Məlum olduğu kimi, martın 1-də Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə görüş keçirilib. Belə ki, millət vəkili, Qarabağ bölgəsində yaşayan erməni sakinlərlə təmaslar üzrə məsul şəxs Ramin Məmmədov Xocalı şəhərində Qarabağ bölgəsində yaşayan erməni sakinlərin təmsilçiləri ilə görüşüb.
Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət təbii sərvətlərin qanunsuz istismarını araşdıran monitorinq qrupunun rəhbəri Məsim Məmmədov da iştirak edib.
Qəribədir ki, o vaxtdan BBC, “Azadlıq Radiosu”, “Amerikanın Səsi” davamlı bu görüşü qaralayır. Davamlı olaraq qeyd edirlər ki, Qarabağın erməni icması ilə görüşdə “reinteqrasiya müzakirə olunmayıb” və bunu manşetə çıxarırlar. Onsuz da münasibərlər həssasdır və proses çətin gedir. O zaman davamlı olaraq belə təqdimatlarda məqsəd nədir?
“... onların istəyi odur ki, bu problem daim mövcud olsun və bundan hakimiyyətə qarşı istifadə etsinlər”
Məsələyə münasibət bildirən media eksperti Yadigar Məmmədlinin fikrincə, bütün bunlar təsadüfi deyil: “Əvvəla bu, qlobal medianın mövqeyi deyil. Bu, qlobal medianı yönəldən beynəlxalq güclərin mövqeyidir. Çünki onlar Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalannmasını qətiyyən istəmirlər. O üzdən, imkan düşdükcə buna mane olmağa çalışırlar. Bununla bağlı çoxsaylı misallar var. Əvvəllər deyirdilər ki, birinci Azərbaycanla Ermənistan arasında sərhədlər açılmalıdır, ondan sonra digər məsələlər həll edilməlidir. İşğaldan əvvəl deyirdilər ki, separatçılarla təmaslar qurulmalıdır. Guya ondan sonra məsələlər öz həllini tapmalıdır. Ancaq 30 il aparılan danışıqlar öz nəticəsini vermədi. Azərbaycan müharibə yolu ilə ərazi bütövlüyünü təmin etdi. İndi rəsmi Bakı Qarabağda yaşayan ermənilərlə ilkin təmaslar qurub. Ancaq biz görürük ki, qlobal media bunu da qısqanclıqla qarşılayır. Açıq şəkildə buna qarşı kampaniya aparırlar ki, belə təmaslar reyinteqrasiya deyil. Aydın məsələdir ki, ilk təmaslala bütün problemlər həll olunan deyil. Qlobal medianı idarə edənlər Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyasını istəmir. Çünki onların istəyi odur ki, bu problem daim mövcud olsun və bundan Azərbaycan hakimiyyətinə qarşı istifadə etsinlər. Ancaq nə cür təqdim etsələr də öz istəklərinə nail ola bilməyəcəklər. Ona görə ki, Azərbaycan hakimiyyətinin mövqeyi qətidir. Zaman ölkəmizin xeyrinə işləyir və bunu erməniləri himayə edənlər də çox yaxşı bilir. Çünki 44 günlük Vətən müharibəsindən sonra tamamilə yeni reallıqlar yaranıb və bunu nə Ermənistan, nə də onları himayə edən dövlətlər dəyişə biləcək. Azərbaycan Ermənistanı məcbur edəcək ki, sülh sazişini imzalasın. Başqa cür mümkün görünmür. O baxımdan hesab edirəm ki, xarici media vasitələrinin pozuculuq fəaliyyəti nəyisə dəyişə bilməyəcək”.
Vidadi ORDAHALLI