“BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik”. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.
Ölkə başçısı üzv ölkələri Yüksək Səviyyəli Panelə dəstək olmağa çağırdı: “Pandemiya “2030: Davamlı İnkişaf Məqsədləri”nin icra olunmasına mənfi təsir edib. Bundan əlavə, hədəflərə çatmaqda geriləmənin qarşısını almaq və 2030-cu il gündəliyinin icrasına vaxtında nail olmaq üçün qlobal səylər gücləndirilməlidir. Bu məqsədlə biz BMT-nin COVID-19-dan sonra Qlobal Bərpa üzrə Yüksək Səviyyəli Panelinin yaradılmasını təklif etmişik. Bu panel post-pandemiya dövrü üçün qlobal tədbirlərə dair tövsiyələr hazırlaya bilər. Mən Qoşulmama Hərəkatına üzv olan ölkələri bu təşəbbüsü dəstəkləməyə çağırıram”.
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Fuad İbrahimov “Bakı-Xəbər”ə bildirdi ki, bu, çox aktual məsələdir: “Çünki Qoşulmama Hərəkatında təmsil olunan ölkələrin coğrafi yerləşməsinə baxsaq görərik ki, onların potensialı müxtəlifdir. Bu ölkələr müxtəlif dünya ölkələrini bir-biri ilə birləşdirir. Necə deyərlər, körpü rolunda çıxış edirlər. QH ölkələri intensivliyini artırmasa, regional iqtisadi aktivliyə siyasi nöqteyi-nəzərdən dəstəyə qoşulmasalar, bu, ümumi inkişafa töhvə verməz. Ona görə ki, dünyanın iqtisadi tarazılığının pozulması prosesi gedir. Həqiqətən də pandemiya dünya iqtisadiyyatına böyük ziyan vurdu. 20-ci əsrdə baş verən 2 müharibə, 1929-1933-cü illərdəki iqtisadi böhran dünya iqtisadiyyatına bu qədər ziyan vura bilmədi. 2020-ci ildə başlayan qlobal pandemiya nəticəsində zəncirvari toxumalar hamısı pozuldu. Dünya tarixində bu qədər işsiz ordu yaranmamışdı. Hətta bəzi nüfuzlu analitik təşkilatlar belə qənaətə gəldilər ki, pandemiya strukturlu şəkildə işsizlik ordusu yaratdı. Bu işsizliyi aradan qaldırmaq üçün ən azından 10 il vaxt lazımdır. Bu nöqteyi-nəzərdən Prezident İlham Əliyevin təklifləri reallığa söykənir. Post-pandemiya dövrü üçün qlobal tədbirlər gücləndirilməlidir. Bütün üzv ölkələr səylərini birləşdirməklə vahid mövqedən çıxış etməlidirlər. Yalnız o halda “2030: Davamlı İnkişaf Məqsədləri”nin reallaşdırılması mümkün olacaq. QH üzvləri arasında iqtisadi platformalar çərçivəsində əməkdaşlıq genişlənməlidir. Nə qədər əməkdaşlıq artarsa, bu, bir o qədər pandemiyanın yaratdığı iqtisadi fəsadların tez aradan qaldırılmasına öz töhvəsini verəcək. Ona görə də, QH ölkələri səylərini maksimum birləşdirməlidirlər. Bu kimi məsələlərə daha ciddi yanaşmalıdırlar”.
Vidadi ORDAHALLI