“Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir”. Bunu Prezident İlham Əliyev Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə çıxışında bildirib.
Ölkə başçısının sözlərinə görə, beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir: “Son bir neçə onillikdə mövcud olan beynəlxalq təhlükəsizlik arxitekturası hazırda köklü dəyişikliklərlə üzləşir və multilateralizm təhlükə altındadır. Beynəlxalq hüququn norma və prinsiplərinin aşınması beynəlxalq düzəni daha da təhdid edir. Suverenliyin və ərazi bütövlüyünün pozulması, dövlətlərin daxili işlərinə müdaxilə halları daha çox müşahidə olunmaqdadır. Aparıcı beynəlxalq təşkilatların qərarları ya icra olunmur, ya da selektiv yanaşma və ikili standartlar tətbiq edilir”.
Belə vəziyyatin yaranması dünyada təhlükəsizliyin qorunmasını nə dərəcədə ciddi təhdid altında saxlayır?
“Ötən əsrin sonlarından BMT konkret məsələlərə dair qərar qəbul etsə də, onun həyata keçirilmə mexanizmi müəyyənləşmir”
Məsələyə münasibət bildirən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli hesab edir ki, beynəlxalq aləmdə effektiv mexanizmin olmaması təhlükəli tendensiyadır: “Beynəlxalq aləmdə dünyada təhlükəsizliyin qorunmasının effektiv mexanizmi yoxdur. BMT bir mexanizm kimi yaradılmışdı və uzun müddət fəaliyyət göstərə bildi. Ancaq ötən əsrin sonlarından BMT konkret məsələlərə dair qərar qəbul etsə də, onun həyata keçirilmə mexanizmi müəyyənləşmir. Sadəcə onu demək kifayətdir ki, BMT 1993-cü ildə Qarabağın işğalı ilə bağlı 4 qətnamə qəbul etdi. Ancaq onların heç biri icra olunmayıb. Yəni elə bir mexanizm olmayıb ki, qərarların icrasını təmin edə bilsin. Azərbaycan öz gücü hesabına və Türkiyənin siyasi dəstəyi ilə ərazilərini işğaldan azad etdi. Reallıq odur ki, BMT kimi bir qurumun mexanizmləri işləmir. Ona görə də beynəlxalq mexanizmlərin yenilənməsi və təkmilləşdirilməsi məsələsi gündəmə gəlir. Azərbaycan da bununla bağlı haqlı olaraq təkliflərlə çıxış edir, effektiv mexanizmin yaradılması təşəbbüsü ilə çıxış edir. Bu da BMT-də aparılacaq ciddi islahatlardan keçir. Yoxsa Təhlükəsizlik Şurasının 5 daimi üzvünə dayanaraq effektiv mexanizm yaratmaq mümkün deyil. Ona görə ki, orada təmsil olunan bəzi dövlətlər beynəlxalq hüququ pozur. Məsələn, Fransa vaxtilə genosidlə məşğul olub. Müstəmləkə keçmişinə malik olan bu dövlət bir vaxtlar Afrikada genosidlə məşğul olub. Belə bir keçmişə malik dövlət ədalətli beynəlxalq mexanizmin yaranmasına töhfə verərmi? Əlbəttə ki, yox. Təhlükəsizlik Şurasında təmsil olunan Rusiya kimi təcavüzkar dövlətlə bu problemləri həll etmək mümkün deyil. Ona görə də bu məsələlər həll edilməli və daha sonra effektiv mexanizm yaradılmalıdır. Effektiv beynəlxalq təhlükəsizlik mexanizmi yaradılmasa, dünya çox sərt qarşıdurmalara meydan ola bilər”.
Vidadi ORDAHALLI