“2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi”. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.
Ölkə başçısının fikrincə, BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi ki, Təhlükəsizlik Şurasının qərarlarını özümüz təmin etdik: “BMT Təhlükəsizlik Şurası bu gün səmərəli deyil. Məsələn, Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə günün içində icra olunub. Lakin Azərbaycana gəldikdə isə, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən dərhal və qeyd-şərtsiz çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə 30 ilə yaxın bir müddətdə məhəl qoyulmamışdır. 2020-ci ildə Azərbaycan ərazi bütövlüyünü və tarixi ədaləti hərbi-siyasi yolla bərpa etdi və Təhlükəsizlik Şurası qətnamələrinin icrasını özü təmin etdi. Yəqin ki, bu hadisə BMT-nin əsası qoyulandan bəri dünyada ilk dəfə idi baş verirdi”.
“Qəbul olunan 4 qətnamə ilə bağlı Ermənistana nəinki hərbi, heç siyasi təzyiq belə edilmədi”
Məsələyə münasibət bildirən hərbi ekspert İbrahim Rüstəmlinin fikrincə, həqiqətən də Azərbaycan BMT tarixində bir ilkə imza atdı: “Bu baxımdan Prezident İlham Əliyevin dəyərləndirməsi tamamilə reallığı özündə ehtiva edir. Bəzən elə olur ki, BMT qərarları çox qısa müddətdə icra olunur. Bununla bağlı Təhlükəsizlik Şurasının daimi üzvləri vahid mövqe ortaya qoyur. Məsələn, 1990-cı ilin avqustunda İraq qısa müddətdə Küveyti işğal etdi. O vaxt İraqın prezidenti Səddam Hüseyn idi. BMT qərar qəbul edib Səddama xəbərdarlıq etsə də, o buna məhəl qoymadı. Ancaq bunun nəticəsi çox ağır oldu. 1991-ci ilin fevralında ABŞ başda olmaqla çoxmillətli koalisiya qüvvələri hücuma keçərək qısa müddətdə Küveyti azd etdilər. İraq 13 il ağır sanksiyalara məruz qaldı və 2003-cü ildə Səddam devriləndən sonra sanksiyalar ləğv edildi. Bütün hallarda, bunun İraq üçün nəticələri faciəli oldu. Ancaq həmin BMT Təhlükəsizlik Şurası 1993-cü ildə işğal olunmuş Azərbaycan əraziləri ilə bağlı 4 qətnamə qəbul etsə də, bu, 27 il kağız üzərində qaldı. Bununla bağlı Ermənistana nəinki hərbi təzyiq, heç siyasi təzyiq belə edilmədi. Təcavüzü görməzdən gəldilər. Hələ bu azmış kimi, bağlı qapılar arxasında bizi hədələdilər. Yəni Azərbaycan ərazilərini güc yolu ilə azad etməyə cəhd etsə, əlavə ərazilər itirəcək. Hətta bizi ermənilərlə birlikdə Gəncə ilə təhdid edirdilər. Guya Gəncəni işğal edəcəklər. Ancaq biz səbrlə torpaqlarımızın azad olunmasına hazırlaşdıq. Nəhayət 27 sentyabr 2020-ci ildə Ali Baş Komandanın rəhbərliyi ilə şanlı ordumuz ərazilərimizi işğaldan azad edilməsi əməliyyatına başladı. 44 günlük müharibədə ordumuz canı-qanı bahasına BMT qətnamələrinin icrasını təmin etdi. Bəli, bu, dünyada bir ilk idi və 1945-ci ildə BMT yaradılandan bəri belə hal baş verməmişdi. Azərbaycan bununla dünyada tarix yazmış oldu”.
Vidadi ORDAHALLI