Ermənistanın baş naziri Nikol Paşinyan Almaniya Xarici Əlaqələr Şurasında (DGAP) "Cənubi Qafqazda təhlükəsizlik və sabitlik. Ermənistanın perspektivləri" mövzusunda müzakirələr zamanı bir sıra maraq doğuran açıqlamalarla çıxış edib. Baş nazir ənənəsinə sadiq qalaraq yenə də tarixi saxtalaşdırmağa çalışaraq geniş auditoriya qarşısında yalanlar danışıb.
Paşinyan Azərbaycanın əzəli torpaqları hesab olunan Qərbi Azərbaycan torpaqlarından, soydaşlarımızın öz yurdlarına qayıtmasından danışıb:
“Bilirsiniz bu nə deməkdir? Bu o deməkdir ki, Ermənistanın suveren ərazisi yoxdur, Ermənistanın bütün ərazisi "Qərbi Azərbaycan"dır, eyni zamanda sülh istəyirik deyirik və s. Bu, çox qəribə vəziyyətdir, münasibətlərimizin əsas problemi budur".
Göründüyü kimi, Paşinyan soydaşlarımızın öz ata-baba yurdlarına köçürülməsini Ermənistanın suverenliyinə təhdid kimi qəbul edir.
Qərbi Azərbaycan İcmasının mövzu ilə bağlı açıqlamasında bildirilib: “Ermənistanın baş naziri Nikol Paşinyan Alman Xarici Əlaqələr Şurasında (DGAP) çıxışında Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmasına şəraitin yaradılması barədə çağırışları Ermənistanın ərazi bütövlüyü və suverenliyinə təsir edən bir hal kimi qələmə verməyə cəhd edib. Biz baş nazirə xatırlatmaq istərdik ki, etnik təmizləmə insanlıq əleyhinə cinayətdir və Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmaları təməl insan haqlarıdır".
Qeyd olunub ki, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə geri qayıtmasına şərait yaratmaq Ermənistanın BMT-nin Nizamnaməsi, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Avropa İnsan Hüquqları Konvensiyası, Mülki və Siyasi Hüquqlar üzrə Beynəlxalq Pakt və digər mühüm beynəlxalq sənədlərdən irəli gələn öhdəliyidir.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə bildirdi ki, kimin nə deməsindən asılı olmayaraq, bizim öz ata-baba yurdlarımıza qayıtmaq hüququmuz var: “Belə bir hüququ bizə həm də beynəlxalq qanunvericilik tanıyır. Yadınızdadırsa, Ahıska türkləri ilə bağlı belə bir qərar qəbul edildi və Gürcüstan hakimiyyəti bunu təmin etdi.
Ölkəmizdə bəzi vətəndaşlarımız Qərbi Azərbaycanda doğulub, lakin onların şəxsiyyət vəsiqələrinə “Ermənistan SSR” və ya Ermənistan Respublikası yazılır. Hesab edirəm ki, bu sahədə dəyişikliklərə ehtiyac var. Təbii ki, SSRİ vaxtında buna imkan verilməzdi, amma müstəqillik dövründə bu məsələni həyata keçirə bilərik. Bu məsələ, çox ciddi məsələdir. Ermənilər orada yer adlarımızı dəyişdiriblər, biz də burada bununla razılaşırıq və şəxsiyyət vəsiqəmizə Ermənistan Respublikası yazırıq. Ulu Öndər tərəfindən qəbul olunmuş konstitusiyamız bizə əsas verir ki, mənim doğulduğum və ya bir başqasının doğulduğu yer olduğu kimi yazılmalıdır. Tutaq ki, doğulduğumuz yer Zəngəzur mahalıdırsa, oranın adı qeyd olunmalıdır. Nə üçün Ermənistan Respublikası kimi qeyd olunur? Ora əvvəllər Ermənistan SSRİ sayılıb. Mənim öz şəxsiyyət vəsiqəmdə olduğu kimi yazdırmaq hüququm var. Beynəlxalq hüquqa görə, biz özümüzü Xalq Cümhuriyyətinin varisi elan ediriksə, Xalq Cümhuriyyətinin 114 min kvadrat kilometr ərazisi bizə miras qalıb, bizim buna tam haqqımız var. Bundan irəli gələrək, azərbaycanlılar öz hüquqlarını bərpa etməlidirlər. Konstitusiya aktının birinci maddəsində Azərbaycan öz müstəqilliyini bərpa edib. Digər maddədə SSRİ imzalandığı andan hüquqi əsasını itirir. Nə deməkdir, bu? Yəni, 1922-ci ilin 30 dekabrından – 1991-ci ilin 31 avqust və Konstitusiya aktı qəbul olunana qədər SSRİ adından qəbul olunmuş qərarlar hüquqi əsasını itirir. Hüquqi əsasını itirirsə, onda bizim hüququmuz yaranır. Ermənistan SSRİ yazılırsa, hüquqi əsasını itirir, yəni gerçək və müstəqil adını yazmalıyıq”.
Rauf Zeyninin sözlərinə görə, biz mütləq öz ata-baba yurdlarımıza qayıdacağıq və Ermənistan bunu təmin etməyə borcludur.
Məhəmmədəli QƏRİBLİ