Hələ 5 gün əvvəl erməni separatçıların Qarabağ bölgəsində sülhməramlıların mövqelərinin yanında hərbi istehkamlar tikdikləri barədə məlumat yayılmışdı. Bu məlumat ilk növbədə sülhməramlılara bir mesaj idi ki, bölgədəki qanunsuz erməni silahlılarını tərksilah etmək sizin vəzifəniz olduğu halda, onu icra etməməyiniz bir yana, üstəlik hərbi mövqe tikintisinə də göz yumursunuz.
Sülhməramlılar hər hansı reaksiyanı verdilərmi?
Bunu “Bakı-Xəbər” Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır:
“Reaksiya versəydilər, Laçın yoluna alternativ torpaq yolla Xankəndinə silah-sursat daşınmaz və törədilmiş təxribatda hərbçilərimiz həlak olmazdı...
Ermənistan məlumat yayır ki, "təxribatı Azərbaycan törədib, "Arsax Daxili İşlər Nazirliyinin"(?) polis qüvvələrinə hücum edib və polislərin xidməti silahdan başqa heç bir silahları olmayıb".
Ermənistan dövlət orqanlarının bu məlumatı da sülhməramlılara aydın nümayişdir ki, Qarabağda qanunsuz silahlılar var. Məgər "Arsax" ayrıca dövlətdir ki, onun polisi, DİN-i, prokurorluğu və sair olsun? Qondarma dövlət qurumunun polisi adı altında silah gəzdirənlər 10 noyabr sənədində tərksilah olunması nəzərdə tutulmuş elə həmin qanunsuz silahlıların özləri deyilmi?! Rus hərbçiləri ilə yanaşı separatçıların qondarma dövlət qurumları nə vaxta kimi mövcud olacaqlar? Rusiyanın məqsədi nədir, niyə Qarabağda hakimiyyəti separatçıların qondarma dövlət qurumları ilə paylaşır? Qondarma "Arsax" adı altında özünü təqdim edən qurumları dərhal niyə qadağan etmir?
Məgər biz 10 noyabr sənədini "həmin ərazilərdə ruslarla separatçı qüvvələr çiyin-çiyinə işləsinlər" deyə imzaladıq? Xeyr!... Ona görə imzaladıq ki, ərazidəki bütün qondarma dövlət qurumları ləğv edilərək idarəçilik və mühafizə səlahiyyətləri 5 illik keçid dövrü üçün rus sülhməramlılarına verilsin və bu müddətdə erməni sakinlərin hüquq və təhlükəsizliyinə xalis Azərbaycanın öz təminat mexanizmi yaradılaraq ruslar yola salınsın... Ancaq indi elə bir vəziyyət yaradılıb ki, ruslar qaldıqca qondarma dövlət qurumları da qalacaq, qondarma dövlət qurumları var olduqca rus hərbçilər də olacaq. Bu nə vaxta kimi davam edəcək?... Həlak olan dinc və hərbçi vətəndaşlarımıza görə, məsuliyyət Rusiya hərbi siyasi rəhbərliyinin üzərindədir. Nə qədər ki, rus kontingenti Qarabağdakı qondarma dövlət orqanlarını qadağan və ləğv etməyib, belə təxribatları hələ çox yaşayacağıq”.
Tahir TAĞIYEV