşınır. Yəni Ermənistan tərəfi 2020-ci ilin 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatın şərtlərini açıq şəkildə pozur. Bu isə Azərbaycan tərəfini adekvat, öz suveren ərazisində təhlükəsizliyin təmini üçün ciddi addımlar atmaq məcburiyyəti qarşısında qoyur. Təəssüf ki, Rusiya sülhməramlıları qanunsuz erməni silahlı birləşmələrinin Azərbaycan torpaqlarından çıxarılmasını təmin etmir. Rusiya sülhməramlıları üzərilərinə götürdükləri bu öhdəliyin yerinə yetirilməsi istiqamətində ciddi addımlar atmasa, erməni təxribatlarına qarşı sərt mövqe ortaya qoyulmalıdır. Bu baş verməsə, gərginlik daha da artacaq.
Təbiidir ki, Ermənistan tərəfi günahı öz üzərindən atmağa çalışdığı üçün belə dezinformasiyalar yayır. Orada hansı “polisdən” söhbət gedə bilər? Qarabağda hansı erməni əlinə silah alıb gəzirsə, onun bir adı var - terrorçu. Erməni tərəfi onlara müxtəlif adlar verib pərdələyə bilər. Onların mediası da bu təxribatlara haqq qazandırmağa çalışır ki, əsl mahiyyəti ört-basdır edə bilsin. Hətta özlərini aciz bir vəziyyətə də qoyurlar. Videonun anonsunu verirlər, ancaq ortaya heç nə çıxara bilmirlər. Bu, erməni təbliğatının rəzil gündə olmasını sübut edir. Boğulan adamın saman çöpünündən yapışmasına bənzəyir. Beynəlxalq ictimaiyyətə göstərmək istəyirlər ki, onların bizimlə bir yerdə yaşaya bilməsi qeyri-mümkündür. Bu cür bleflər keçərli deyil. Biz həmin yolda öz postlarımızı da quraşdıracağıq, lazım gəlsə, antiterror əməliyyatına da start verəcəyik”.
Məhəmmədəli QƏRİBLİ